SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAŞ YOXLAMASI GƏLİR – Yeni qaydalar nəyi dəyişəcək?


Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması dünya ölkələrinin qarşısında duran əsas məsələlərdən birinə çevrilib. Azərbaycan da bu istiqamətdə beynəlxalq təcrübəni və yerli reallıqları nəzərə alaraq qanunvericilik bazasını təkmilləşdirməyə başlayıb.

Bu məqsədlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim edilib. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkələr və digər rəqəmsal platformalarda fərdi hesab yaratmasına icazə verilməyəcək. Həmçinin qanun qüvvəyə mindikdən sonra provayderlər mövcud hesabların yaş uyğunluğunu yoxlamalı, istifadəçinin 16 yaşını təsdiqləyən məlumat təqdim edilmədiyi halda həmin hesabları və onlara aid fərdi məlumatları silməlidirlər.

Son illərdə Azərbaycan rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atır. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt və innovasiya sahələrində həyata keçirilən layihələr ölkənin inkişaf prioritetləri sırasında yer alır. Bu istiqamətdə strateji sənədlər qəbul edilir, fəaliyyət planları hazırlanır və institusional islahatlar həyata keçirilir. Lakin rəqəmsal inkişaf yalnız texnologiyaların geniş tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda cəmiyyətin, xüsusilə də uşaqların və yeniyetmələrin təhlükəsizliyinin təmin olunmasını tələb edir. Məhz buna görə də uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

Əlbəttə, sosial şəbəkələr uşaqların ünsiyyət və məlumat əldə etmə imkanlarını genişləndirsə də, onların psixoloji sağlamlığı, davranışları və inkişafı üçün müəyyən risklər də yaradır. Kiberzorakılıq, dezinformasiya, aqressiv məzmun, qumar və zorakılıq elementləri daşıyan materiallar, eləcə də şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı problemlər valideynləri və dövlət qurumlarını narahat edən əsas məsələlər sırasındadır.

Sosioloq Üzeyir Şəfiyev "AzPolitika"ya şərhində bildirib ki, uzun müddətdir uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi zamanı yaranmış və yarana biləcək risklərlə bağlı sosial şəbəkələrdə hüquqazidd, əxlaqazidd paylaşımlar və uşaqların sosiallaşmasına neqativ təsir göstərən digər məzmunlarla əlaqədar cəmiyyətdə müzakirələr gedirdi: "27 fevral 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiya və kontentlərdən qorunması ilə bağlı sərəncamı oldu. Bu sərəncamda bir neçə məqam öz əksini tapmışdı. Burada ilk növbədə uşaq və yeniyetmələrin məktəbəqədər müəssisələrdə, məktəblərdə smart qurğulardan, internet resurslarından, süni intellekt texnologiyalarından istifadə qaydaları ilə bağlı məsələlər, eyni zamanda məktəblərdə kurikulum, proqram və dərs vəsaitlərində süni intellekt texnologiyalarından istifadə, smart qurğulardan istifadə ilə bağlı tövsiyələrin hazırlanması, metodiki vəsaitlərin hazırlanması, mövcud vəziyyətin araşdırılması ilə bağlı məqamlar var idi".

"Bu, çox təqdirəlayiq bir addımdır".

Ekspert qeyd edib ki, eyni zamanda Nazirlər Kabinetinə tövsiyə edilirdi ki, məhz üç ay müddətində müvafiq mexanizm işləyib hazırlasın ki, uşaq və yeniyetmələrin smart qurğulardan, sosial şəbəkələrdən və süni intellekt texnologiyalarından istifadəsi ilə bağlı yaş məhdudiyyətinin qoyulması məsələsi həll olunsun: "Parlamentdə Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində keçirilən müzakirələr də məhz uşaq və yeniyetmələrin sosial şəbəkə platformalarında fərdi hesab açması ilə bağlı mühüm məqamı əhatə edir və belə anlaşılır ki, qanunvericilik səviyyəsində artıq uşaq və yeniyetmələrin smart qurğulardan, internet resurslarından və sosial şəbəkə platformalarından istifadəsi ilə bağlı yeni qaydalar və mexanizmlər işlənib hazırlanacaq".

Sosioloqun sözlərinə görə, ilk növbədə, 16 yaşa qədər uşaqların fərdi hesab açması məhz onların valideynləri və ya qəyyumları vasitəsilə mümkün olacaq: "Belə ki, həmin uşaqların valideynləri və qəyyumlarının elektron ünvanları, mobil telefon nömrələri və digər elektron əlaqə vasitələri qeydiyyata alınacaq. İkinci növbədə müəyyənləşdiriləcək ki, uşağın yaş həddinin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi və identifikasiyası hansı mexanizmlərlə həyata keçiriləcək. Hesab edirəm ki, bu müzakirələr təqdirəlayiq müzakirələrdir. Bu məsələnin həm təkmilləşdirilməsinə ehtiyac olacaq, həm də əlavə normativ sənədlərin hazırlanmasına zərurət yaranacaq".

Ekspert əlavə edib ki, ilk növbədə onu qeyd edək ki, belə müzakirələrin aparılması, yaş məhdudiyyətinin müəyyənləşdirilməsi və 16 yaşa qədər olan uşaq və yeniyetmələrin müstəqil şəkildə deyil, valideynləri və qəyyumlarının qeydiyyatı ilə fərdi rəqəmsal hesab və sosial şəbəkə hesabı açması məsələsi diqqətəlayiqdir: "Həmçinin burada sosial şəbəkə platformalarının məsuliyyəti də nəzərdə tutulacaq, yəni hansı sosial şəbəkə platformalarının bu qaydalara əməl etməsi məsələsi də öz əksini tapacaq. Bu, çox təqdirəlayiq bir addımdır. Düşünürəm ki, bu və buna bənzər təkmilləşdirmələr sosial şəbəkə platformalarının uşaq və yeniyetmələr üçün sağlam sosiallaşma institutuna çevrilməsinə köməklik göstərəcək və onların sosial şəbəkələrdən daha praqmatik məqsədlərlə istifadə etməsinə şərait yaradacaq.

Neqativ paylaşımların, hüquqazidd məzmunların yayılmasına imkan verməyəcək. Düşünürəm ki, bu, həm yeniyetmələrin sosiallaşması üçün, həm də rəqəmsal mühitdə toksik paylaşımların, nifrət nitqinin və digər hüquqazidd davranışların yayılmasının qarşısını almağa kömək edə biləcək. Bununla bağlı həm də "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəqiqləşdirmələrin aparılması gözlənilir. Düşünürəm ki, bu dəqiqləşdirmələrdən sonra məhz sosial şəbəkə platformalarında daha sağlam sosiallaşma mühiti formalaşacaq".

Sosioloq Naib Niftəliyev "AzPolitika"ya şərhində bildirib ki, 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı qəbul ediləcək qanun layihəsi əslində uzun müddətdir hazırlanırdı və gözlənilən bir prosesdir: “Təbii ki, təşəbbüs ümumilikdə müsbətdir, pozitivdir və əsas məqsəd uşaqları zərərli kontentdən, müəyyən kənar təsirlərdən, kibertəzyiqdən, onlayn asılılıqdan və dezinformasiya təsirlərindən müəyyən mənada qorumaqdır. Təbii ki, burada kibertəhlükələr, onlayn ünsiyyətin yaratdığı təhlükələr, sosial ünsiyyətlə bağlı müxtəlif problemlərin ortaya çıxması, aldatma və manipulyasiya halları da özünü göstərir".

"Önəmli qərardır və tərbiyə prosesinə diqqətin artırılmasına xidmət edir".

Ekspert qeyd edib ki, texniki imkanlar artıq onu göstərir ki, bu təsirlərə daha çox məruz qalanlar və müəyyən mənada problemlər yaşayanlar əsasən texnologiyalar barədə tam təsəvvürü olmayan, onların təsiri altında hərəkət edən uşaqlar və yeniyetmələrdir. Bu mənada 16 yaş həddinin seçilməsi doğru yanaşma kimi görünür: "Digər tərəfdən, xüsusilə yeniyetmələrin psixoloji sağlamlığının qorunması, onların şəxsiyyətinin sağlam inkişafı baxımından bu önəmli qərardır və tərbiyə prosesinə diqqətin artırılmasına xidmət edir. Virtual və onlayn mühitdən qaynaqlanan risklərin azaldılması istiqamətində də bu qərarın müəyyən nəticələr verə biləcəyi şübhəsizdir", - deyə ekspert qeyd edib.

Ekspert təklfi edib ki, məktəblərdə sosial maarifləndirmə proqramları, internetdən təhlükəsiz istifadə qaydaları, müəyyən sayt və resurslara çıxışın tənzimlənməsi, texnoloji nəzarət prosedurları və riskli istiqamətlərə yönəlmənin qarşısını alan tədbirlər daha çox köməkçi vasitə rolunu oynaya bilər: "İnternet mühitinin təhlükəsizləşdirilməsi və etik internet davranışı prinsiplərinin formalaşdırılması müsbət nəticələrə gətirib çıxara bilər. Aydındır ki, mövcud riskləri tamamilə aradan qaldırmaq mümkün deyil. Hər bir uşağın hər addımına nəzarət etmək də mümkün deyil. Amma valideynlər və məktəb təhsil sistemi qanunvericiliyə uyğun olaraq uşaqların internetdən istifadəsinə nəzarət etməlidirlər. Bu proses müəyyən süzgəcdən keçməlidir. Texnoloji imkanların həm genişləndirilməsi, həm də seçilmiş şəkildə məhdudlaşdırılması vacib şərtlər sırasındadır. Biz uşaqlara elə imkanlar təqdim etməliyik ki, onlar bundan yalnız fayda əldə edə bilsinlər. Əks halda problem daha da dərinləşə və bizi başqa risklər və alternativ təhlükələr qarşısında qoya bilər".

"Ümumiyyətlə, qanunun qəbulu artıq müsbət addımdır. Bu istiqamətdə irəliləyiş gözlənilən idi və nəticə etibarilə yeniyetmələrin internetdən istifadəsi məsələsində müəllimlərə, valideynlərə və məktəbə daha geniş hüquqi əsaslar veriləcək. Çünki biz müəllimləri və valideynləri bu məsələlərlə bağlı yaranan psixoloji təzyiq altında tək buraxa bilmərik. Qanun imkan verir ki, bu sahədə rəsmi və qeyri-rəsmi mexanizmlər vasitəsilə uşaqlara müəyyən məhdudiyyətlər və qaydalar tətbiq olunsun. Qanunun bu istiqamətdə tətbiqi, düşünürəm ki, vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Bir şərtlə ki, tətbiq mexanizmləri effektiv və sistemli şəkildə həyata keçirilsin”, - deyə ekspert qeyd edib.

Onu da qeyd edək ki, uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr son illərdə dünyanın müxtəlif ölkələrində geniş vüsət alıb. Məsələn, Avstraliya 2024-cü ildə qəbul etdiyi qanunla 16 yaşdan aşağı şəxslərin sosial media platformalarında hesab açmasını qadağan edən ölkələrdən biri olub. Qanuna əsasən, platformalar istifadəçilərin yaşını yoxlamaq üçün effektiv mexanizmlər tətbiq etməlidirlər. ABŞ-də bir sıra ştatlar valideyn razılığı olmadan azyaşlıların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq edən qanunlar qəbul edib. Böyük Britaniya isə uşaqların onlayn təhlükəsizliyini artırmaq məqsədilə rəqəmsal platformaların məsuliyyətini genişləndirən normativ çərçivə formalaşdırır.

Avropa İttifaqında da uşaqların şəxsi məlumatlarının qorunması və rəqəmsal platformalarda təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi tələblər mövcuddur. Bir çox ölkələr yaş təsdiqi mexanizmlərinin tətbiqi və platformaların məsuliyyətinin artırılması istiqamətində yeni təşəbbüslər irəli sürür. Bu tendensiyalar göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq təkcə ailələrin deyil, dövlətlərin milli təhlükəsizlik və sosial inkişaf gündəliyinin bir hissəsinə çevrilib.


MANŞET XƏBƏRLƏRİ