Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
Türk irqinin bir qolu kimi sayılan Qacar tayfası tarixi hadisələrin və şahların siyasəti nəticəsində bir yerdən başqa yerə köçürülmüşdür. Səfəviyyə şahları (1501-1736) zamanında Qacar tayfası birdəfəlik Araz çayının ətrafından Kür çayı dərəsinə köçürülmüş,orada Qızılbaş hüdudlarını, sərhəd şəhərlərini qorumaq işi ilə məşğul olmuşdu.Get-gedə tayfa içərisində ixtilaf törənmiş, bu isə tayfanın iki hissəyə parçalanmasına səbəb olmuşdur.Beləliklə, tayfanın bir hissəsi Qoyunlu, yaxud “Aşağıbaş” Qacarları, ikinci hissəsi isə “Yuxarıbaş” Qacarları adını almışdır.Zaman keçdikcə kökləri bir olan bu iki tayfa tamamilə ayrılıb, bir-birinə qarşı kin və düşmən münasibəti bəsləməyə başlamışdır.
Bu kin düşmən münasibət iki tayfa arasında bir sıra qanlı hadisələrə, döyüşlərə , qırğına və toqquşmalara iki tayfanın bir sıra adamlarının həlak olmasına səbəb olmuşdur.”Aşağıbaş” Qacarlarından olan Ağa Məhəmməd xan Qacar tayfasına arxalanaraq hakimiyyətini,şahlığını, habelə hökmranlığını möhkəmləndirməyə başladı.O,hakimiyyətinin ixtilaflar,toqquşmalar nəticəsində xətərə məruz qalaraq sarsılmasını hiss etdikdə bu məsələnin həlli üçün bir yol tapmaq fikrinə düşdü.Nəhayət,o, ixtilafı aradan qaldırmaq üçün təzədən qız alıb,qız vermək vasitəsilə iki tayfa arasında əlaqə yaratmaq qərarına gəldi.O, Qacar Əliqulu xan Dəvəlinin qızını qardaşı oğlu Fətəli şaha aldı.”Yuxarıbaş” Qacarlarının hüsn rəğbətini cəlb edərək,o bu Qacar tayfasının da şahlıq məsələsində iştirakı üçün həmin qızın oğlunu vəliəhdliyə və naibüssəltənəliyə təyin etməsi haqda Fətəli şaha göstəriş verdi.
Qacar dövlətinin və sülaləsinin əsasını qoyan Ağa Məhəmməd xan Qacar (1789-1797) Gürcüstana (Tiflisə) yollanmadan Tehran valisi Mirzə Məhəmməd xana tapşırmışdı ki,əgər bu hərbi səfərdə ona bir hadisə baş verərsə,Tehran darvazasını qardaşı oğlu Baba xandan (Fətəli şah) başqa heç kimin üzünə açmasın.
Ağa Məhəmməd xan Qacar övladsız olduğuna görə qardaşı oğlunu vəliəhdliyə seçmiş,onu taciklərə Farsa vali göndərmişdi.1797-ci ildə Ağa Məhəmməd xanın Şuşada öldürülməsi xəbəri Şirazda Baba xana yetişən kimi Fətəli şah Şirazdan Tehrana gələrək öldürülmüş əmisinin yerinə taxt-taca malik olmuşdur.Fətəli xanın şahlıq taxtına oturması Qacar dövləti tarixində əmələ gələcək mühüm hadisələr üçün zəmin hazırlamış,bu hadisələr isə Qacar dövlətində siyasi dəyişikliklərin əsas səbəbi olmuşdur.
Fətəli şah taxta oturmasının ikinci ilində 1798-ci ildə qoçaq və güclü idarəçilik qabiliyyəti olan oğlu Abbas Mirzəni naibüssəltənə təyin etmək üçün təntənəli bir məclis təşkil etmiş,ölkənin böyüklərini,din alimlərini, ruhaniləri,sərkərdələri və Qacar sülaləsinin görkəmli adamlarını bu məclisə çağırmışdır.
Bu ziyafətdə gənc şahzadənin ağıllılığını,şücaətini təsdiq edən bütün Qacar sülaləsinin ağsaqqalları və başçıları Abbas Mirzənin vəliəhd təyin etmək münasibətilə yeni şahı təbrik etdilər.Sabahı gün Fətəli şah vəliəhdini Azərbaycana vali təyin etmiş, şaha ən yaxın olan,xeyirxahlıq və sədaqətində şübhə etmədiyi vətənpərvər Qacar sərkərdələri Mirzə Əsədulla xan vəziri-leşkərə və Süleyman xan etizadü-dövləyə əmr etmişdi ki,sınanmış Qacar qoşunları ilə Abbas Mirzə ilə birlikdə Azərbaycanı idarə etmək üçün dayanmadan yollansınlar.
Azərbaycanda Abbas Mirzənin islahatları
O zaman Qacar qoşunlarının yaxşılaşdırılması və nizami bir şəklə salınmasında Avropa üzərinə basqın edərək arasıkəsilməz qələbələr çalan Napoleonun böyük rolu olmuşdur.Napoleon Bonapart o vaxt Fransanın və şəxsən özünün qədar düşməni İngiltərə dövlətini itaətə gətirmək və onun həyat mənbəyi olan Hindistanı ondan ayırmaq məqsədi ilə,əsasən, Qacar dövlətinə göz dikmiş,ölkənin coğrafi və strateji mövqeyindən istifadə etmək üçün Qacar dövlətinə öz qoşununu Avropa qaydası ilə təşkil edib nizama salmağı təklif etmişdir.Abbas Mirzə Avropa mədəniyyətinə və hərbi qaydalarına valeh olduğuna görə Napoleonun bu təklifini böyük sevinc və məmnuniyyətlə qarşılayaraq Fransa ordusunun bir sıra hərbi mütəxəsisləri və müəllimlərinin Qacar dövlətinə gəlməsini təmin etmişdir.Abbas Mirzə Qacar dövlətində böyük,güclü və nizami bir qoşunun əsasını qoymuşdur.
Demək lazımdır ki,birinci növbədə Qacar dövlətində mənəvi şərait və Avropa hərbi elmini,qaydalarını öyrətmək Qacar dövlətində türklərin xüsusi qabiliyyətə malik olduqlarına görə,başqa tərəfdən isə əsgər paltarı hazırlamaq üçün toxucu dəzgahların;top,tüfəng istehsal edən maşınların təşkil edilməsi nəticəsində,Abbas Mirzənin yorulmaz səyi,tükənməz ciddiyyəti ilə az bir müddətdə Qacar qoşunu keçmiş fəlakətli vəziyyətdən çıxarılaraq Avropanın ən qüdrətli qoşunları,yəni Fransa qoşunu səpkisinə daxil edilmişdir.
Abbas Mirzə bu işlərdən başqa qoşunları bölüklərə (dəstələrə) bölünməsi və onların adlarının təyin edilməsi işində də xüsusi səy göstərmiş,hərbi rütbələrin adını dəyişib,sıra nəfərlərinə “sərbaz” (yəni ölkə yolunda başından keçən əsgər) adını vermişdir.Habelə müxtəlif bölüklərin başçılarına “sərcoxə”, “naib”, “sultan”, “yavər”,”sərhəng”, “əmirgəncə”, “əmirtuman” və “sərdar” adlarının verilməsini təmin etmişdir.
Abbas Mirzə uşaqlıq dövrünü bitirib hıddi-buluğa çatdığı zaman atası Fətəli şah taxta oturmuşdu.Bu vaxt şah Azərbaycan hökumətini,habelə Çar Rusiyasının əleyhinə aparılan müharibənin baş komandanlığını oğlu Abbas Mirzəyə tapşırmaqla heç də səhv etmirdi.Gənc şahzadə Avropa hərb nizam və taktikasını öyrənərkən,eyni halda Azərbaycanın idarəsi üçün və müharibə üçün lazımi tədbirlər görüb onları qəbul etdirməyə çalışmışdır.Qacar-Rus müharibəsindəki bir sıra uğursuzluqlar onu ruhdan salmamış,cəsarətini azaltmamışdır.Uğursuzluğa uğradığı zaman təbiətən ruh yüksəkliyi ona dözüm vermiş sakitləşdirmişdir.Abbas Mirzə özü haqda belə yazmışdır: “Düşmənə qarşı hər bir uğursuzluğum qələbə üçün mənə böyük bir dərs olmuşdur.Qabaqcadan düşmənin bilməyəcəyi bir üstünlük,qüdrətlə ona hücum edəcəyəm”.
Abbas Mirzə əlavə etmişdir: “Böyük Pyotr demişdir: “Şvedlər məni məğlub etdilərsə də mənə qələbə sirlərini də öyrətdilər”.
Abbas Mirzənin yeni ordusunun Cəfərqulu Dünbülinin üsyanını yatırması
Qacar dövləti tarixində bir adət olaraq Qacar şahları taxta oturan zaman şəhərlərdəki böyük,nüfuzlu adamların və xüsusilə Qacar elatının törətdikləri bir çox qarışıqlıqlara,üsyanlara rast gəlirik.Beləliklə,Fətəli şahın (17 iyun 1797- 23 oktyabr 1834) taxta oturması da bir sıra qarışıqlıqlara səbəb olmuşdur.Qacar dövlətinin istər yaxın və istərsə uzaq nöqtələrində müxtəlif adamlar quldurluq,özbaşınalıq etməyə başlamışdır.
Cəfərqulu xan Dünbüli qərbi Azərbaycan əyalətinin məşhur sərkərdələrindən biri idi.Bu xudpəsənd sərkərdə “Yezidi” adını daşıyan bir çox kürdü ətrafına toplayıb Azərbaycanın böyük şəhərlərindən Xoy üzərinə hücum etmişdir.Bu vaxt həmin şəhərin bəylərbəyisi onun böyük qardaşı Hüseyn xan idi.Burada qanlı müharibədən sonra Cəfərqulu xan geri çəkilməyə məcbur olmuşdur.Abbas Mirzə Azərbaycana hökmdar təyin olunduğu zaman bu inadcıl,bədxah sərkərdə Azərbaycanı əlinə keçirmək məqsədilə yenə Xoy şəhərinə basqın etmiş,qardaşı həlak edildikdən sonra onu əlinə keçirmişdir.Bu sərkərdənin itaətsizliyi,özbaşınalığının Azərbaycana və Qacar mərkəzi hökumətinə gözlənilməyən ziyanlar verəcəyini düşünən Abbas Mirzə ona göndərdiyi nəsihətverici,yumşaq məzmunlu bir məktubda qeyd etmişdir ki, sən, vaxtilə oğlunu şahın yanına göndərib sədaqətli olacağına and içmişsən. İndi gördüyün işlər isə içdiyin andın əksinədir.
Bu isə igidliyə müvafiq bir hərəkət deyildir.Tezliklə bizim yanımıza gəlməli,yeni qanlı savaşlara yol verməmək üçün sözlərimizi, təkliflərimizi qəbul etməlisən...
Cəfərqulu xan Abbas Mirzənin bu dostanə təklifini rədd edərək,onun yanına gəlib təslim olmaqdan boyun qaçırmışdı.Abbas Mirzə bütün saziş və razılıq yollarının bağlandığını gördükdə müharibə etməyi qərara almış,üsyanı yatırmaq üçün on bir min təcrübəli,sınanmış əsgərləri ilə birlikdə Xoy şəhərinə doğru yollanmışdı.Cəfərqulu qardaşlarından birinə Xoyun mühafizəsini tapşırıb Yezidi və Şəkkaki kürd tayfalarından təşkil edilmiş 15 min nəfərlik qoşununu səfərbərliyə alaraq,Abbas Mirzə ilə qarşı-qarşıya döyüşmək üçün hərəkət etmişdi.
... Üsyanı sürətlə və qəti yatırmaq üçün Abbas Mirzə əvvəl möhkəmləndirilmiş “Hul” qalasını mühasirə edib qəfildən şiddətli bir hücumla onu almış,qalanı müdafiə edənlərin başçısı olan Əbdal xanı öldürüb çoxlu qoşununu əsir etdikdən sonra görünməz bir cəldliklə Cəfərqulu Dünbülinin başçılıq etdiyi qoşunu qovlamaq üçün yollanmışdır. Cəfərqulu Dünbüli Abbas Mirzənin qoşununu bataqlığa salıb əsir etmək məqsədilə onu coşğun Səlmas çayının ətrafına buraxmışdır.
Abbas Mirzə üsyançılarla qarşı-qarşıya döyüşmək üçün hazırlanır və tərifəlayiq bir cəldlik göstərərək,qorxmaz,seçilmiş atlılar ilə qəflətən arxadan hücum edir.Bir neçə saat davam edən şiddətli,qanlı bir döyüşdən və hər iki tərəf xeyli tələfat verdikdən sonra Cəfərqulu xan Dünbüli məğlub olub qaçmışdır.
Cəfərqulu xanın məğlub edilmiş qoşunları qaçdıqları zaman özləri bataqlığa düşmüş və əsir olmuşlar.Cəfərqulu xan isə,şübhəsiz,öldürüləcəyini bilərək özünü Abbas Mirzənin qoşunlarından qurtarmış və acınacaqlı bir vəziyyətdə Xaçürsədə gəlmişdir.
Abbas Mirzənin bu şanlı ilk savaş uğurundan və Xoy şəhərini aldıqdan sonra həmin şəhərin valiliyini Qacar tayfasından Pirqulu xan Şambayatıya tapşırmışdır.Özü isə Təbrizə qayıdıb bütün hadisələri müfəssəl surətdə Fətəli şaha yazıb göndərmişdir.Fətəli şah böyük üsyan odunu söndürən və üsyançıları tezliklə darmadağın edən vəliəhdinin ləyaqətindən,qoçaqlığından həddən artıq sevinmişdir.O,Abbas Mirzənin göndərdiyi adamlara mərhəmət və iltifat edib onlara qiymətli mükafatlar bağışlamış,cəsarətli oğlunu vəliəhdliyə və gələcəkdə hökmdar olmağa layiq olduğuna həddən artıq arxayın olmuşdur.
Çar Rusiyası ilə Qacar dövləti arasındakı savaşlar
Abbas Mirzə Qacar-Rus savaşlarında Qacar dövlətinin bütün ordusunun baş komandanı olmuşdur.10 iyun 1804-cü ildə Çar Rusiyası ilə Qacar dövləti arasında düşmənçilk münasibətinin nəticəsi kimi müharibənin başlanması elan olundu.
Gəncə xanı Cavad xan Ziyadoğlu Qacara Gəncəni işğal etməyə gələn rus ordusu təslim olmağı bir neçə dəfə təklif etdi.Rus işğal ordusunun komandanı Sisianov hər dəfə rədd cavabı aldı.1803-cü ilin noyabr ayının 20-də general Sisianov Tiflis istiqamətindən Gəncəyə tərəf hərəkətə başladı,qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı.Qalanı almağın çətin olduğunu başa düşən Sisianov müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi və ağır döyüşlərdən sonra ruslar qalanı aldılar.Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu.Gəncə müharibəsində yaralılardan başqa,iki mindən çox adam həlak olmuşdu,on səkkiz minədək adam isə əsir tutulmuşdu.Bu işğaldan sonra Rusiya İmperatoru I Aleksandr (1801-1825) Gəncənin adını dəyişərək arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırdı. Gəncə xanlığı Qacar boyuna mənsub xanlıq idi.Bu işğal Qacar dövlətində qəzəblə qarşılandı.
Müharibə başlandıqda və rus əsgərləri Qacar dövlətinin ərazisi sayılan cənubi Qafqaz və Dağıstana hücum etdikdə Qacar qoşunlarının baş komandanı Abbas Mirzə həddən artıq çətinliklərə,maneələrə rast gəlmişdir.Belə bir vəziyyətdə Rusiya kimi işğalçı dövlətin qüvvələri qarşısında müqavimət göstərib ölkənin bütövlüyünü müdafiə edə biləcək intizamlı,maddi-mənəvi vasitələr və ləvazimatla təmin olunmuş bir qoşun toplamaq şübhəsiz,imkan xaricində olan bir məsələ idi.Abbas Mirzə Qacar ordusunda bir sıra nöqsanları islah etmişdir.O,ölkənin müxtəlif nöqtələrindən Türk irqinə mənsub təxminən yüz min təcrübəli döyüşkən əsgər toplayıb,rusların hücumunun qarşısını almaq məqsədi ilə Qacar dövlətinin şimal-qərb sərhəddində yerləşdirmişdi.
Abbas Mirzə yeni ordunu avadanlıq və hərbi vasitələrlə təmin etmək uğrunda tərifəlayiq fəaliyyət göstərərək indiyə kimi Qacar dövləti qulluğunda olan bir sıra xarici mütəxəsislərin köməyi ilə nizami topçu hissələri təşkil etmişdir.Onun təşkil etdiyi bu topçu hissələri sistemi,atəş qüdrəti etibarı ilə Asiya ölkələrində misilsiz hadisə idi.
Təbiətən huşlu,qabiliyyətli olan Abbas Mirzə Qafqaz cəbhəsində rus dövlətinə qarşı apardığı müharibələrdə atlı qoşun hissələrinin inkaredilməz üstünlüyü və əhəmiyyətini düşünmüşdür.Keçmişdə də döyüşkən,bacarıqlı və qəhrəman babaları məhz atlı hissələrinin üstünlüyü nəticəsində düşmənlərin qəlbinə qorxu salıb,parlaq və qəti qələbələrə nail ola bildiklərini Abbas Mirzə dərk etmişdir.Buna görə də,süvari hissələrini genişləndirib,qüvvətləndirmək məsələsinə fikir verərək Qacar qoşununun atlı hissələrinin başqa hissələrə nisbətən daha çox artırmış,onların təminatı və idarəsini xüsusi nəzarət altına almışdı.
Ardı var