ABŞ və Rusiya arasında son günlər müşahidə olunan yaxınlaşma Ukrayna müharibəsinin gələcəyi ilə bağlı yeni suallar yaradır.
ABŞ Prezidenti Donald Trampın Vladimir Putinlə razılaşma əldə etməsi, Rusiya lideri haqqında müsbət fikirlər səsləndirməsi, eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskini müharibəni bitirmək istəməməkdə ittiham etməsi Vaşinqtonun müharibəyə yanaşmasında dəyişikliklərin baş verdiyini göstərir. Oktyabrın 17-də Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salması və Rusiya ilə dizel yanacağının tədarükü barədə razılaşma da bu prosesin diqqətçəkən məqamlarındandır.
Belə bir şəraitdə əsas sual yaranır: ABŞ və Rusiya arasında münasibətlərin yumşalması Ukraynanın danışıqlardakı mövqeyini zəiflədə, yoxsa müharibənin başa çatması üçün yeni imkanlar yarada bilər? Vaşinqtonun Moskvaya münasibətindəki dəyişikliklər müharibənin taleyinə və Kiyevə göstərilən dəstəyin gələcəyinə necə təsir edəcək? Turkustan.az bu sualları politoloq Oqtay Qasımova ünvanladı.
Oqtay Qasımov
Donald Trampın Rusiya-Ukrayna müharibəsinə münasibəti onun hakimiyyətinin ilk dövründən bəlli idi. Belə ki, fevral ayında Vaşinqtonda, Oval kabinetdə Volodimir Zelenski ilə yaşanan qalmaqal hələ də unudulmayıb. Həmin görüşdə Tramp israr edirdi ki, Ukraynanın əlində ciddi imkanlar yoxdur və ölkə güzəştlərə getməlidir.
Doğrudur, Ukrayna tərəfi sonradan yaranmış gərginliyi müəyyən qədər yumşaltmağa nail oldu və ABŞ-ın dəstəyi davam etdi. Amma ümumilikdə Donald Tramp Co Bayden administrasiyasından fərqli olaraq, Ukraynaya dəstəyi təmənnasız göstərmir. O, Avropa vasitəsilə silah satışı həyata keçirərək Ukraynanın silahla təmin olunmasına davam edir.
Bu kontekstdə ötən il avqustun 15-də Alyaskada Vladimir Putinlə Donald Tramp arasında keçirilən görüşü də xatırlamaq lazımdır. Həmin görüşdə də Tramp Ukraynanın müharibənin dayandırılması üçün ciddi güzəştlərə getməli olduğunu bildirirdi. Bundan sonra Avropa liderləri və NATO rəhbərliyi ilə yanaşı, Avropa İttifaqının nümayəndələri də Vaşinqtona səfər etdilər və Tramp müəyyən qədər mövqeyini dəyişdi.
Ümumiyyətlə, ötən ilin sonlarına doğru Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Trampın planı açıqlanmış, sonradan həmin planda dəyişikliklər edilmişdi. Bu planın əsas müddəalarında Ukraynanın güzəştlərə getməli olduğu açıq şəkildə görünürdü. Ukrayna isə prinsipial mövqeyindən geri çəkilməyərək, mümkün güzəştlər müqabilində ABŞ-dan təhlükəsizlik təminatlarının verilməsi məsələsini gündəmə gətirirdi. Lakin bu məsələ də öz həllini tapmadı.
Hazırda Trampın əvvəlki mövqeyinə qayıtdığını görürük. Bu dəfə o, açıq şəkildə Ukraynada hakimiyyət dəyişikliyi məsələsini gündəmə gətirir. Ancaq nəzərə alsaq ki, Zelenskini əvəz edə biləcək şəxslərin də Trampın düşündüyü kimi Ukrayna ərazilərini Rusiyaya güzəştə getmək niyyətində olmadığı ehtimal edilir, burada əsas məqsədin təzyiq mexanizmlərindən istifadə etmək olduğunu düşünmək olar.
Eyni zamanda, Trampın açıqlamaları daxili auditoriyaya da hesablanıb. Belə ki, o, qarşıdan gələn aralıq seçkilərdə Respublikaçılar Partiyasının mümkün qədər az səs itirməsinə çalışır. Digər tərəfdən, Tramp Avropa ölkələrinə təzyiqlərini də davam etdirir. Bu baxımdan, Rusiyadan təzyiq vasitəsi kimi istifadə etdiyini söyləmək olar.
Bununla belə, ABŞ həqiqətən də Trampın bəyan etdiyi kimi Ukraynaya dəstəyini davam etdirərsə, bu, Kiyev üçün olduqca mühüm üstünlük yarada bilər. Nəzərə alsaq ki, ABŞ bir neçə gün əvvəl dayandırdığı kəşfiyyat məlumatlarının Ukrayna ilə paylaşılmasını yenidən bərpa edib, bunu müsbət hadisə kimi qiymətləndirmək olar.
Eyni zamanda, ABŞ cəmiyyətində, Konqresdə və Senatda Trampın bu siyasətinə qarşı çıxan ciddi qüvvələr var. Bu baxımdan, Tramp həmin qüvvələrin mövqeyini də nəzərə almaq məcburiyyətindədir.
Bir daha qeyd etmək lazımdır ki, əgər Tramp administrasiyası ABŞ-ın Ukraynaya dəstəyini dayandırarsa, bu, Ukrayna üçün olduqca ciddi və mürəkkəb vəziyyət yarada bilər.
Aytən Yaşar/ Turkustan.az