4 uşaq atası Həsəni kor edən və öldürən o zəhər Bakıda da satılırmı...


Türkiyənin azı 17 vilayətində saxta alkoqoldan kütləvi zəhərlənmə baş verib və ölənlərin sayı hər gün artır. Onlarla adam xəstəxanalardadır, ölənlərin sayı dekabrın 22-nə olan məlumata görə 62-yə çatıb. Hüquq-mühafizə orqanları 81 ərazidə saxta alkoqollu içkilərin satıldığı mağazalar və anbarlar aşkarlayıblar, 5 nəfər saxlanılıb. Metanoldan hazırlanan saxta viski və şərabın hələ də ölkə boyu mağazalarda, yaxud qeyri-leqal satıldığı ehtimal edilir.

Ölənlərdən biri Antalyada yaşayan 4 uşaq atası 62 yaşlı Həsən Sülekdir. Dostunun hədiyyə etdiyi viskini içəndən bir neçə saat sonra görmə qabiliyyətini itirən Sülek xəstəxanaya yerləşdirilib və həmin gün də vəfat edib.

Yaxınları bildiriblər ki, ekspertlər viskinin içərisində normadan 3-4 dəfə artıq texniki spirt aşkarlayıblar. Hansı ki, həmin maddə boyaların silinməsində istifadə edilir. Evdə ailəsi ilə birgə ad gününü qeyd edən 57 yaşlı Mersin sakini isə bir neçə dəqiqədən sonra huşunu itirib, koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Edilən tibbi yardımlara baxmayaraq 3 gün sonra xəstəxanada vəfat edib. Ailəsi onun viskini yaxınlıqdakı marketlərin birindən alındığını bildirib.

Türkiyə mətbuatı xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin ağır vəziyyətdə olduğunu yazır. Saxta alkoqollu içkilərin əsasən gizli sexlərdə hazırlandığı bildirilir, amma xaricdən də ölkəyə gətirilməsi istisna deyil.

Xatırladaq ki, daha əvvəl Rusiyada saxta alkoqollu içkilərdən kütlvi ölümlər baş vermişdi. Bu ölkə üçün saxta alkaqoldan kütləvi ölümlər əslində ənənəvi hal sayılır.

Azərbaycanda isə saxta alkoqollu içkilərdən kütləvi zəhərlənmə və ölüm halları olmasa da hər halda ölüm və zəhərlənmə faktları qeydə alınır. Bəs bu o deməkdirmi ki, Azərbaycanda saxta alkoqollu içkilər daha azdır, yaxud belə içkiləri hazırlayanlar onlara ölümcül doza zəhər qatmırlar, yəni daha peşəkardırlar?

virtualaz.org xatırladır ki, Azərbaycanda alkoqoldan kütləvi zəhərlənmə sonuncu dəfə 2019-cu ilin dekabrın 21-də qeydə alınıb, 4 nəfər ölüb, 6 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin istintaqı zamanı məlum olub ki, Bakının hətta tanınmış restoranları belə spirtli içkiləri ucuz təklif etdikləri üçün gizli sexlərlə əməkdaşlıq ediblər. "Bandotdel"in (DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) keçirdiyi əməliyyat nəticəsində üzə çıxmışdı ki, belə gizli sexlər mağaza və şərab evlərinə də saxta araq və viskilər paylayıblar.

Son iki ildə kütləvi zəhərlənmələr baş verməsə belə, bu, problemin mövcud olmadığı anlamına gəlmir. Çünki təkcə bu il Bakıda daxil olmaqla bir neçə bölgədə saxta alkoqollu içki hazırlayan sexlər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə oktyabr və noyabr ayında belə sexləri aşkarlamaq üçün iki əməliyyat keçirib. Həmin sexlərin mənşəyi məlum olmayan spirt və qapaqlardan istifadə etməklə saxta içkilər hazırladıqları müəyyən olunub. Bəlli olub ki, daha sonra həmin spirtli içkilərin respublikanın rayonlarında fəaliyyət göstərən topdansatış mərkəzləri, marketlər, restoranlar və digər obyektlərdə satışını təşkil edilib. Aşkarlanan saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə tam yararsız olmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükəlidir.

Bir neçə gün əvvəl isə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində fəaliyyət göstərən topdan və pərakəndə satış müəssisəsində yoxlama keçirib və mağazada saxta spirtli içkilərin satıldığını aşkarlayıblar.

Bunlar aparılan yoxlamalar zamanı üzə çıxanlardır. Əslində isə spirtli içki hazırlayan sexlərin sayının daha çox olduğuna şübhə yoxdur.

Bakıda saxta spirtli içkilərin harada satıldığını müəyyən etmək adi alıcı, yaxud jurnalist üçün elə də asan deyil. Çünki bunun üçün laboratoriya analizlərinin aparılması lazım gəlir. Axı kim satdığı içkiyə saxta deyər ki?

Məsələn, metronun "28 May" stansiyasının yaxınlığındakı mağazalardan birinin satıcısı əmin etməyə çalışır ki, onlar gizli sexlərdə hazırlanan içkiləri satmırlar, hətta belə içkiləri təklif edənləri dərhal uzaqlaşdırırlar. "Bu mağaza topdansatış mərkəzi kimi nəzarətdədirlər, mütəmadi yoxlamalar aparılır, daimi müştərilərimiz var. Onlar itirə bilmərik",-satıcı deyir.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından virtualaz.org-a bildiriblər ki, spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə bağlı onlara nadir hallarda müraciətlər daxil olur.

Respublika Toksikologiya Mərkəzindən isə əksinə alkoqollu içkilərdən zəhərlənmə ilə bağlı müraciətlərin daxil olduğunu deyiblər. Mərkəzin rəhbəri Azər Maqsudov bildirib ki, bu il spirtli içkilərdən ölüm qeydə alınmayıb, lakin həddindən artıq alkoqol qəbulu və ya zəhərlənmə diaqnozu ilə gətirilənlər var: "Müraciət edənlər arasında içkinin keyfiyyətinin aşağı olması səbəbindən vəziyyəti pisləşənlər də olub".

A.Maqsudov deyib ki, metanol olduqca zəhərli maddədir, bu maddə korluq yaradır, insanı koma vəziyyətinə salır: "2019-cu ildə kütləvi zəhərlənmə və ölüm hadisəsindən sonra nəzarət tədbirləri gücləndirilib. Buna görə də son vaxtlar saxta içkilərdən ölüm qeydə alınmayıb".

Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Zamin Əliyev deyir ki, alkoqolizmdən əziyyət çəkənlərin arasında texniki spirt qəbul edənlər də, bahalı araq içənlər də var. Birincilər ikincilərdən fərqli olaraq həm də zəhərlənirlər. Onlarda yaddaş pozulur, ətrafa reaksiya itir: "Alkoqolun yaratdığı fəsadlar çoxdur. Bəziləri mərkəzə ağır vəziyyətdə gətirirlər. Belə xəstələr müalicə olunurlar".

H əkimlərdən biri isə adının çəkilməməsi şərti ilə deyib ki, metanoldan hazırlanan içkilərin tərkibinə guya zəhərlənmənin qarşısını almaq üçün müxtəlif dərman vasitələri də qatırlar. Amma bu içkilər insanın sinir sisteminə daha öldürücü təsir göstərir və ölüm də daha çox bu zaman baş verir...

Bakının müxtəlif məkanlarındakı şərab evlərində üzərilərində aksiz markası olmayan spirtli içkilərin, o cümlədən kifayət qədər bahalı içkilərin satışını da görənlər var. Əməkdaşlarımızdan biri Yasamal rayonundakı şərab evlərindən birində bu cür içkilərin satıldığını görüb, amma onların saxta olub-olmadığı məlum deyil. Çünki mağazada əmin ediblər ki, həmin içkilər "təmizdir", amma gömrük nəzarətindən yayındırılmaqla ölkəyə daxil olub deyə aksiz markası yoxdur. Qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olmuş içkilərin bu cür sərbəst satışının necə mümkün olduğu, vergi və hüquq-mühafizə orqanlarının diqqətindən necə yayındığı isə artıq ayrı mövzudur.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə bu günlərdə haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevlə söhbətində qaçaqmalçılıq yolu ilə ölkəyə spirtli içkilərin və siqaretlərin daxil olması faktlarının olduğunu təsdiqləsə də aksiz markaları olmayan spirtli içkilərin daha çox ölkə ərazisində, gizli sexlərdə hazırlandığını və satışa çıxarıldığını demişdi.

Fürsətdən istifadə edərək oxucularımıza müraciət edirik ki, belə gizli sexlər, onların ünvanları haqda məlumatları varsa redaksiyamıza bu məlumatları təqdim etsinlər. Çünki belə gizli sexlərin fəaliyyəti kütləvi ölümlərə də gətirib çıxara bilər, necə ki, qonşu ölkələrdə belə ölümlər baş verir.../virtualaz.org/


MANŞET XƏBƏRLƏRİ