Tbilisidən sərt açıqlama: Onları Gürcüstandan çıxarmasanız, adlarını açıqlayacağıq


Gürcüstan baş nazirinin müavini və hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze Qərb ölkələrini ölkədəki kəşfiyyat fəaliyyətini məhdudlaşdırmağa və agentlərini geri çağırmağa çağırıb.

Turkustan.az xəbər verir ki, o, əgər bunu etməsələr, casus şəbəkələrini ifşa edəcəkləri ilə hədələyib.

“Ölkəmizdə intensiv, hətta vəhşicəsinə kəşfiyyat fəaliyyəti həyata keçirən bir neçə Avropa ölkəsinə müraciət etmək istəyirəm: Gürcüstan xüsusi xidmət orqanlarının bu barədə onların təsəvvür edə biləcəyindən qat-qat artıq məlumatı var. Bu gün əks-kəşfiyyat fəaliyyəti onqat artırılmış rejimdə və daha böyük intensivliklə aparılır. Çox böyük həcmdə məlumata sahibik. Onlardan xahiş edirik, həmin şəxsləri geri çağırsınlar, əks halda mən hədələmirəm, amma əminliklə deyə bilərəm ki, müəyyən eyhamlar vuracağıq”, - Mdinaradze brifinqdə bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan xüsusi xidmət orqanları bütün kəşfiyyat zabitlərini və kəşfiyyat agentlərini adları ilə tanıyır. Mdinaradze agentlərinin Gürcüstanda casusluq etdiyi konkret ölkələrin adını çəkməyib. O qeyd edib ki, Gürcüstan bu ölkələrlə münasibətlərinə dəyər verir və onlara zərər vermək istəmir./teleqraf


MANŞET XƏBƏRLƏRİ