DİNİB-in “Azərbaycançılıq: tarixdən müasirliyə” adlı layihəsi Tovuzda davam etdi


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən “Azərbaycançılıq: tarixdən müasirliyə” adlı layihənin ikinci tədbiri Tovuz şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Layihə barədə ətraflı məlumat verən “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri və layihənin rəhbəri Çingiz Bayramov çıxış edərək bildirdi ki, azərbaycançılıq ideologiyasının əsas təməl dayağı güclü, müstəqil, dayanıqlı dövlət ideyasıdır. Azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında və milli ideologiyaya çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vardır. Məhz bu dövrdə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq azərbaycançılıq ideologiyasının nəzəri və praktiki əsasları təşəkkül tapıb.

Daha sonra Tovuz rayonu İcra Hakimiyyətinin məsul əməkdaşı çıxışında iştirakçıları icra hakimiyyəti adından salamlayaraq belə tədbirlərin rayonda davamlı keçirilməsinin önəmindən danışdı.

Ülkü Ocaqları Təhsil və Mədəniyyət Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Mehmet Alper çıxış edərək bildirdi ki, Türk dünyasının ayrılmaz parçası olan Azərbaycan dünya türklərinin tarixi mədəniyyət beşiyidir. Məhz Azərbaycanın prezidenti cənab İlham Əliyevin dediyi kimi “bizim bir ailəmiz vardır, o da Türk Dünyasıdır”. Eyni zamanda Milliyətci Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dediyi “Türkiyə ilə Azərbaycan sonsuzadək həmrəydir” sözünü xatırladaraq çıxışına davam etdi.

“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü (DİNİB) Anar Əsədov çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycançılıq ideyası yeni mərhələyə qədəm qoyub, ölkənin ərazi bütovlüyü və suverenliyi tam bərpa edilib, milli həmrəylik daha da güclənib. A.Əsədov çıxışına davam edərək dövlət başçısının Azərbaycançılıq ideologiyasının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi siyasətin önəmindən danışıb.

Daha sonra tədbirdə Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin üzvü İlhamə Həsənova; Tovuz rayonu müharibə Veteranları şurasının üzvü Etibar Həsənov və başqaları da çıxış edərək mövzu ətrafında müxtəlif fikir müzakirələri apardılar.


MANŞET XƏBƏRLƏRİ