Almaniya və Fransanın birgə qırıcı layihəsi iflasa uğradı: Gözlər "KAAN"-da


Almaniya və Fransanın birgə hazırlamaq məqsədilə başladığı 6-cı nəsil qırıcı proqramı ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" nəşri məlumat yayıb.

Bildirilir ki, layihənin dayandırılmasına proqram təminatı, mənbə kodları və əqli mülkiyyət hüququ kimi strateji sahələrdə tərəflərin razılığa gələ bilməməsi səbəb olub. Fransa layihədə tək söz sahibi olmağı təkid etdiyi halda, Almaniya yalnız detal istehsalçısı olmağı qəbul etməyib. Digər bir fikir ayrılığı isə Fransanın təyyarənin nüvə silahı daşıması və aviadaşıyıcı gəmilərə enib-qalxması tələbinə qarşı "Berlin"in hərbi və nüvə planlarının olmadığını bəyan etməsi ilə bağlıdır.

Bu uğursuzluq Avropanın digər ortaq qırıcı layihələrinin də qrafikdən geri qaldığı bir vaxtda qitə ölkələrinin diqqətini Türkiyənin yeni nəsil qırıcısı "KAAN"-a yönəldib.

"Türk Aviasiya və Kosmos Sənayesi"nin Baş direktoru Mehmet Demiroğlu məsələ ilə bağlı bildirib ki, Türkiyə hazırda 5-ci nəsil olan "KAAN"-la yanaşı 6-cı nəsil qırıcı üzərində də işləyir və bu hədəfə Avropa ölkələrindən daha tez nail olacaq.

Qeyd edək ki, layihənin ləğv edilməsi "Gələcəyin Döyüş Hava Sistemi" proqramını gözləyən digər Avropa ölkələrinin planlarına da mənfi təsir göstərib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ