Telefon və kompüterdən həddindən artıq istifadə sağlamlığa necə təsir edir?


Texnologiyanın sürətli inkişafı nəticəsində insanlar, xüsusilə uşaqlar, ənənəvi ünsiyyət formalarından uzaqlaşaraq virtual dünyanın bir hissəsinə çevrilirlər. Virtual məkanda dost qruplarının formalaşması, oyunların oynanılması, təhsil və araşdırmaların rəqəmsallaşması, eləcə də informasiya və əyləncəyə asan çıxış müsbət tərəflərlə yanaşı, ciddi sağlamlıq problemlərini də gündəmə gətirir. Mütəxəssislər bildirirlər ki, bu proses xüsusilə böyüməkdə olan uşaqlarda anatomik və psixoloji pozğunluqların yaranmasına səbəb ola bilər. Gələcəkdə texnologiya əsrində doğulan nəsillər üçün bu problemlərin daha geniş yayılması ehtimal edilir.

Mövzu ilə bağlı Pravda.az-a danışan fizioterapevt Zaur Əliyev qeyd edib ki, telefon və kompüterdən davamlı istifadə, eləcə də hərəkətsiz həyat tərzi onurğa sütununda ciddi dəyişikliklərə və sinir problemlərinə yol aça bilər:

“Komputer və telefondan uzun müddət istifadə nəticəsində qollarda, başda, gözdə, hətta diş və qulaq nahiyəsində ağrılar yarana bilər. Əsas problem onurğanın düzgün olmayan vəziyyətdə qalmasıdır. Telefon və kompüterə baxarkən başın daim aşağı əyilməsi onurğada əyilmələrə, fəqərə disklərinin yerdəyişməsinə və nəticədə sinir sıxılmalarına səbəb ola bilər”.

Həkim əlavə edib ki, bu cür hallar böyüklərdə də müşahidə olunsa da, daha çox uşaqlarda özünü göstərir: “Telefon və kompüterdən fasiləsiz istifadə uşaqların psixologiyasına da təsir edir. Məsələn, uşaqlarda davamlı göz qırpma və sinir qıcıqlanması kimi problemlər yarana bilir”.

Həkim valideynləri uşaqların ekran qarşısında keçirdiyi vaxtı məhdudlaşdırmağa, fasilələrlə istirahətə və açıq havada aktivliyə üstünlük verməyə çağırıb.


MANŞET XƏBƏRLƏRİ