Avropada etiraz dalğası böyüyür: Etirazlara səbəb nədir?


Avropanın bir sıra ölkələrində, xüsusilə Fransa, İspaniya və Portuqaliyada gənclərin etirazları artmaqdadır.

Turkustan.az xəbər verir ki, təhsil sistemindəki problemlər, mənzil qiymətlərinin yüksəlməsi və yaşayış xərclərinin artması narazılıqları gücləndirib. Gənclər həm təhsil sahəsindəki çətinliklərə, həm də bahalaşmaya etiraz etmək üçün küçələrə çıxıblar.

Fransada lisey şagirdləri uzun dərs saatları, müəllim çatışmazlığı, sinif otaqlarının lazımi səviyyədə saxlanılmaması və universitetlərə qəbul sistemində şəffaflığın olmamasına etiraz edərək polislə toqquşublar.

Müəllim vakansiyalarının doldurulmaması səbəbindən bəzi şagirdlərin aylarla dərslərdən kənarda qalmaq riski ilə üzləşdiyi bildirilir.

Sonradan digər etirazçılar da tələbələrin yürüşlərinə qoşularaq yaşayış xərclərinin artmasına qarşı çıxıblar. Hörmüz boğazının faktiki bağlanması ilə əlaqələndirilən yanacaq qiymətlərinin yüksəlməsi də etirazların əsas mövzularından birinə çevrilib.

Fransanın ən böyük həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası etirazları dəstəkləyərək qiymətlərin aşağı salınmasını, pensiya və əmək haqlarının artırılmasını tələb edib.

İspaniyada mənzil qiymətlərinin artması etirazlara səbəb olub. Sentyabrda 87 yaşlı Marikarmen Abaskalın kirayə haqqının 230 faiz artırılmasından sonra evindən çıxarılması narazılığı daha da gücləndirib. Etirazçılar kirayələrin azaldılmasını, evdən çıxarılmalara son qoyulmasını və investisiya fondlarının mənzil almasına məhdudiyyətlər qoyulmasını istəyiblər.

Portuqaliyada da yüzlərlə insan Lissabonda mənzil böhranına etiraz edib. Rəsmi məlumatlara görə, 2015–2024-cü illərdə ölkədə mənzil qiymətləri 124 faiz artıb.

İtaliyanın Milan şəhərində də mənzil xərcləri etirazların əsas mövzularından olub. Dinc başlayan yürüş sonradan zorakılığa çevrilib, maskalı şəxslər polisə daş və digər əşyalar atıb, barrikadaları yandırıblar.

Albaniyada isə Baş nazir Edi Ramaya qarşı etirazlar altıncı gününə çatıb. Nümayişçilər korrupsiya, iş imkanlarının azlığı və təhsil standartlarının aşağı olmasından narazılıqlarını bildiriblər.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ