Tibbdə yeni kəşf - İrsi xəstəliklərin kökü belə kəsiləcək


Genetik xəstəliklərin qarşısının hələ embrion mərhələsində alınmasına imkan verə biləcək yeni texnologiya alimlərin diqqət mərkəzindədir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Kolumbiya Universitetinin alimləri insan embrionunun genlərini yüksək dəqiqliklə redaktə etməyə imkan verən yeni üsulu sınaqdan keçiriblər.

Tədqiqat çərçivəsində xolesterin səviyyəsi və hemoqlobinin istehsalı ilə əlaqəli iki gen üzərində dəyişiklik aparılıb. Yeni texnologiya məşhur CRISPR metodundan fərqli olaraq DNT zəncirini qırmadan genetik düzəliş etməyə imkan verir. Bu isə genetik materialın zədələnməsi riskini azaldır və daha dəqiq nəticə əldə etməyə şərait yaradır.

Alimlərin fikrincə, bu üsul gələcəkdə irsi xəstəliklərə səbəb olan genetik mutasiyaların embrion mərhələsində aradan qaldırılmasına kömək edə bilər.

Bununla yanaşı, tədqiqat zamanı bəzi embrionlarda mozaiklik halı da qeydə alınıb. Bu zaman hüceyrələrin bir hissəsində genetik dəyişiklik baş versə də, digər hissəsində dəyişiklik müşahidə olunmur. Buna görə də texnologiyanın tam təhlükəsiz və etibarlı hesab edilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğu vurğulanır.

Məlumata görə, bu istiqamətdə əldə olunan nəticələr gələcəkdə irsi xəstəliklərin müalicəsində yeni mərhələnin əsasını qoya bilər. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ