Bu şəxslər aliment ödəməkdən azad olunacaq? - AÇIQLAMA


“Aliment fondu”nun yaradılması zəruridir”.

Turkustan.az xəbər verir ki, bunu hüquqşünas Müşfiq Abbasov təklif edib. Onun sözlərinə görə, aliment öhdəliklərinin icrası ilə bağlı yeni mexanizm olmalıdır:

“Boşanmış və hər ay 350 manat aliment ödəməli olan valideyn həbs olunduqda, faktiki olaraq bu ödənişi yerinə yetirmək imkanından məhrum olur. Cəzaçəkmə müəssisələrində məhkumların işləyərək gəlir əldə etməsi isə hər zaman mümkün olmur”.

Bu kimi halların uşaqların hüquqlarına birbaşa təsir etdiyini bildirən hüquqşünas qeyd edib ki, nəticədə aliment ödənişləri icra olunmur və məhkəmə qərarları kağız üzərində qalır.

“ “Aliment fondu” belə problemlərin həllinə xidmət edə bilər. Təklifə əsasən, ata qəza, xəstəlik nəticəsində əmək qabiliyyətini itirdikdə, iş tapa bilmədikdə və ya azadlıqdan məhrum edildikdə aliment ödənişləri müəyyən fond tərəfindən qarşılanmalıdır”.

Hüquqşünas hesab edir ki, bu mexanizm həm uşaqların sosial müdafiəsini gücləndirə, həm də aliment öhdəliyini yerinə yetirə bilməyən şəxslərin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını ala bilər. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ