ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırdığı barədə iddialardan sonra Avropa telekommunikasiya şirkətləri müstəqil rabitə sistemləri yaratmaq istiqamətində addımlar atırlar.
Turkustan.az xəbər verir ki, Almaniyanın telekommunikasiya nəhəngi Deutsche Telekom-un rəhbərlik etdiyi Avropa şirkətləri fasiləsiz peyk rabitəsini təmin edəcək şəbəkə qurmağı planlaşdırırlar.
Deutsche Telekom, İspaniyanın Telefónica, Böyük Britaniyanın Vodafone və Fransanın Orange şirkətləri mobil peyk xidmətləri üçün birgə radiotezlik tenderində iştirak etmək məqsədilə niyyət məktubu imzalayıblar.
Razılaşmaya əsasən, dörd şirkət standart mobil cihazlarla peyklər arasında səsli rabitə və internet bağlantısını təmin etmək üçün zəruri yerüstü infrastrukturu birgə quracaq.
Peyk rabitəsini təmin edəcək tərəfdaş isə hələ seçilməyib. Təşəbbüs çərçivəsində bütün Avropa mobil şəbəkə operatorlarına yaradılacaq peyk şəbəkəsinə bərabər və ayrı-seçkilik olmadan çıxış imkanı veriləcək.
Aytən Yaşar/Turkustan.az