Sosial şəbəkələrdə yaş yoxlaması: bank kartı ilə, API ilə, yoxsa pasportla?


“Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə təqdim olunub. Layihəyə görə, 16 yaşadək uşaqlar üçün müəyyən ediləcək sosial şəbəkələrdə hesab açılması qadağan olunur. 16-18 yaş qrupu üçün isə valideyn razılığı, valideyn nəzarəti və əlavə təhlükəsizlik mexanizmləri nəzərdə tutulur”.

Turkustan.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, uşaq valideynin və ya digər birinin telefonundan, kartından və ya digər məlumatlarından istifadə etməklə məhdudiyyətlərdən yayına biləcək:

“Ötən gün 16-18 yaş qrupu ilə bağlı bəzi məqamlara diqqət çəkmişdim. Bu gün isə əsas sual texniki tərəflə bağlıdır.

16 yaş məhdudiyyəti necə işləyəcək? Texniki mexanizmlər, fərdi məlumatlar və kiberrisklər nəzərə alınıbmı?

Qanun layihəsində yaşın yoxlanılması üçün mobil nömrə, elektron poçt və bank kartından istifadə nəzərdə tutulur. Lakin bu üsulların əksəriyyəti asanlıqla "bypass" edilə bilən mexanizmlərdir. Yəni uşaq valideynin və ya digər birinin telefonundan, kartından və ya digər məlumatlarından istifadə etməklə məhdudiyyətlərdən yayına biləcək.

Eyni zamanda, VPN-dən istifadənin kütləviləşməsi riskləri də qaçılmaz ola bilər.

Digər tərəfdən, yaşın yoxlanılması sosial şəbəkələrin öz öhdəsinə buraxılarsa, milyonlarla istifadəçinin şəxsiyyətini təsdiqləyən məlumatların xarici platformalara ötürülməsi riski yaranır.

Əgər bu idetifikasiya həlli dövlət sistemləri ilə inteqrasiya və API-lər üzərindən qurulacaqsa, bu dəfə də fərdi məlumatların qorunması, anonimlik və kibertəhlükəsizlik məsələləri gündəmə gəlir”.

Ekspert əlavə edib ki, yaş verifikasiyası, valideyn nəzarəti, məlumat təhlükəsizliyi və texniki icra mexanizmləri də ən azı qanunun özü qədər vacibdir:

“Bu baxımdan maraqlıdır ki, bu layihəyə kritik informasiya infrastrukturuna cavabdeh qurumlar, fərdi məlumatların qorunmasına cavabdeh qurumlar, DTX, XRİTDX və yeni yaradılmış Milli Kibertəhlükəsizlik Agentliyi hansı rəy veriblər?

Qanunun məqsədi uşaqları qorumaqdır və bu, təqdirəlayiq yanaşmadır. Amma yaş verifikasiyası, valideyn nəzarəti, məlumat təhlükəsizliyi və texniki icra mexanizmləri də ən azı qanunun özü qədər vacibdir. Çünki burada söhbət təkcə sosial şəbəkələrdən deyil, milyonlarla vətəndaşın rəqəmsal identifikasiyası və fərdi məlumatlarının təhlükəsizliyindən gedir.

Xarici platformaların əməkdaşlıq etməməsindən, ayrıca identifikasiya həlləri yaratmaq istəməməsindən dolayı yarana biləcək risklər öncədən analiz olunmalıdır. Ölkəmiz üçün müsbət və mənfi tərəfləri araşdırılmalıdır.

Düşünürəm ki, məhz bu istiqamətlər üzrə də maraqlı tərəflərin müzakirəsi çox vacibdir”. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ