10 ildə heç nə dəyişmədi, tariflərin qiyməti... - "Azercell"dən şikayət


"Azercell"in müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləməsi ilə bağlı yayılan xəbər birmənalı qarşılanmayıb.

Turkustan.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, jurnalist Firuzə Əliyeva sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə şirkətin xidmət keyfiyyəti ilə bağlı suallar səsləndirib.

O bildirib ki, müştərilərin hansı xidmətlərə görə məmnun qaldığını anlamaqda çətinlik çəkir:

"Görəsən, hansı xidmətinə görə müştərilər məmnun qalıb? Hər ay artan qiymətlərə görə, ya azalan paketlərin sayına, ya zəifləyən internet sürətinə?" – deyə o qeyd edib.

Firuzə Əliyevanın sözlərinə görə, əvvəllər istifadəçilər üçün daha sərfəli olan "Gəncol" və daha sonra təqdim edilən "İstəSən" paketləri ləğv edilib. Hazırda əsasən "DigiMax" və "Premium" paketlərinin mövcud olduğunu xatırladan jurnalist bu tariflərin qiymət və istifadə balansının qənaətbəxş olmadığını vurğulayıb.

Paylaşımda son dövrlərdə "Azercell"in sosial şəbəkələrdə ən çox tənqid olunan mobil operatorlardan birinə çevrildiyi də qeyd olunub. Jurnalist istifadəçilər arasında internet sürəti və tarif siyasəti ilə bağlı narazılıqların artdığını bildirib.

Özünün də 10 ildən artıqdır "Azercell" abunəçisi olduğunu deyən Firuzə Əliyeva bu müddət ərzində müştəri məmnuniyyəti ilə bağlı hər hansı sorğuda iştirak etmədiyini vurğulayıb.

"Mən 10 ildən çoxdur "Azercell" nömrəsi işlədirəm, bir dəfə məmnuniyyətlə bağlı sorğuda iştirak etməmişəm. Yəqin elə hamı da mənim kimi", – deyə o əlavə edib.

Jurnalist nömrəsini dəyişməməsinin səbəbini isə uzun illər ərzində həmin nömrənin müxtəlif platformalarda və əlaqələrdə qeyd olunması ilə izah edib. Onun sözlərinə görə, bu amil operatoru dəyişmək qərarını çətinləşdirir.


MANŞET XƏBƏRLƏRİ