Yaxın Şərq regionunda alovlanan hərbi qarşıdurma qlobal enerji sektorunda ciddi dalğalanmalara yol açıb. Vaşinqton, Tehran və Təl-Əviv xəttində kəskinləşən siyasi böhran fonunda birja oyunçuları xam neftin daşınmasında yarana biləcək təhlükələri təkrar analiz etmək məcburiyyətində qalıblar.
Dünya birjalarının əsas göstəricisi hesab olunan “Brent” markalı xam neftin dəyəri son vaxtlar hər barel üçün 94-97 dollar aralığında cərəyan edir. İnvestorların diqqət mərkəzində isə əsasən Hörmüz boğazındakı geosiyasi sabitlik dayanır. ABŞ Enerji İnformasiya Administrasiyasının təhlillərinə görə, qarşıdakı dövrdə “Brent” markalı neftin orta qiymətinin 105 dollara qədər irəliləməsi tamamilə mümkündür.
Qeyd edək ki, dəniz marşrutları ilə nəql olunan xam neftin təqribən 20 faizi məhz Hörmüz boğazının payına düşür. Bu səbəbdən regionda hər hansı gərginlik və ya blokada qiymətlərin kəskin şəkildə dəyişməsinə rəvac verəcək. Hazırda “Azeri Light” markalı neft bir barelinin təxminən 95-100 dollar civarında dəyişdiyi görünür. “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti isə 93,76 ABŞ dolları təşkil edib. Ehtimal olunur ki, Körfəz regionundakı vəziyyətin daha da pisləşməsi həm dünya iqtisadiyyatına, həm də neft ixracatçısı olan Azərbaycanın maliyyə gəlirlərinə birbaşa və ciddi təsir göstərə bilər.
Onu da bildirək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban Bakıvaxti.az-a açıqlamasında deyib ki, əslində bazarın reaksiyası ilk baxışda paradoksal görünür. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginlik artır, ABŞ və İran arasında qarşıdurma riski qalır, amma Brent 100 dolları keçmək əvəzinə 91-92 dollar ətrafına enir:
“Bunun əsas səbəbi odur ki, bazar artıq geosiyasi riskdən çox, həmin riskin real fiziki təchizata təsirini qiymətləndirir. Neft qiymətlərinin son həftə üzüaşağı getməsinə təsir edən amillər sırasında ABŞ rəsmilərinun Hörmüz boğazından keçən tanker axınının artması haqda açıqlamalarını göstərmək olar. Bazar üçün əsas məsələ İranın İsrailə atdığı raketlər deyil, gündəlik milyonlarla barel neftin hərəkətidir. Tankerlər hərəkət edirsə, demək qiymətlər üzərində təzyiq də azalır”. Müsahibimiz qeyd edib ki, bundan əlavə, iyun ayının əvvəlindən analitiklər Çin başda olmaqla bir sıra ölkələrdə neft istehlakının aşağı düşdüyünü qeyd edirlər. Əgər istehlak zəifləyirsə, təklifdəki problemlər qiymətlərə əvvəlki qədər güclü təsir etmir.
İlham Şaban: Tankerlər hərəkət edirsə, demək qiymətlər üzərində təzyiq də azalır
İqtisadçı vurğulayıb ki, həmçinin OPEC+ üzrə atılan addımlar da bazara öz təsirini göstərir:
“Artıq ikinci aydır ki, OPEC+ çərçivəsində gündəlik hasilatın 188 min barel səviyyəsində artımı barədə razılaşma əldə edilir. Bu isə qlobal bazara əlavə həcmdə neftin daxil olması deməkdir. Nəticədə qiymətlər hətta qısamüddətli hərbi toqquşmalar zamanı belə üzüyuxarı deyil, azalmağa meylli olur”.
Azərbaycanın neft qiymətlərinin artımından qazancına gəldikdə isə, İlham Şaban vurğulayıb ki, bunu yalnız hökumət açıqlaya bilər:
“Kənar meşahidələrlə real artımın büdcədə proqnoz edilən səviyyəni nə qədər üstələməsini xətasız söyləmək mümkünsüzdür”.