Papa Leo XIV: Orada ədalətli müharibə yoxdur


Vatikanın rəhbəri Papa XIV Leo ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin “ədalətli müharibə” anlayışına uyğun gəlmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Papa İspaniyaya səfəri çərçivəsində Romadan Madridə uçarkən onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, jurnalistlərdən biri ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrana qarşı hərbi əməliyyatları müdafiə edərkən “ədalətli müharibə” nəzəriyyəsinə istinad etdiyini xatırladaraq, Papanın bu mövzudakı mövqeyini soruşub.

Papa XIV Leo cavabında bildirib ki, İrandakı müharibəni “ədalətli müharibə” kimi qiymətləndirmək mümkün deyil.

“Ədalətli müharibədən söhbət gedə bilməz. Bu nəzəriyyə əsrlər əvvəl, insanların müasir silahların dağıdıcı gücünü təsəvvür edə bilmədiyi dövrdə formalaşıb”, – deyə Papa vurğulayıb.

O əlavə edib ki, müasir münaqişələrin yaratdığı dağıntılar və insan itkiləri fonunda problemlərin həlli üçün dialoq və diplomatiya əsas vasitə olmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ