Məktəblərdə təhlükəsizliyin təmin olunması, şagirdlər arasında baş verən mübahisələrin obyektiv araşdırılması və tədris prosesinə nəzarətin gücləndirilməsi məqsədilə kamera sistemlərinin quraşdırılması tez-tez gündəmə gələn məsələlərdəndir. Bir çox valideyn övladlarının məktəbdəki davranışını izləmək imkanının tərəfdarı olsa da, ekspertlər bu yanaşmanın şəxsi həyatın toxunulmazlığı və müəllim-şagird hüquqları baxımından müəyyən risklər yaratdığını bildirirlər.
Bəs məktəblərdə və sinif otaqlarında kamera nəzarətinin geniş tətbiqinə mane olan əsas səbəblər nələrdir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, xüsusilə ibtidai siniflərdə və məktəbəqədər müəssisələrdə valideynlər uşaqların gündəlik fəaliyyətini müşahidə etmək istəyirlər.

Onun sözlərinə görə, bəzi özəl təhsil müəssisələri valideynlərin bu tələbatını qarşılamaq üçün kamera nəzarətini reklam vasitəsinə çevirirlər:
“Bəzən elə elanlara rast gəlirik ki, valideynlərə uşaqların qidalanmasını, davranışını və gündəlik fəaliyyətini xüsusi kamera sistemi vasitəsilə izləmək imkanı vəd edilir. Lakin bu məsələnin hüquqi tərəfləri çox vaxt nəzərə alınmır.
Müəllimlərin və şagirdlərin daim kamera nəzarəti altında olması beynəlxalq hüquqi normalarla ziddiyyət təşkil edə bilər. Məktəblərin bütün ərazilərində, xüsusilə də sinif otaqlarında səs yazma funksiyasına malik kameraların quraşdırılması həm müəllimlərin, həm də şagirdlərin hüquqlarına təsir göstərir.
Təhsil prosesi zamanı müəllimin və şagirdin fasiləsiz şəkildə izlənilməsi düzgün yanaşma hesab olunmur. Müəllim özünü daimi nəzarət altında hiss edə və buna etiraz göstərə bilər. Bu, onun peşə fəaliyyətinə psixoloji təsir göstərən amillərdən biridir”, – deyə o, bildirib.
Ekspert əlavə edib ki, məktəbəqədər müəssisələrdə də valideynlər kamera nəzarətinə daha çox maraq göstərsələr də, bu zaman digər uşaqların görüntülərinin yayılması kimi risklər yaranır.
Məmmədlinin sözlərinə görə, uşaqların şəxsi məlumatlarının və görüntülərinin qorunması beynəlxalq konvensiyalarla tənzimlənir və bu səbəbdən təhsil müəssisələrində kamera sistemlərinin tətbiqi məsələsinə
yalnız təhlükəsizlik deyil, həm də hüquqi və etik baxımdan yanaşmaq lazımdır. O, hesab edir ki, bu sahədə atılacaq addımlar müəllimlərin, şagirdlərin və valideynlərin hüquq və maraqları arasında balansı təmin etməlidir.