İyunun 16-da Məhərrəm ayının başlaması ilə bağlı ölkədə hər il olduğu kimi bu dəfə də yenidən toy mərasimlərinin keçirilib-keçirilməməsi mövzusu müzakirə predmetinə çevrilib. Bir qrup vətəndaş bu ayda şənliklərin təşkilini düzgün hesab etmədiyi halda, digər qrup bunun dini qadağa olmadığını bildirir.
Bu ayda toyların qadağan olunması ilə bağlı dini əsas varmı?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, Quranda müəyyən ay və günlərdə toyların qadağan olunmasına dair heç bir hökm yoxdur:
“İslam dininin yeganə və tək mənbəyi Qurandır. Quranda isə hansısa ayda, hansısa gündə toy etmək, ailə həyatı qurmaq barədə heç bir qadağa yoxdur. Bu insanların şəxsi qərarlarıdır. Çünki bir ailənin, bir nəslin həyatında baş verən hansısa yas və ya mənfi iz buraxan bir tarix varsa, təqvim mövcuddursa, insanlar bunu öz qərarlarıyla müəyyənləşdirirlər. Nə Ramazan ayında, nə may ayında, nə yanvar, nə də ki Məhərrəm ayında da bu cür qadağa yoxdur. Lakin bəzi insanların hansısa gündə və ya ayda toy edib-etməməsinə sayğıyla yanaşmaq lazımdır. Lakin bunu din adına demək doğru yanaşma deyil.
Qərb bölgəsində hər zaman Məhərrəmlikdə toy edilməsi, cənub bölgəsində edilməməsi ənənədir. Qurana heç bir aidiyyatı yoxdur. Bu gün ərəblərin toy edib-etməməsi məsələni din halına gətirmədiyi kimi, farsların, yaxud da hansısa millətin ənənəsi də dinin əmri və buyruğu ola bilməz”.
İslamşünas Fərid Abdullanın sözlərinə görə, Məhərrəm ayında toy və digər mərasimlər şəri baxımdan qadağan deyil:
“Məhərrəmül-Həram hicri-qəməri təqviminin ilk ayıdır. Bu ayın belə adlandırılmasına səbəb kimi, həmin vaxtda müharibə etməyin haram buyurulması göstərilir. İmam Hüseynin (ə) və sadiq dostlarının şəhadəti ilə nəticələnən Kərbəla vaqiəsi hicri 61-ci ilin məhz Məhərrəm ayında baş verib. Əhli-beyt ardıcılları hər il bu ayın ilk on gününü İmam Hüseyn (ə) və onun tərəfdarları üçün yas saxlayıb əzadarlıq edirlər. Əlbəttə, bəzi bölgələrdə bu matəm mərasimləri İmam Hüseynin (ə) şəhadətinin qırxına, yəni Səfər ayının iyirmisindəki Ərbəin gününə qədər, ümumilikdə 50 gün davam edir. Səfər ayının sonu Peyğəmbərimizin və İmam Həsənin də vəfat ildönümləri olduğu üçün bu müddət iki aya qədər də davam edə bilər. Yəni insanlar könüllü şəkildə aşırı əyləncə təzahüründən imtina edirlər. Əlbəttə, Məhərrəm ayında toy, nişan, kəbin oxumaq, ad günü keçirmək, alğı-satqı və bu qəbil şeylər haram deyil. Sadəcə insanlar Məhərrəm və Səfər aylarında müəyyən şeyləri gözləyirlər, bunu könüllü edirlər, aşırı əyləncə izhar və nümayiş etdirmirlər. Bir daha deyim ki, bu, ümumi şəri vəzifə deyil”.
Onun sözlərinə görə, bu ay Kərbəla faciəsi ilə bağlı matəm kimi anıldığı üçün bir çox insan şənliklərdən könüllü şəkildə imtina edir:
“Zatən son illərdə heç bunlara riayət etməyən də bəs qədər adamlar var. Gözləyənlər isə bunu könüllü edir. Bəziləri belə düşünür ki, Məhərrəmlik 60 gündür. Xeyr. Qəməri ayı ya 29, ya 30 gün olur. Növbəti ay Səfər ayıdır ki, bu ay da ağır ay hesab edilir. Çünki İmam Hüseynin 40-ı Səfər ayına düşür, həm də dediyim ki, Peyğəmbərimizin vəfatı da.
Əlbəttə, bu ayda bəzi xürafatlar da baş verir ki, onları saysaq, uzun bir yazı alınar. Hər bir halda xürafat, qan tökmək, mənşəyi bilinməyən şeylərdən çəkinmək gərəkdir və qarşıya çıxan hansısa bir sualda din xadiminə müraciət etmək lazımdır”.