“Müsəlman Birliyi Hərəkatı”nın (MBH) Almaniyada aksiya keçirməsi ilə bağlı sosial şəbəkələrdə və saytlarda məlumat yayılıb. Bu, təşkilatın siyasi mövqeyi və xarici təsir dairələri ilə əlaqələri barədə yeni suallar doğurur. Azərbaycan bayraqlarının İran bayraqları ilə yanaşı nümayiş etdirilməsi, Azərbaycan Dövlət Himninin səsləndirilməsi və fars dilində yazılmış plakatlardan istifadə olunması aksiyanın siyasi mahiyyətini müzakirə mövzusuna çevirir.
Maraqlıdır, Almaniya dini müxalifətə və İranla əlaqəli şəbəkələrə niyə şərait yaradır?
Azərbaycandan olan “söyüş blogerləri” əsasən Almaniya və Fransada məskublaşıb. Bu iki ölkə onlara siyasi sığınacaq verib.
PKK-nın bir çox tanınmış üzvünün uzun illər Almaniyada fəaliyyət göstərməsi də vaxtaşırı xatırlanır. Almaniya bəzən PKK-nın “hospitalı” adlandırılır. Təşkilatla əlaqəli şəxslərin bu ölkənin klinikalarında müalicə aldığına dair iddialar da səsləndirilib.
Turkustan.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Ülviyyə Zülfüqar deyib ki, Almaniyada Azərbaycana qarşı yönəlmiş aksiyalar bir daha göstərir ki, bəzi Avropa ölkələrinin ərazisi ölkəmizin suverenliyinə və milli maraqlarına qarşı fəaliyyətlərin təşkil olunduğu məkana çevrilir:
“Xüsusilə dini şüarlar altında siyasi məqsədlər güdən radikal qrupların fəallaşması, onların Azərbaycandakı dünyəvi dövlətçilik prinsiplərini hədəfə alması ciddi narahatlıq doğurur. Azərbaycan Konstitusiyasına əsasən, ölkəmiz dünyəvi dövlətdir və daxili siyasət, o cümlədən təhsil sistemində tətbiq olunan qaydalar yalnız milli qanunvericilik çərçivəsində müəyyən edilir. Bu məsələlərdən siyasi təzyiq vasitəsi kimi istifadə olunması, dini hisslərin manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir.
Təəssüf doğuran məqamlardan biri də Almaniya və Fransanın Azərbaycana qarşı təhqir və böhtan ritorikasından istifadə edən bəzi şəxslərin fəaliyyətinə münasibətidir. Siyasi sığınacaq və ifadə azadlığı kimi demokratik institutlar qlobal miqyasda insan hüquqlarının müdafiəsinə xidmət etməli, başqa dövlətlərə qarşı məqsədyönlü qarayaxma kampaniyalarının alətinə çevrilməməlidir.
Ülviyyə Zülfüqar
Öz ərazilərində bu cür fəaliyyətlərə münasibətdə seçici yanaşma nümayiş etdirən Avropa dövlətlərinin digər dünya ölkələrindən demokratik prinsiplərə əməl olunmasını tələb etməsi ikili standartlarla bağlı sualları daha da aktuallaşdırır”.
Ülviyyə Zülfüqarın sözlərinə görə, Almaniyanın radikal və terrorçu təşkilatların Avropadakı fəaliyyəti ilə bağlı tarixən müzakirə mövzusu olması da diqqətdən kənarda qalmamalıdır:
“Xüsusilə PKK-nın bu ölkədə uzun illər ərzində formalaşdırdığı təşkilati və maliyyə şəbəkələri, tərəfdar toplamaq imkanları və müxtəlif strukturlar vasitəsilə fəaliyyətini davam etdirməsi barədə məlumatlar ciddi narahatlıq yaradıb. PKK Almaniyada 1993-cü ildən qadağan edilmiş təşkilatdır və onun fəaliyyətinə qarşı hüquq-mühafizə tədbirləri həyata keçirilsə də, təşkilatın ölkədəki mövcudluğu ilə bağlı təhlükəsizlik məsələləri aktuallığını saxlayır. PKK üzvlərinin Almaniyada tibbi yardım alması və bu ölkənin təşkilat üçün bir növ arxa cəbhə rolunu oynaması barədə səsləndirilən iddialar da ayrıca araşdırılmalıdır. Bütün bunlar Avropa dövlətlərinin radikalizm və terrorçuluqla mübarizədə ardıcıl və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini ortaya qoyur.
Demokratik dəyərlərdən və insan hüquqları anlayışından siyasi təzyiq vasitəsi kimi istifadə olunması qəbuledilməzdir. Almaniya və Fransa da daxil olmaqla, Avropa dövlətləri söz və sərbəst toplaşmaq azadlığının qorunması ilə radikalizmə, nifrət çağırışlarına və qanunsuz xarici müdaxiləyə qarşı mübarizə arasında hüquqi sərhədləri ardıcıl şəkildə tətbiq etməlidirlər”.
