Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli sammit keçirməyi təklif edib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, Moskvanın təşəbbüsünün əsas məqsədi Ukrayna müharibəsinin Rusiyanın maraqlarına uyğun şərtlərlə başa çatdırılması üçün zəmin yaratmaqdır:
“Rusiya kəşfiyyatının adının açıqlanmasını istəməyən keçmiş əməkdaşının sözlərinə görə, Putin bu ideyanı oktyabrın 9-da Tramp ilə telefon danışığı zamanı gündəmə gətirib. Kremlin mətbuat katibi Dmitri Peskov da üçtərəfli görüşlə bağlı müzakirələrin aparıldığını təsdiqləyib.
Tərəflər belə bir görüşün keçirilməsi ehtimalını nəzərdən keçirsələr də, Tramp hələlik sammitə razılıq verməyib. Kreml liderlərin görüşünü noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində təşkil etməyi təklif edib”.
Məlumata görə, Rusiya rəsmiləri təşəbbüsü diplomatik kanallar vasitəsilə Pekinə çatdırıblar:
“Çin tərəfinin Tramp təklifi dəstəkləyəcəyi təqdirdə görüşlə razılaşacağı deyilir. Bildirilir ki, belə bir sammit Si Cinpin üçün Çinin beynəlxalq məsələlərdə nüfuzlu diplomatik vasitəçi rolunu gücləndirmək baxımından əhəmiyyətli addım ola bilər. Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Putinin bu təşəbbüsə dünyanı nüfuz dairələrinə bölməyi nəzərdə tutan “İkinci Yalta sammiti” kimi yanaşdığını deyib.
Bununla yanaşı, mümkün üçtərəfli görüşün Pekinin Ukrayna münaqişəsində daha fəal rol oynamasına gətirib çıxara biləcəyi ehtimal edilir. Bu ssenari, həmçinin Moskva ilə Pekin arasındakı yaxınlaşmaya ehtiyatla yanaşan Avropa ölkələrinin narazılığına səbəb ola bilər”.
Qeyd edək ki, 1945-ci ildə keçirilən Yalta konfransında SSRİ, ABŞ və Böyük Britaniya liderləri İkinci Dünya müharibəsindən sonrakı dünya nizamını və Avropanın gələcəyini müzakirə ediblər. “İkinci Yalta” ifadəsi isə dünyanın nüfuz dairələrinə bölünməsi və böyük güclər arasında yeni razılaşmanın əldə olunması ideyasına işarə edir. Rusiya kəşfiyyatının keçmiş əməkdaşının iddiasına görə, Putin də təklif etdiyi üçtərəfli sammitə bu prizmadan yanaşır./Globalinfo.az