Əbədilik missiyası



Turan Uğur
AYB-nin üzvü, yazıçı

(Unudulmaz insan, şair, Ali Sovetin deputatı, ictimai xadim Cavid Salman oğlu Axundovun işıqlı xatirəsinə ithafən)

25 yanvar 2000-ci il...Ayrılığın son duracağı...Zamanın idbar sifəti ilə üzümüzə bozardığı, diş qıcadığı, adidən adi bir qış günü Cavid Axundov kimi insanın elegiyasını əlacsız, naçar, candərdi şəkildə oxuyurdu.Yasamal rayonu, Məmməd Rahim küçəsi -20 ünvanının siyaha büründüyü, qara rəngə boyandığı məlum tarixçə hər kəsə məyusluq libası geydirmişdi.Həmin günlər qəzet səhifələrini “zəbt edən” Cavid Axundovun vəfatına üzülən dostların, qohumların bədbin yazıları ard-arda sıralanmaqda davam edirdi.İctimai xadim, vaxtilə bir sıra dövlət vəzifələrində bulunmuş Sadıq Murtuzayevin “Dostlarımız seyrəlir!” yazısındakı ilk sətirlərdəcə ürəyimizi sızladan kövrək cümlələrin 26 illik hüzn havası bu sayaq qoxumaqdadır.
Belə başlayırdı o sərt rüzgarların canyandıran, ürəkodlayan sətirləri:

-“Seyrəldikcə qəlbimizdə boşluq yaranır.İllərin dost sınağından, bütöv şəxsiyyət sınağından keçmiş adamlarımızı itirdikdə sarsıntılarımız bizi elə çulğalayır ki, xeyli vaxt özümüzə gələ bilmirik.Və bu itki qəfləti olanda ürəyimiz az qalır ki, yerindən oynasın.Cavid Salman oğlu Axundovun itkisi qarşısında mən belə bir ovqat keçirtdim.Onun məzarı üstündə söz demək lazım gəldikdə şair Məmməd Rahimin aşağıdakı misraları dilimə gəldi:

Yarat, sən köçəndə ellər söyləsin,
Dünyadan nə gözəl bir insan gedir!

40 ilə yaxın müddətdə Cavid əmi ilə dostluq eləmiş, hətta şeir kitablarını çıxartmaqda rol oynamış Sadıq Murtuzayevin – o nəhəng kişinin sarsıntılı hisslərini bu dəm yaxşı anlayıram. Cavid Salmanoğlunun həyatı haqqında öncələr yazdığım “Cavidanlıq qazanan Cavid Axundov” essesində müfəssəl məlumat verdiyim üçün bu dəfə yalnız ayrı-ayrı həyati məqamlara, ömür ştrixlərinə diqqət yetirməyə çalışacam.

Cavid müəllim türkçülük naminə, bütöv Azərbaycan eşqinə həmişə danışmışdı, həmişə yazmışdı.Hətta 1990-cı ildə Ali Sovetin deputatı seçildikdə 23 sentyabr 1990-cı il “Abşeron” səhifəsindəki müsahibə-reportajdan da oxuyuram.Xatırladım ki, həmin müsahibəni Cavid müəllimdən Abdul Haşım almışdı:

Cavid əminin fikirlərinə bir daha tanıqlıq edirik.Deputat seçilən əsnada aparılan bu müsahibəsində deyirdi:

-“Azərbaycan Demokratik Respublikasının ərazisi 119 min kvadratkilometr olmuşdur.İndi isə cəmi 86.5 min kvadratkilometrdir.Mən əvvəlki ərazimizin yenidən doğma xalqımıza qaytarılıb bərpa olunması tələbini irəli sürülməsi ilə tamamilə şərikəm və bu ideyanın həyata keçirilməsinə var qüvvəmi sərf edəcəyəm”

Cavid Axundov bu haqlı fikirlərini həmişə səsləndirib.O, təpədən-dırnağa milli insan idi.
Aşıq Alı sinəsindən, Dədə Ələsgər bağrından qopmuş, şeirlərini ozanlarımızın təsiri ilə yazmış insan necə olmalı idi ki?!

Jurnalistin “namizədlik platformanızda hansı məsələlərin həlli əsas yer tutur?” sualına Cavid müəllimin cavabı belə olur:

-“Azərbaycanın real suverenliyinə, iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasına nail olmaq”

Bu qəlb etirafları təkcə onun sözlərini, həyata baxışlarını deyil, həm də Cavid Axundovun xeyirxah əməllərini müzəyyən edirdi.Bəzəyirdi, özü də necə bəzəyirdi.Ölkəmizi azad, abad görmək uğrunda onun çabaları lap keçmişdən sərin əsintilərlə dəmadəm qarşımıza çıxır.Cavid müəllimin xeyirxahlığı, el-obaya yaxşılıqları bu gün də kölgəmizə dönüb bizi izləyir.Məxsusən, Xırdalan, Hökməli, Novxanı camaatından o qədər insanla rastlaşıram ki, hamısı eyni avazla, eyni ağızla deyir ki:
- “Cavid müəllim nə gözəl insan idi.Bizə ev-eşik düzəltdi, rəhbərlik etdiyi Xırdalan Quşçuluq fabirikində bizə iş verdi, əlimizi çörəyə çatdırdı”


Gerçəkdən də əli hər şeydən üzülmüş insanları çörəyə, ruziyə çatdırmaq Cavid Axundovun həyat kredosu idi.
Axı Respublika ilə bərabər nüfuzu vardı Cavid kişinin, adı ölkənin sərhədlərini aşırdı.Səbəbsiz deyildi: yüksək bacarığı, səriştəsi, təşkilatçılığı haqqında Sadıq Murtuzayevin başqa bir xatriəsini səhifələmək olar, olar nədir, bu saat labüddür, müstəhəb yox, vacibat hökmündədir:

Sadıq Murtuzayev:

-“Bir dəfə MK-nın 2-ci katibi Pyotr Matveyeviç Yelistratovla (1961-68-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi işləmişdi) fabirkdə olduq.Katib istehsatla tanış olub onunla söhbətdən sonra maşına əyləşdikdə üzünü mənə tutub “Bəs biz xeyli vaxtdır kənd təsərrüfatı naziri axtarırıq.Bəs niyə demirsən ki, bizdə belə bir kadr var.Onun şəxsi işini mənə çatdır”.

Mən sevinclə bunu Cavidə deyərkən o, məndən təkidlə xahiş etdi ki, Yelistratovu bu fikirdən yayındırım.Mən də çətinliklə buna nail oldum.Belə təkliflər çox olmuşdu.Cavid vəzifə, şöhrət düşkünü deyildi, lazımi şöhrəti elə işlədiyi kollektivdə qazanmış, bu sadə vəzifəsində 30-40 il daim rayon sovetinin, Ali Sovetin deputatı, raykomun üzvü, onun büro üzvü seçilmiş, xarici nümayəndəliklərdə təmsil olunmuşdu”

Sadıq müəllimin bu xatirələri yazdıqlarımı təsdiqləməklə birgə, həm də Cavid Salmanoğlu portretini göz önündə bulundurur.Necə zərif naxışlarla bəzənib o porterin cizgiləri, necə ilmə-ilmə toxunulub, naxış-naxış hörülüb, ilahi?! Həyatda da incə insan idi Cavid əmi, çox yeməklə arası yox idi, amma çay içməyi çox sevirdi.Zərif yumordan xali deyildi. Əsasən Həşim Qərvəndi və Böyükkişi Ağayevlə zarafat edərdi.Dostluq şarjları yazardılar bir-birilərinə.

Cavid müəllim dostcanlı idi.Özü üçün heç vaxt nəsə xahiş eləməzdi, amma dost sandığı insanlar üçün canını belə verərdi.Yenə Murtuzayevin xatirələri Cavid Axundov nəcibliyini gün işığına çıxarır:

-“Cavid dost qədri bilməkdə əvəzsiz keyfiyyətlərə malik idi.Bir epizod onun dostluğuna nümunə kimi yaddaşımda qalıb.Ağdamda işlədiyim zaman onun tələbəlik illərinin bir dostunu büronun qərarı ilə işdən çıxarmışdıq.Ertəsi gün səhər tezdən Cavid Ağdama gəlir və uzun illər ərzində məndən demək olar ki, heç bir təmənnası olmayan Cavid həmin dostunu yerinə qaytarmağı xahiş edir və mən də raykom katibi işlədiyim 30 ildən çox müddətdə ilk dəfə büronun qərarını bir gündən sonra dəyişməli oldum.Məni buna vadar edən ilk növbədə onun dost fədakarlığı idi”

Gerçəkdən də dostluqda möhkəm idi Cavid əmi.Ömür-gün yoldaşı Firəngiz anadan həmin şəxsin kim olduğunu öyrəndim: Dedi ki:
-“Famil idi adı, Ağdamlı idi.Yeniyetməlikdən bir qarın ac, bir qarın tox birgə böyümüşdülər.Çox sınaqlardan çıxmışdılar.Hətta Cavid müəllimin vəfatından 40 gün keçməmiş Familin də vəfat etməsi bizi çox həyati mətləblərdən hali edir.

Cavid müəllimin Qarabağımız işğal altında ikən yanğılı həsrətli şeirləri ilə yanaşı, Güney, Təbriz eşqində qovrulan poeziya nümunələri bəs qədərdir.

Hələ düşməndədir elim, obam da,
İntiqam alovu yanır sobamda.
Yeni pərvazlanan halal yuvamda,
Bir cüt tərlanım var, naxışlarım var.

Bir cüt tərlan deyəndə, oğlanları Kamil və Cəmili nəzərdə tutan şair digər övladlarını da canından artıq sevərdi.Qalibi, Salmanı, Nərgizi, Səadəti və sonbeşikləri Kamil və Cəmili.Uzun illərdir Almaniyada yaşayan Kamil də, İngiltərədə məskunlaşan Cəmil də Cavid Axundovun layiqli balalarıdır.Digər övladları Nərgizlə, Səadətlə də söhbətləşəndə sözümüz-sovumuz ancaq Cavid müəllimin həyatından olur.Memar Əcəminin şah əsəri Mömünə Xatun türbəsinin üzərində yazılan bu misralar necə də Cavid müəllimə yaraşır.
“Biz gedirik yalnız qalır ruzigar,
Biz ölürük əsər qalır yadigar”
Dörd şeir kitabı ilə yanaşı Cavid Axundovun əsərləri həm də onun övladları, nəvələridir. Nizaminin bu yaxınlarda keçirilən nişan mərasimi, nəvəsinin sevincli, şad-xürrəm dəqiqələri yəqin ki, Cavid əminin ruhuna agah olmamış deyil.

Görünür əbədilik missiyasının düsturu bu qədər sadədir: Yaddaşlarda qalan xeyirxah bir ömrü başa vursan, vəfaından sonra da adın, xatirələrin səni yaşadacaq.Adının haqqını verənlərin taleyinə bu mənada min “əhsən!” düşür.Ötən il 95 illik yubiley ilində də Cavid Axundov ruhuna yüzlərlə insan “dua qıldı”, ünvanına dəfələrlə “salavat çevrildi”.Yaxşı insanlar Cavid Salmanoğlunu xatırladı, haqqında esselər, oçerklər yazıldı, radioproqramlar hazırlandı.Ötən ilin yanvarında ”Mədəniyyət” kanalının efirində “Təqvim” rubrikasında yada salındı.Haqq-say itirməyənlər, qədirbilənlər bütün ilboyu Cavid müəllimi xoş xatirələrlə xatırladılar.
Necə sevinməyəsən bu təqdirəşayan mənzərələrə?!

Firəngiz xanımın bibisi oğlu, Seyid Mir Rəhim əmi də həmişə Cavid Axundovu xoş duyğularla anır.Mir Rəhim əmi mübarək insandır, Nardaranın seçkin nəsillərindən, Seyid övladlarından, Mir Alim kişinin oğlu kimi bizə ən əziz insanlardandır.Hər bayram mütləq şəkildə Mir Rəhim əmini yoluxmağa gedəndə söhbətimiz istər-istəməz hərlənir-fırlanır gəlir Cavid müəllimin üstünə.Cavid əmi Mir Rəhim əminin böyük qardaşı - rəhmətlik Mir Möhsün əmi ilə qədimdən dost olublar, hərçənd Mir Rəhim əminin xətrini daha çox istəyərdi.Mir Rəhim kişi də əla xatırlayır qəhrəmanımızı:

Mir Rəhim İsmayılov:

-“Cavid bütün nəslə arxa, dayaq oldu.Hər kəsə qarşı səxavətli idi.Hamıya əl tuturdu.
(Təbəssümlə xatırlayır. Mir Rəhim əminin bəmbəyaz saqqalından gül qoxuyur)
-Bir gün dedim ki, ay Cavid, səni ancaq bir kostyumda görürəm, bəyəm başqası yoxundu, direktor adamsan.Vare ay Rəhim, bir kostyumdan 5 dənədi, amma eyni rəngdədir, neynim fərqli-fərqli geyinmək olmur axı.


-Düz deyirdi Cavid, sovet vaxtı hər şeyə ilişirdilər ki, pulu hardan almısan.Mənim özümdə də vardı həmin kostyumdan, rəhmətlik Elmira almışdı Moskvadan mənim üçün.Dedim ay Elmira, bunu geyinə bilərəm mən, professorların içində işləyirəmeee, onlar maaşla ala bilmirdilər, deməzdilər ticarət adamı necə geyinir? Poltexnik İnstitutunun “stalovasını” işlədirdim axı.
Geyinə bilirdik bəyəm?

-İlişirdilər?

-Həri.

Firəngiz ananın xalası qızı Xuraman xanımla da bu mövzuda söhbətləşirik.

Xuraman Əhmədova:

“-14-15 yaşında atamı, az sonra da anamı itirdim.Cavid əmi mənə dayaq oldu, hamilik etdi.Gətirdi evinə, böyütdü, boya-başa çatdırdı.Turan, inanırsan, onun bu yaxşılığının əvəzini Allah ikiqat verdi.Mənim ad günümdə - 1978-ci ilin mart ayının 17-də Rəbbimiz Cavid əmiyə əkiz övlad bəxş elədi.Novruz bayramı ərəfəsində, mübarək günlər əsnasında Cavid əminin sevincinə sevinc çatmazdı”
Xuraman xanımın sözünə qüvvət, doğrudan da, qonşuları Roza xala sonralar Firəngiz xanıma danışarmış ki, Cavid oğlanlarının doğulduğunu eşidəndə az qalsın sevincdən uçsun, pilləkanları iki-iki düşürmüş.48 yaşında Allahın verdiyi bu övlad payları onun vaxtilə etdiyi yaxşılıqların qarşısına çıxması idi.Özü də Novruz günlərində, bayram bayrama qarışmışdı sanki.Novruz bayramı demişkən, qohum-əqrəba təklif elədi ki, uşaqların adlarını – birini Novruz, birini Bayram qoysunlar.Amma Cavid əmi adqoyma aktını Firəngiz anaya əmanət elədi.

Firəngiz xanım:
-“Baxdım uşaqların birinin üzünə, elə kamallı baxırdı mənə, Allah elə ağıllı gözləri vardı, mən də adını Kamil qoydum, o biri isə elə camallı görünürdü ki, ona da Cəmil adını verdim”
Gerçəkdən də adları ilə böyüdü uşaqlar.
Xuraman xanım sözlərinə davam eləyir:
-“Cavid əmi hamımızı evli-eşikli elədi. O vaxt ev almağa kimdə o qədər pul vardı ki?! Cavid əmi məni köçürtdü, toyumu elədi, həyat yoldaşım Mirzəağa ilə ev almağımıza kömək etdi.
Elə Firəngiz xanımın bacısı qızı Səbinə də təxminən eyni fikirləri bölüşür mənimlə.

Səbinə xanım Əsgərova:

-Ay Turan, çox atalıq edib bizə.Atam rəhmətə gedəndə 15 yaşım vardı.Ailəmizə dayaq oldu, məni köçürtdü, Moskvadan gedib mebeliməcən aldı.Deputat seçiləndə yeniyetmə qız idim, neçənci il idi yadımda deyil...

- 1990-cı il...
-Hə, yaxşı yadımdadır, Mərdəkandakı bağlarında idilər.Hamımız getdik onu təbrik elədik.Evin içi idik da demək olar ki...Cavid əmi olmasaydı indi biz bu səviyyədə olmazdıq, evində sərbəst idik, bizi sıxmırdı.

Hə, nə yadımda düşdü, Xalq Cəbhəsi gələndə onları bir sutka girov saxladılar.Nə vaxt idi?

-1992 –ci il, 14—15 may hadisələrini nəzərdə tutursuz?

-Həri, nələr keçirtdik onda.Mobil telefon filan yox, xəbər ala bilmirdik.Özü də şəkər xəstəliyi vardı Cavid əmini-bütün deputatları ac-susuz saxlamışdılar, yaman stress yaşadıq onda.
Əslində, belə stressli anları, keşməkeşli günləri az olmamışdı şairin.Həyat yaşantıları Cavid müəllimin ağ günlərini siyaha bürüdüyü, günlərini göy əskiyə düydüyü məqamları da yazmaq olar.Ancaq yazmıram, yazmıram ona görə ki, istənilən halda xeyirin enerjisi şərdən, yaxşının gücü pisdən əfzəldir, üstündür.
İşıqlı insanın 26-cı anım ilində Səbinə xanımla yenidən Cavid müəllimi anırıq:

-“Ümumiyyətlə, uşaqlığım xalagildə keçib.
Cavid əminin ikinci qızı Səadətlə daha yaxın idim.
Həm onunla təxminən eyni yaşdaydım, həm bir yerdə çox oynayardıq. 1988-ci ildə atam rəhmətə gedəndən sonra Cavid əminin ailəsinə lap qaynayıb-qarışdım.Biz sadə ailədə böyümüşük, ancaq Cavid müəllim bizə o yoxluğu hiss etdirmədi.Bizi tam himayə elədi.
Günlərin bir günü mənə elçi çıxdı. O vaxt 6- cı mikrorayonda yaşayırdıq, üçotaqlı amma otaqları dar mənzilimiz vardı.Cavid müəllim gəldi, elçilərlə görüşdü. Çox xoşuna gəldi, onları yola saldı, amma dedi “yox!”- ovaxtkı dönəmi danışıram haaa...1991-ci ildə Mərdəkanda mənə elə bir böyük nişan elədi ki, bəlkə heç kimdə elə bir nişan olmamışdı.Gələn qonaqlar da təəccübləndilər ki, “atası yoxdur bu qızın, ancaq necə təmtəraqlı nişanı oldu” deyə.
Bir də eşitdik ki, mənə Moskvadan mebel sifariş edib. Qatarı qarşılamağa qayınım getdi.Vallah elə nəfis, bahalı mebellər gətizdirdi ki... Açığı heç bir zaman korluq çəkməmişəm.
Bax Turan, onu da xatırlayıram, uşaq ikən Moskvadan elə geyimlər pay alırdı bizə.Tək mənə yoxe, hamımıza.Allah ona rəhmət eləsin! Mən hər dəfə Masazıra dərsə gedəndə, elə də keçəndə, belə də keçəndə mütləq “fatihə” sini oxuyram, “salavat” ını çevirirəm.
Mən atamı 15 yaşıma kimi, Cavid əmini isə 25 yaşına kimi tanıdım.Nə deyim, o, əsl ata idi.Firəngiz xala da elə bir böyük ürəyə sahibdir ki!! Hamımıza yaxşı idi, fərq qoymazdılar bizə. Xalam çox böyük insandır, həqiqətən.

Onu da deyim, Cavid əmi haqqında ürəyim doludur.
O vaxt biz restoran zad bilməzdik, restoran filan nə gəzirdi indiki kimi. Ağ ”Volqa” sında bizi aparırdı restorana, Cavid əminin sayəsində özümüzü seçilən adam kimi hiss eləmişik.

Yadınızdadır da, müsamirələr keçirilərdi məktəb illərində, ən gözəl libasları Moskvadan çeklə alardılar “Beryozka” mağazaları vardı Moskvada - adla deyilirdi, ordan alardılar.

Qeyd: Doğrudan da “Beryozka” mağazaları olduqca nüfuzlu məkan sayılırdı.Bu şəbəkə 1961-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb.Moskvada “Beryozka”, Kiyevdə “Kaştan”, Minskdə “İvuşka”, Bakıda “Çinar” adı ilə fəaliyyət göstərirdi.1964-cü ildən SSRİ – də vətəndaşların xarici valyutadan istifadə etməsinə, xarici valyutanın dövriyyəyə buraxılmasına qadağalar daha ciddi şəkildə nəzarətə götürüləndə, “Beryozka” şəbəkəsnin mağazalarında alış-veriş xüsusi çeklərlə aparıldı.Yəni qanuni şəkildə valyutası olanlar onları “vneşposıltorq” un çekləri ilə dəyişib və həmin çeklərdən “Beryozka” da istifadə edə bildilər.Ən əlçatmaz, defisit mallar satılan məkanda istənilən məhsulu almaq mümkün oldu.Çekin varsa, nə istəyirsən al. Amma ”Beryozka” mağazalar şəbəkəsində satılan məhsulların qiymətləri xarici ölkələrlə müqayisədə hədsiz dərəcədə baha idi.Qadınlar üçün yun koftanın qiyməti 9-10 & idisə, “Beryozaka” da həmin koftalar
70-80& - a təklif olunurdu.

Hətta Büro üzvlərindən Kuznetsov, Demiçev, Kapitonov, Polyanski və başqa nüfuzlu ailələr də “Beryozka” mağazalarından alış-veriş edərdilər.Sovet dönəminin guya “ən təmiz kommunisti” sayılan Mixail Suslov və ailəsi də “Beryozka” mağazalarında tez-tez görünərdilər.

Yəni Səbinə xanım bu mənada da haqlıdır.Cavid əminin ən bahalı malları Moskvadan ona və başqa qohumlar üçün alması, onlarla öz övladlıarı arasında ayrıseçkilik salmamasına dəlalət edirdi.Səbinə xanım dönə-dönə deyir ki, Cavid əminin sayəsində heç vaxt gözüm nədəsə qalmadı.

Əminəm ki, Cavid müəllimin də gözü geridə qalmır.Onu sevənlər - övladları, qohumları mütləq Xırdalanda uyuduğu qəbiristanlığa ziyarətinə gedirlər, ruhuna uca Rəbbimizdən rəhmət diləyirlər.Özüm də şənbə-bazar Novxanıya gedəndə mütləq Xırdalandan keçib, daularımı edirəm.Ən azı hər anım günü – yanvarın 25-i və doğum günü iyulun 1-i mütləq Cavid müəllinin hüzuruna gedirik.Gedib onunla əhvalpürsanlıq edib, həmsöhbət oluruq.Mən də Cavid əminin məzarı üstə gedəndə şeirlərindən deyirəm, şair idi axı Cavid Salmanoğlu, məni hamıdan yaxşı başa düşər, sanki bu formada yüngülləşir, onunla birgə mən də ucalıram.

Gəldik ucalıq məqamına. Əbədilik missiyasını yerinə yetirənlərin yolu ucalıqdan keçmirmi?! Sən demə, Cavid Axundov şeirlərində məhz buna görə tez-tez “ucalıq” sözünə rast gəlirəmmiş.Əbədilik missiyası ilə bugün də yaşayan Cavid əmiyə bu xatirə günündə gözaydınlığı verməyim gəlir, təxminən bu sayaq:
Cavid Salmanoğlu, əbədi və əzəli missiyan, mübarək!


MANŞET XƏBƏRLƏRİ