9 may Qələbə paradının keçirilmə ərəfəsi Rusiya rəsmiləri böyük təşviş içindədir. Kreml rəsmiləri Ukraynanın həmin gün parad keçirilən əraziyə dronlarla hücum edəcəyindən qorxur.
Ukrayna Prezidenti Volodimir Zelenskinin bir qədər əvvəl, o cümlədən Ermənistanda keçirilən Avropa Siyasi Şurasının iclasında səsləndirdiyi fikirlər də belə bir təhlükənin reallıq ehtimalını istər-istəməz artırır.
Onu da qeyd edək ki, Ukraynan son 24 saat ərzində Rusiyanın müxtəlif bölgələrinə 887 pilotsuz təyyarə hücumu həyata keçirib. Nəticədə Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Rusiya isə mayın 8-dən 10-dək birtərəfli şəkildə müvəqqəti atəşkəs elan edib.
Siyasi şərhçi Rəşad Bayramov Bakupost.az-a bildirib ki, emosional bəyanatlarla operativ hərbi qərarlar heç də həmişə üst-üstə düşmür: “Ukrayna Rusiya ərazisinə, o cümlədən Moskva istiqamətinə bu günə qədər çoxsaylı dron hücumları həyata keçirib. Son aylarda isə bu, daha sistemli xarakter alıb”.
Ekspertin sözlərinə görə, 9 May paradının keçirildiyi əraziyə, yəni təhlükəsizlik baxımından maksimal qorunan bir zonaya açıq hücum ehtimalı tam fərqli strateji hesablamalar tələb edir:
“Kiyev hazırda əsasən asimmetrik təzyiq modelindən istifadə edir. Bu modeldə məqsəd Rusiya daxilində psixoloji və logistik narahatlıq yaratmaq, eyni zamanda hərbi resursları bölməkdir. Dron və uzaqmənzilli zərbələr bu strategiyanın əsas alətidir. Lakin belə əməliyyatlar adətən yüksək hərbi fayda–risk balansına əsaslanır. Yəni Ukrayna hər hücumun potensial siyasi nəticəsini, beynəlxalq reaksiyasını və hərbi effektivliyini ölçür”.
Siyasi şərhçi hesab edir ki, 9 mayda Kremlə hücum Kiyev üçün strateji baxımdan yüksək risqlə üz-üzə qalmaq demək olacaq:
“9 May paradı isə Rusiyanın ən yüksək təhlükəsizlik prioriteti olan tədbirlərdən biridir, üstəlik bu paradda adətən ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri də iştirak edəcək. Moskva bu günlərdə hava hücumundan müdafiə sistemlərini maksimum səviyyəyə qaldırıb, paytaxt ətrafında elektron müharibə və radar nəzarətini gücləndirib. Bu isə istənilən hücumun uğur şansını ciddi şəkildə azaldır və eyni zamanda cavab eskalasiyası riskini artırır. Ukrayna üçün isə bu, strateji baxımdan çox yüksək risk deməkdir”.
Bu səbəbdən R. Bayramov düşünür ki, birbaşa parad keçirilən ərazinin hədəfə alınma ehtimalı aşağıdır:
“Ola bilər ki, Ukrayna 9 may günü Rusiya daxilində başqa strateji və ya hərbi obyektlərə zərbələr endirsin. Bu, bir tərəfdən psixoloji təzyiqi saxlamağa, digər tərəfdən isə eskalasiya səviyyəsini idarə etməyə imkan verər”.