Ukraynanın xarici işlər naziri Andriy Sıbiha bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Rusiyanın bu həftə Ukraynaya qarşı həyata keçirdiyi intensiv hava hücumlarını müzakirə etmək üçün iyunun 8-də təcili iclas keçirəcək.
Turkustan.az xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qeyd edib ki, Ukrayna tərəfi Rusiyanın son hava hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Sıbiha bildirib ki, Təhlükəsizlik Şurasının iclası iyunun 8-də baş tutacaq. Onun sözlərinə görə, Rusiya sülhə doğru addım atmaq əvəzinə, gərginliyi daha da artırmaq yolunu seçir.
Nazir həmçinin vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Moskvaya mühüm təklif irəli sürüb. Sıbiha beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri davam etdirməyə çağıraraq, bunun müharibənin sona çatdırılması üçün vacib olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az