Ukrayna Yunanıstandan üzr istədi


Ukrayna İon dənizində aşkar edilən və partlayıcı maddələr daşıdığı müəyyənləşdirilən pilotsuz sualtı aparatla bağlı Yunanıstandan üzr istəyib.

Turkustan.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhiy Tıxıy məsələ ilə bağlı sosial şəbəkədə paylaşdığı açıqlamada Yunanıstana və yunan xalqına Rusiyaya qarşı müharibənin başlanğıcından etibarən göstərdikləri dəstəyə görə təşəkkür edib.

O bildirib ki, Kiyev Yunanıstanla dostluq münasibətlərinə böyük önəm verir və hər iki ölkə beynəlxalq və regional təhlükəsizlik, xüsusilə də dəniz təhlükəsizliyi sahəsində ortaq maraqlara malikdir.

Tıxıy vurğulayıb ki, Ukrayna beynəlxalq hüquqa və mülki gəmiçiliyin təhlükəsizliyi prinsiplərinə sadiqdir. Onun sözlərinə görə, İon dənizində baş verən insident Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzünün yaratdığı mürəkkəb şəraitin nəticəsidir.

Sözçü əlavə edib ki, Ukrayna tərəfi hadisəyə görə təəssüf hissi keçirir və gələcəkdə oxşar halların baş verməməsi üçün zəruri tədbirlərin görülməsində maraqlıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ