Kremlin atəşkəs və danışıq mesajı: Müharibə dayanır, yoxsa yeni gediş başlayır? - ŞƏRH


Rusiya-Ukrayna müharibəsi bütün cəbhə boyu davam etdiyi bir vaxtda, Moskvanın 9 May – Qələbə Günü münasibətilə müvəqqəti atəşkəs elan etməsi diqqət çəkib.

Kreml bu qərarı parad zamanı təhlükəsizliyin təmin olunması ilə əlaqələndirsə də, paralel olaraq danışıqlara hazır olduqlarını bəyan etməsi yeni suallar yaradıb.

Moskva açıq şəkildə xəbərdarlıq edib ki, 9 May tədbirləri zamanı hər hansı hücum və ya təxribat cavabsız qalmayacaq. Bununla yanaşı, Kremlin diplomatik mesajları Rusiyanın müharibənin gələcəyi ilə bağlı yeni mərhələyə keçmək istədiyi barədə müzakirələri də gücləndirib.

İndi əsas sual budur: bu addımlar həqiqətən müharibəni dayandırmaq niyyətindən xəbər verir, yoxsa Kreml yenidən siyasi və diplomatik üstünlük qazanmağa çalışır? Turkustan.az məsələ ilə bağlı politoloq Züriyə Qarayevanın fikirlərini öyrənib.

Züriyə Qarayeva AMEA-nın

Züriyə Qarayeva

Kremlin “danışıqlara açığıq” mesajı ilk baxışda diplomatik yumşalma təsiri yaratsa da, bunun arxasında daha mürəkkəb geosiyasi hesablamalar dayanır. Kremlin adətən belə açıqlamaları həm beynəlxalq təzyiqi azaltmaq, həm də qarşı tərəfin mövqeyini test etmək üçün istifadə edir. Xüsusilə son dövrdə iqtisadi sanksiyaların təsiri, hərbi xərclərin artması və uzunmüddətli müharibənin yaratdığı siyasi yorğunluq Moskvanı müəyyən manevrlərə məcbur edir.

Bununla yanaşı, Kreml tam geri çəkilən və ya strateji hədəflərindən imtina edən tərəf görüntüsü yaratmaq istəmir. Ona görə də “danışığa hazırıq” mesajları çox vaxt paralel şəkildə hərbi təzyiqin davam etdiyi mərhələlərdə səsləndirilir. Bu isə göstərir ki, Moskva danışıqları daha çox öz şərtlərini legitimləşdirmək üçün siyasi alət kimi görür.

Digər tərəfdən, Rusiyanın həqiqətən müəyyən mərhələdə müharibəni dondurmaq və ya nəzarətli şəkildə yekunlaşdırmaq istəyi də tam istisna deyil. Çünki uzunmüddətli qarşıdurma həm iqtisadi, həm texnoloji, həm də diplomatik baxımdan Rusiyanın imkanlarını aşındırır.

Xüsusilə ABŞ və Avropa ölkələrinin Ukraynaya dəstəyinin davam etməsi Moskvanın sürətli strateji nəticə əldə etməsini çətinləşdirib. Buna görə Kreml hazırda həm cəbhədə üstünlük qazanmağa, həm də paralel olaraq mümkün siyasi razılaşma üçün zəmin formalaşdırmağa çalışır. Yəni verilən açıqlamaları nə tam səmimi sülh təşəbbüsü, nə də sırf formal bəyanat kimi qiymətləndirmək olar. Daha çox, hərbi və diplomatik təzyiqin birlikdə istifadə olunduğu klassik geosiyasi taktikanın bir hissəsi kimi görünür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ