MV Hondius kruiz gəmisində üç nəfərin ölümü ilə nəticələndiyi bildirilən hantavirus hadisələri beynəlxalq narahatlıq yaradıb.
Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlıq etməsindən sonra mövzu Türkiyədə də geniş müzakirə olunmağa başlayıb.
Yeni epidemiya ehtimalı ilə bağlı narahatlıqlar artsa da, Türkiyə Səhiyyə Nazirliyi ictimaiyyətə sakitləşdirici açıqlama verib.
Nazirliyin bəyanatında bildirilib ki, hazırda ölkədə hantavirusla bağlı təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb:
“İctimaiyyətə açıqlanan hantavirus halları ilə bağlı proses Nazirliyimiz tərəfindən elmi prinsiplər əsasında diqqətlə izlənilir.”
Açıqlamada vətəndaşlara yalnız rəsmi qurumların məlumatlarına etibar etmələri və sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş xəbərlərə qarşı ehtiyatlı davranmaları tövsiyə olunub.
Nazirlik həmçinin vurğulayıb ki, ictimai sağlamlığa təhlükə yarada biləcək yoluxucu xəstəliklərlə bağlı monitorinq, profilaktika və nəzarət tədbirləri bütün aidiyyəti qurumlarla birlikdə fasiləsiz şəkildə davam etdirilir.
Aytən Yaşar/ Turkustan.az