Bakıda da peyda olmağa başlayır – Qarşınıza çıxsa, dərhal uzaqlaşın!


Havaların istiləşməsi ilə birlikdə təbiətdə sürünənlərin, xüsusilə də ilanların aktivliyi artıb. Mütəxəssislər bildirirlər ki, yaz-yay aylarında ilanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünmə ehtimalı yüksəlir. Bu isə həm Bakıda, həm şəhərətrafı ərazilərdə, həm də bölgələrdə yaşayan insanlar üçün təhlükə yaradır.

Ümumiyyətlə, ilan və digər sürünənlərdən necə qorunmaq olar?

Turkustan.az xəbər verir ki, “Globalinfo.az”a danışan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərovun sözlərinə görə, ilanlar digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:

“Buna görə də qış aylarında qışlama dövrünə keçir, havalar isinməyə başlayanda isə yenidən aktivləşirlər. Torpağın temperaturu təxminən 17-18 dərəcəyə çatdıqda ilanlar qışlama yerlərindən çıxmağa başlayır. Bu proses bəzi illərdə martda, bəzi illərdə isə aprel ayında müşahidə olunur.

Qışlamadan çıxan ilanlar uzun müddət qidasız qaldıqları üçün yem axtarmaq məqsədilə ətraf ərazilərə yayılırlar. Bu səbəbdən onların yaşayış məntəqələrində, bağlarda, təsərrüfat sahələrində və insanların istifadə etdiyi digər ərazilərdə görünməsi mümkündür. Xüsusilə yaz aylarında torpaq tam isinmədiyindən ilanlar gün ərzində daha fəal olur və insanlarla qarşılaşma halları artır”.

Mütəxəssis deyib ki, ilanlarla rastlaşmaların çoxalmasının digər səbəbi insanların onların təbii yaşayış mühitlərinə daha çox müdaxilə etməsidir:

“Yeni yaşayış məntəqələrinin salınması, təsərrüfat fəaliyyətinin genişlənməsi və təbii ərazilərin azalması nəticəsində insanlarla ilanların təmas ehtimalı yüksəlir. Bu isə bəzən ilanların sayının artdığı təəssüratı yaradır. Əslində isə ilanlar artmır, sadəcə onların yaşayış sahələri daralır.

Yay aylarında hava çox isti olduğundan ilanlar əsasən səhər və axşam saatlarında aktiv olurlar. Günün qızmar vaxtlarında isə daşların, ağac qalıqlarının, dəmir parçalarının və digər kölgəli yerlərin altında gizlənirlər. Belə yerləri təmizləyərkən ehtiyatlı olmaq lazımdır.

Payızda havalar soyumağa başlayanda ilanlar qışlamaq üçün sabit temperaturu olan sığınacaqlar axtarırlar. Bunlar əsasən qayaların altındakı boşluqlar, torpaqaltı çatlar və digər qorunan məkanlardır. Bəzən yaşayış evlərinin zirzəmilərinə və ya digər qapalı sahələrinə də daxil ola bilirlər”.

T.İsgəndərovun sözlərinə görə, ilanların həyətlərə gəlməsinin əsas səbəblərindən biri onların qida bazasının mövcudluğudur:

“Siçanlar, siçovullar, quş balaları və digər kiçik heyvanlar ilanları həmin əraziyə cəlb edir. Buna görə də həyətlərdə təmizlik qorunmalı, tullantılar və ilanların gizlənə biləcəyi əşyalar yığışdırılmalıdır. Bəzi insanlar kirpilərin ilanları tamamilə uzaqlaşdırdığını düşünürlər. Doğrudur, kirpi ilanla qarşılaşdıqda ona müqavimət göstərə bilər. Lakin bu, kirpinin bütün ilanları məhv etməsi və ya həyəti ilanlardan tam təmizləməsi demək deyil”.

Təvəkkül İsgəndərov deyib ki, ilan gördükdə ən vacib qayda sakit qalmaqdır:

“İlanlar adətən insana hücum etmir və ilk növbədə uzaqlaşmağa çalışırlar. Onların üstünə getmək, vurmağa və ya öldürməyə çalışmaq təhlükəlidir. Əgər ilan evdə və ya həyətdə görünərsə, təhlükəsiz məsafədə dayanmaq, mümkün olduqda onu bir əşya ilə örtərək yerini müəyyənləşdirmək və aidiyyəti qurumlardan kömək istəmək tövsiyə olunur. Profilaktik tədbirlərə əməl etməklə və ehtiyatlı davranmaqla ilanlarla qarşılaşma zamanı yaranan riskləri minimuma endirmək mümkündür”.


MANŞET XƏBƏRLƏRİ