Azərbaycanda vətəndaşlar pensiya, əmək haqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər.
Turkustan.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu layihə məcburi xarakter daşımır.
"Bu yanaşma vətəndaşlara öz banklarını sərbəst seçmək imkanı verəcək. Vəsait alan şəxslərə bank seçimi üzrə alternativ imkanların yaradılması nəzərdə tutulur. Bankların pensiyaçılara təqdim etdiyi xüsusi xidmət paketləri, o cümlədən nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirləri genişlənəcək. İlkin mərhələdə əmək haqqı ödənişləri, daha sonrakı mərhələlərdə isə pensiya və sosial müavinətlərin icrası Ani Ödənişlər Sistemi üzərindən reallaşacaq. Bu çox geniş və çox şaxəli bir layihədir. Bu layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında daim müzakirələr aparılır." - deyə o qeyd edib.