İran: ABŞ bazaları hədəf alındı


İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun Sirik və Qeşm adalarına endirdiyi zərbələrdən sonra bölgədəki ABŞ hərbi obyektlərinin raketlərlə hədəfə alındığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İran tərəfinin bəyanatına görə, cavab zərbələri ABŞ qüvvələrinin həyata keçirdiyi hücumlara reaksiya olaraq həyata keçirilib.

Bu arada, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, ABŞ qüvvələri Hörmüz boğazında beynəlxalq dəniz nəqliyyatı üçün təhlükə yaratdığı iddia edilən dörd İran pilotsuz uçuş aparatını məhv edib.

CENTCOM həmçinin qeyd edib ki, ABŞ ordusu əlavə hücumların qarşısını almaq məqsədilə Goruk bölgəsində və Qeşm adasında yerləşən İranın sahil müşahidə radar sistemlərinə zərbələr endirib.

Bəyanatda vurğulanıb ki, ABŞ qüvvələri bölgədəki şəxsi heyət və obyektlərin təhlükəsizliyini təmin etmək üçün yüksək hazırlıq vəziyyətindədir və özünümüdafiə hüququ çərçivəsində fəaliyyət göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ