Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır


Qlobal geosiyasi transformasiyaların sürətlə dərinləşdiyi, iqtisadi və enerji balanslarının yenidən formalaşdığı tarixi bir mərhələdə adətən yalnız diplomatik çərçivə ilə məhdudlaşan dövlətlərarası münasibətlərin real strateji məzmun əldə etməsi zərurəti yaranır.

Azərbaycan–İtaliya münasibətləri uzun illərdir ki, məhz belə bir zərurət əsasında sabit, ardıcıl və qarşılıqlı maraqlara əsaslanan inkişaf xətti üzrə irəliləyir. Bu əlaqələr artıq formal diplomatik çərçivəni aşaraq real strateji tərəfdaşlıq modelinə çevrilib və Avropada ən dayanıqlı ikitərəfli əməkdaşlıq nümunələrindən biri hesab oluna bilər. Tərəflər arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq bu münasibətlərin yalnız iqtisadi deyil, həm də geosiyasi məzmun daşıdığını göstərir.

İtaliya Azərbaycanın Avropadakı ən mühüm iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, xüsusilə enerji sahəsində Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkədir. İki ölkə arasında iqtisadi əlaqələrin əsasını enerji əməkdaşlığı təşkil edir. Azərbaycanın təbii qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına, xüsusilə İtaliya istiqamətində nəqli Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu əməkdaşlıq həm Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini gücləndirir, həm də İtaliyanın enerji təchizatında sabitlik və diversifikasiya imkanlarını genişləndirir.

Eyni zamanda, iqtisadi münasibətlərin miqyası yalnız enerji sektoru ilə məhdudlaşmır. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri kimi çıxış edir və qarşılıqlı ticarət dövriyyəsinin davamlı olaraq yüksəlişi iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq potensialının dərinliyini nümayiş etdirir. Bu əməkdaşlıq sənaye, kənd təsərrüfatı, nəqliyyat və texnologiya sahələrində də yeni investisiya imkanlarının yaranmasına şərait yaradır.

İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirakı bu münasibətlərin praktiki və strateji ölçüsünü daha da gücləndirir. Müasir şəhərsalma yanaşmaları, infrastruktur layihələri və texnoloji həllərin tətbiqi regionda dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfələr verir.

Azərbaycan–İtaliya münasibətlərində siyasi dialoq da ardıcıl və konstruktiv xarakter daşıyır. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirir, qlobal və regional məsələlərdə oxşar mövqedən çıxış edirlər. Bu isə münasibətlərin yalnız ikitərəfli maraqlara deyil, həm də daha geniş beynəlxalq baxışlara əsaslandığını göstərir.

Enerji və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar və təhsil sahəsində əlaqələr də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlı tələbələrin İtaliyanın aparıcı universitetlərində təhsil alması, akademik mübadilə proqramlarının genişlənməsi və birgə təhsil təşəbbüsləri iki xalq arasında intellektual və mədəni körpülərin möhkəmlənməsinə xidmət edir. Bu isə münasibətlərin davamlılığını təmin edən mühüm sosial baza formalaşdırır.

Mədəniyyət sahəsində əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Sərgilər, mədəni layihələr və birgə tədbirlər vasitəsilə Azərbaycan və İtaliya xalqları bir-birinin tarixi irsi, mədəni dəyərləri və müasir inkişaf tendensiyaları ilə daha yaxından tanış olur. Bu proses qarşılıqlı anlaşmanı gücləndirərək strateji tərəfdaşlığın humanitar ölçüsünü daha da dərinləşdirir.

Azərbaycan–İtaliya münasibətləri qarşılıqlı etimad, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq prinsipləri üzərində qurulmuş nümunəvi tərəfdaşlıq modelidir. Tərəflər arasında formalaşmış münasibətlər təkcə iqtisadi faydaya deyil, həm də siyasi sabitliyə, enerji təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığın dərinləşməsinə xidmət edir. Mövcud dinamika yaxın illərdə bu strateji tərəfdaşlığın daha da genişlənəcəyinə və münasibətlərin yeni inkişaf mərhələsinə keçud alaması üçün möhkəm zəmin yaradır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı


MANŞET XƏBƏRLƏRİ