İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-ın İranın cənub bölgələrinə endirdiyi hücumlarla bağlı açıqlama verərək bildirib ki, Vaşinqtonun atəşkəsi dəfələrlə pozması diplomatik prosesə mənfi təsir göstərir.
Turkustan.az xəbər verir ki, Bekayi jurnalistlərin suallarını cavablandırarkən regiondakı son hadisələrə də toxunub. O qeyd edib ki, diplomatiyanın inkişafı üçün minimum etimad və fəaliyyət məkanına ehtiyac var. Bununla yanaşı, ABŞ və İsrailin atəşkəsə baxmayaraq İranın cənub bölgələrinə və Livana hücumlar həyata keçirdiyini vurğulayıb.
İran XİN sözçüsünün sözlərinə görə, ABŞ-ın atəşkəsi pozması və ziddiyyətli bəyanatlar verməsi diplomatik səylərə zərbə vurur.
“ABŞ-ın atəşkəsi dəfələrlə pozması və ziddiyyətli açıqlamaları diplomatik prosesə zərər verir. Eyni zamanda, sionist rejimin Livanda atəşkəsi tez-tez pozması da prosesə mənfi təsir göstərir. Diplomatik proseslər güc tətbiqindən əziyyət çəkir”, – deyə Bekayi bildirib.
O əlavə edib ki, ötən gecə baş verən hadisələr İran Silahlı Qüvvələrinin ölkənin müdafiəsində qətiyyətli olduğunu göstərib.
“Lazım gələrsə, ölkəni müdafiə etmək üçün həm diplomatiyadan, həm də hərbi imkanlardan istifadə olunacaq”, – deyə o vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az