Aram Sərkisyan hansısa müxalif partiyanın rəhbəri idi. Onun konkret vəzifəsi yox idi, ictimai təşkilatı təmsil edirdi. Orada qeyri-rəsmi görüşlər keçirilirdi. Bu, ABŞ fondunun və Rusiyanın Prezident Administrasiyasının hansısa təşəbbüsü idi. İctimaiyyət üçün görüşlər təşkil olunurdu və mən də orada iştirak etmişdim. Onunla da orada görüşmüşdük.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Aram Sərkisyanın Azərbaycanla bağlı son açıqlaması barədə danışarkən deyib.
“Müsahibənin daha geniş formasını oxudum və doğrusu, başa düşmədim. Mənim dediyim sözlərin onun danışdığı hadisələrlə nə əlaqəsi var? Birincisi, mənim bu sözləri deyib-deməməyim sual altındadır. Yadıma düşmür.
1999-cu ildə parlamentdə baş verən güllələnmə hadisəsi yada salınır. Ümumi fikir ondan ibarət idi ki, bu, Köçəryana qarşı, onun qərbmeyilli addımlarına qarşı atılmış bir addım idi. Bizim həmin məsələ ilə əlaqəmiz yox idi. O hadisə tamamilə açıqlanmayıb. Mən o vaxt soruşurdum ki, nə baş verib və s.
Orada kofe içməyimiz istisna olunmur. Lakin bu sözlərin deyilməsi, daxili işlərin şərh olunmasının əlaqəsini görmədim. Ətraflı danışsın, biz də başa düşək”, - o bildirib.