NATO ölkələri Ukraynaya 70 milyard avro həcmində yeni hərbi yardım paketinin ayrılmasını müzakirə edirlər.
Turkustan.az xəbər verir ki, yardımın gələn ay Ankarada keçiriləcək NATO sammitində elan oluna biləcəyi bildirilir.
Məlumata əsasən, Almaniyanın ötən ay irəli sürdüyü təşəbbüs Ukraynaya ayrılan vəsaitlərin daha şəffaf şəkildə koordinasiya olunmasını nəzərdə tutan yeni maliyyələşdirmə mexanizmini əhatə edir. Təklif bəzi üzv ölkələrin Ukraynaya dəstək yükünü digərlərinə nisbətən daha çox daşıdığı ilə bağlı narazılıqlar fonunda gündəmə gəlib.
NATO-dakı yüksəkvəzifəli diplomatlardan biri bildirib ki, Ankara sammitinin əsas məqsədlərindən biri Ukraynaya davamlı və daha ədalətli əsaslarla dəstəyin təmin olunmasına dair konkret öhdəliyin əldə edilməsidir.
“Əsas məqsəd Ukraynaya vacib dəstəyin davam etdirilməsi və bu dəstəyin müttəfiqlər arasında daha balanslı şəkildə bölüşdürülməsinə nail olmaqdır”, – deyə diplomat vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az