Ermənistan Xarici İşlər Nazirliyi Əliyevlə Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşdən sonra bəyanat yayıb.
Turkustan.az xəbər verir ki, bəyanatda deyilir:
“2025-ci il iyulun 10-da Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) Ermənistan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidenti görüşüb, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektlərini müzakirə ediblər.
İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb.
Sərhədin delimitasiyası prosesində irəliləyişlərin olduğunu qeyd edən rəhbərlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.
Ermənistan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər”./publika.az