Bill Qeyts Ceffri Epşteynlə əlaqələri barədə ifadə verəcək


Microsoft-un həmtəsisçisi Bill Geyts ABŞ Nümayəndələr Palatasının Nəzarət və İslahat Komitəsinin qarşısında ifadə verəcək.

Turkustan.az xəbər verir ki, dinləmələr mərhum maliyyəçi və cinsi cinayətlərdə ittiham olunmuş Ceffri Epşteynlə bağlı aparılan araşdırma çərçivəsində keçiriləcək.

Qapalı formatda baş tutacaq dinləmələr zamanı qanunvericilərin Geytsə Epşteynlə keçmiş əlaqələri və bu mövzuda ictimaiyyətə açıqlanmış sənədlərdə yer alan məlumatlarla bağlı suallar ünvanlaması gözlənilir. Görüşün stenoqramının sonradan ictimaiyyətə təqdim ediləcəyi bildirilir.

İfadədən əvvəl The Guardian nəşrinə açıqlama verən Geytsin sözçüsü bildirib ki, milyarder iş adamı komitə qarşısında çıxış etmək imkanını müsbət qarşılayır.

Sözçünün sözlərinə görə, Geyts Epşteynin hər hansı qanunsuz fəaliyyətinin şahidi olmayıb və belə fəaliyyətlərdə iştirak etməyib.

“Cənab Geyts komitənin bütün suallarını cavablandırmağa və araşdırmanın aparılmasına töhfə verməyə hazırdır”, – deyə açıqlamada qeyd olunub.

Araşdırma çərçivəsində əsas diqqətin Geytsin Epşteynlə keçmiş təmaslarına və bu əlaqələrin mahiyyətinə yönələcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ