ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tel-Əviv arasında artan pərdəarxası gərginlik fonunda İsrailin Baş naziri Binyamin Netanyahunun siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp ABC News telekanalına müsahibəsində Netanyahunun qarşıdan gələn ümumi seçkilərdə yenidən namizəd olub-olmayacağı barədə qəti fikir bildirməyib.
İsrail Baş nazirinin növbəti seçkilərdən sonra ölkəyə rəhbərlik edib-etməyəcəyinə dair suala cavab verən Tramp, “Bilmirəm” deyərək əlavə edib:“O, davam etmək istəyirmi? Çünki o, müharibə dövrünün baş naziridir. Biz bu müharibəni çox tezliklə, bu və ya digər şəkildə qazanacağıq və o, həmin dövrün baş naziridir.”
ABŞ prezidenti Netanyahunun siyasi planlarının hələ də qeyri-müəyyən olduğunu vurğulayaraq bildirib:“Onun yenidən namizəd olub-olmayacağı açıq sualdır. Maraqlıdır, görəsən, davam etmək istəyirmi?”
Trampın açıqlamaları Vaşinqton və Tel-Əviv münasibətlərinin gündəmdə olduğu bir vaxtda diqqət çəkib. ABŞ lideri uzun illərdir İsrailə rəhbərlik edən Netanyahunun gələcəyinin qeyri-müəyyən olduğunu qeyd edərək, ölkəsinin İsraildə mümkün siyasi dəyişikliklərə hazırlaşdığını da işarə edib.
Aytən Yaşar/ Turkustan.az