Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi çərçivəsində nəşr olunan eyniadlı kitabın növbəti təqdimat mərasimi və yekun görüşü Bakı şəhərində Milli QHT Forumunun qərargahında baş tutub.
Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihənin rəhbəri İntiqam Yaşar layihə haqqında geniş məlumat verib layihənin məqsədindən, gənc ədiblərin yaradıcılığına bu cür layihələrin təsirlərindən bəhs edib.
Daha sonra söz layihənin eksperti, DGTYB-nin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalıya verilib. O da öz növbəsində layihənin önəmli missiyaya xidmət etdiyini, ədəbiyyatdakı nəsillərarası körpünün sağlam təməllər üzərində dayanmasına rəvac verdiyini diqqətə çatdırıb.
Tədbirdə Türkiyənin köklü ədəbiyyat təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfi başqanı, şair Serhat Kabaklı çıxış edərək Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında DGTYB-nin xüsusi yol izlədiyini, bu fəaliyyətin yüksələn xətlə irəli getdiyini diqqətə çatdırıb.
Daha sonra tədbirin fəxri qonağı görkəmli Azərbaycan yazıçısı Məmməd Oruc çıxiş edərək layihə haqqında və çap olunmuş kitab barəsində fikirlərini bölüşüb, təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən yazarlardan və ictimaiyyət nümayəndələrindən AMEA-nın əmakdaşı Aynur Aydınqızı, Turan İbrahimov, Qulu Ağsəs, Vüqar Qədirov, İlqar Türkoğlu, Nadir Vəlişzadə, Ayna Səs, Rövşən Hüseynov, Rəfail Tağızadə, Şahin Ülvi, Akəm Xaqan, Gəray Göyyurd və s. çıxış edərək layihə haqqında fikirlərini bölüşüblər.
Layihə çərçivəsində çap olunmuş “Ədəbi irsimiz-ədəbi gəncliyimiz” adlı kitabda yaradıcılıq nümunələri çap olunmuş gənc yazarlardan Səddam Laçın, Şahanə Müşfiq, Əli Çağla, Banu Muharrem, Yeqzar Cəfərli və s. şeirlərini səsləndirib, layihə haqqında fikirlərini bildiriblər.
Tədbirin sonunda fəxri qonaqlara və layihə iştirakçılarına Dünya Gənc Türk Yazarlar Birliyinin təltifləri təqdim olunub. Kollektiv foto ilə tədbirə yekun vurulub.












