Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə beynəlxalq elmi dəyirmi masa keçirildi


6 may 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu ilə Yunus Əmrə İnstitutunun dəstəyi ilə "Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar" mövzusunda beynəlxalq elmi dəyirmi masa keçirilib.
Tədbirdə Türk dövlətlərindən olan tanınmış sənətşünaslar, muzey rəhbərləri və tədqiqatçılar iştirak edərək, ortaq türk bədii irsinin müasir dünya incəsənətinə inteqrasiyası və milli kimliyin qorunması məsələlərini geniş müzakirə ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova sənət əsərlərinin yalnız fərdi yaradıcılıq nümunəsi deyil, bütöv bir cəmiyyəti və tarixi təmsil edən kimlik göstəricisi olduğunu vurğulayıb.
Dəyirmi masanın açılışında eləcə də Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sən.ü.f.d., dosent Şirin Məlikova və Yunus Emre İnstitutu Azərbaycan koordinatoru Gökhan Seyhan çıxış edərək dəyirmi masanın əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dan olan məruzəçilər ənənəvi üslubların müasir təsvir dili ilə sintezi və türk dünyası rəssamlarının beynəlxalq platformalarda təmsil olunma modellərinə dair elmi təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda TÜRKSOY Muzeylər Birliyinin üzvlük sertifikatları Azərbaycanın bir sıra aparıcı muzeylərinə təqdim olunub, həmçinin "Mədəniyyətlərin dialoqu: Azərbaycan - Qazaxıstan" adlı sərginin təntənəli açılış mərasimi keçirilib.


MANŞET XƏBƏRLƏRİ