Heqsetin rəhbərliyi altında Pentaqonda böhran dərinləşir


ABŞ Müdafiə Naziri Pit Heqsetin rəhbərliyi dövründə Pentaqonda daxili gərginliyin və etimadsızlığın artdığı bildirilir.

Turkustan.az xəbər verir ki, sədaqət məsələləri və informasiya sızmaları ilə bağlı narahatlıqların fonunda qurum daxilində ciddi idarəetmə problemlərinin yarandığı iddia olunur.

CNN International-ın 15 hazırkı və keçmiş müdafiə rəsmisinə istinadən yaydığı məlumata görə, Pentaqonda son aylarda “sədaqət sınaqları” və “qorxu atmosferi” formalaşıb.

Mənbələrin sözlərinə görə, Heqsetin idarəetmə yanaşması informasiya sızmaları ilə bağlı həssaslıq və rəhbərliyə tam bağlılıq tələbi üzərində qurulub. Nəticədə, qurum daxilində qərarların qəbulunda ehtiyatlılıq artıb və bir çox yüksəkvəzifəli əməkdaş öz gələcəyi ilə bağlı narahatlıq keçirməyə başlayıb.

Hesabatda qeyd olunur ki, bu proses çərçivəsində 20-dən çox yüksək rütbəli zabit və vəzifəli şəxs postunu tərk edib, bəzi mühüm təyinatlar isə müxtəlif səbəblərlə dayandırılıb. Mənbələr iddia edirlər ki, yaranmış vəziyyət Pentaqonun fəaliyyətinə və qərarvermə proseslərinə mənfi təsir göstərib.

CNN-ə danışan rəsmilərdən biri bildirib ki, qurumda bir çox əməkdaş hər addımının və qərarının karyerasına necə təsir göstərə biləcəyi barədə düşünmək məcburiyyətində qalıb. Bu isə iş mühitində əlavə gərginlik yaradıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ