Son illərdə dünyada müşahidə olunan iqtisadi dəyişikliklər, enerji və logistika xərclərinin artması, həmçinin rəqəmsal xidmətlərə tələbatın yüksəlməsi internet tariflərinin gələcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb. Mütəxəssislər hesab edir ki, yaxın dövrdə internet qiymətlərində dəyişiklik qaçılmaz ola bilər.
Bəs bu artımı şərtləndirən əsas səbəblər nələrdir?
Mövzu ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, telekommunikasiya sektoru daim yenilənən və böyük maliyyə yatırımları tələb edən sahələrdən biridir.
“İstifadəçi sayı ciddi şəkildə dəyişməsə də, internet trafikinin həcmi sürətlə artır. Video platformalara marağın yüksəlməsi, onlayn oyunların geniş yayılması və “bulud” texnologiyalarından istifadənin artması şəbəkəyə əlavə yük yaradır.\
İnternet xidmətlərinin maya dəyərinə bir sıra xarici amillər də təsir göstərir. Xüsusilə avadanlıqların idxalı, valyuta məzənnələrində dəyişiklik, enerji və logistika xərcləri, eləcə də provayderlərin əməliyyat xərcləri qiymət siyasətində mühüm rol oynayır.
Digər kommunal xidmətlər kimi internet sektorunun da qlobal iqtisadi proseslərdən kənarda qalması mümkün deyil”.
Elvin Abbasovun sözlərinə görə, əsas məsələ qiymət artımının olub-olmaması deyil, bunun hansı formada həyata keçiriləcəyidir.
“Tariflərə uzun fasilələrlə deyil, mərhələli və mütəmadi şəkildə baxılması daha məqsədəuyğun olar. Bu yanaşma həm istifadəçilər üçün daha yumşaq keçid yaradar, həm də bazarda ani qiymət şoklarının qarşısını alar.
Hazırda Azərbaycanda yüksək sürətli internet paketlərinin qiyməti bir sıra ölkələrlə müqayisədə daha əlçatandır. Bununla belə, maksimal sürətlərin əsasən 250 Mbit/s ilə məhdudlaşması bazarın inkişaf imkanlarını zəiflədir. Provayderlər sürət və qiymət balansını yenidən qurmalı, daha yüksək sürətli paketləri istifadəçilər üçün əlçatan etməlidirlər”.
Mütəxəssis hesab edir ki, internet xidmətlərində gələcək dəyişikliklər daha çox sürət-keyfiyyət balansının qorunmasına hesablanmalıdır. Onun qənaətinə görə, kəskin bahalaşma əvəzinə, mərhələli yenilənmələr həm provayderlərin investisiya imkanlarını artırar, həm də istifadəçilərin daha stabil və keyfiyyətli xidmət almasına şərait yaradar. /konkret.az/