“Azərbaycanın kulinariya irsini dünyaya tanıtmaq istəyirik” - Səbinə Hacıyeva


1979-cu ildə yaradılan “World Young Chef, Young Waiter & Young Mixologist” (WorldYYY) beynəlxalq müsabiqəsi ilk dəfə Azərbaycanda keçirilir. Qonaqpərvərlik sektorunda çalışan gənc istedadların üzə çıxarılmasına və peşəkar inkişafına xidmət edən layihə aşpazların, ofisiantların və miksoloqların bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirməsinə imkan yaradır.

Turkustan.az xəbər verir ki, bunu müsabiqənin birgə lisenziya sahibi, “Lady of Gold” podkastının aparıcısı Səbinə Hacıyeva bildirib.

Onun sözlərinə görə, “WorldYYY”nin Azərbaycanda təşkili ölkənin qonaqpərvərlik, turizm və kulinariya sektorlarının inkişafı baxımından əhəmiyyətlidir:

“Birgə lisenziya sahibi olaraq bu beynəlxalq proqramı Azərbaycana gətirməkdən məmnunam. Məqsədimiz gənc mütəxəssislərin qonaqpərvərlik sənayesində inkişafına dəstək olmaq, onların istedadlarını üzə çıxarmaq və beynəlxalq səviyyədə tanınmaları üçün imkan yaratmaqdır”.

Müsahibimiz diqqətə çatdırıb ki, 2026-cı ildə ilk dəfə Azərbaycanda keçirilən müsabiqənin əsas məqsədlərindən biri ölkəmizin zəngin kulinariya irsini müasir qonaqpərvərlik ənənələri ilə birləşdirməkdir:

“Bakı tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu şəhər olub və bu gün də kulinariya, turizm və xidmət sahələrində inkişaf edir. İstəyimiz Azərbaycanın beynəlxalq qastronomiya məkanı kimi tanınmasına töhfə vermək, yerli istedadları dəstəkləmək və ölkəmizin kulinariya mədəniyyətini dünya miqyasında tanıtmaqdır. Yerli istehsalçıların, fermerlərin, sənətkarların, qida və içki təchizatçılarının fəaliyyətinin təşviqi də layihənin vacib istiqamətlərindəndir”.

Lisenziya sahibi vurğulayıb ki, Azərbaycan üzrə regional final oktyabrın 19–20-də Bakıda keçiriləcək:

“Yaban Hospitality Group”un ev sahibliyi etdiyi tədbir sənaye nümayəndələrinin görüşlərini, təqdimatları, sərgiləri, canlı yarışmaları və mükafatlandırma mərasimini əhatə edir. Yarışma çərçivəsində iştirakçılar real xidmət şəraitində peşəkarlıqlarını, komanda ilə işləmək bacarıqlarını, dəqiqliklərini və müştərilərə xidmət keyfiyyətlərini nümayiş etdirirlər. Azərbaycan üzrə müsabiqəyə 100-dən çox müraciətin daxil olması və 12 finalçının müəyyənləşdirilməsi gənclərin bu sahəyə marağını göstərir. Qalib gələn komanda 2027-ci ilin martında Londonda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək. Bu, iştirakçılar üçün beynəlxalq təcrübə qazanmaq, yeni əlaqələr qurmaq və peşəkar inkişaflarını davam etdirmək baxımından mühüm fürsətdir”.

Həmsöhbətimiz qeyd edib ki, “WorldYYY”nin beynəlxalq fəaliyyəti 14 ölkəni əhatə edir:

“Regional yarışmalar gənc mütəxəssislərə müxtəlif ölkələrin təcrübələrini öyrənmək, bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək və gələcək karyeraları üçün yeni imkanlar qazanmaq şəraiti yaradır. Layihə əvvəlki illərdə Dubayda Expo 2020, Monakoda Maybourne Riviera, Monte-Karloda Hôtel de Paris, Sinqapurda At-Sunrice Chefs Academy və Londonda Jumeirah Carlton Tower kimi nüfuzlu məkanlarda təşkil olunub. Tərəfdaşlar arasında Formula 1, Turkish Airlines, VisitMalta və digər qurumlar yer alır”.

Layihə təşkilatçısı bildirib ki, təşəbbüsün digər mühüm istiqamətlərindən biri sosial inklüzivliyin təşviqidir:

“WorldYYY Education Foundation” sosial baxımdan həssas qruplara aid gənclərin qonaqpərvərlik sektoruna daxil olmasına mane olan çətinliklərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Təşkilat mentorluq və təcrübə proqramları vasitəsilə gənclərə dəstək olur, onların bu sahədə peşəkar karyera qurmasına şərait yaradır. İnanıram ki, “WorldYYY”nin Azərbaycanda keçirilməsi ölkəmizin kulinariya mədəniyyətinin dünyada daha geniş tanınmasına, gənclərimizin beynəlxalq təcrübə qazanmasına və yerli biznes nümayəndələri ilə əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Bu təşəbbüs, eyni zamanda, Azərbaycanın qlobal qonaqpərvərlik sənayesində mövqeyinin möhkəmlənməsi üçün yeni imkanlar yaradacaq”.


MANŞET XƏBƏRLƏRİ