Haaretz: İsrail Netanyahunun müharibəyə olan doymaz iştahını təmin edə bilmir


Benjamin Netanyahunun ölkəni uzunmüddətli hərbi hazırlıq rejiminə keçirməsi və müdafiə xərclərini kəskin artırmaq planı İsrail iqtisadiyyatına ciddi təzyiq yaradır.

Turkustan.az xəbər verir ki, Haaretzdə yayımlanan təhlildə bildirilir ki, Netanyahu hökuməti 2023-cü ilin oktyabrından etibarən bir neçə cəbhədə davam edən hərbi əməliyyatları yüksək maliyyətə baxmayaraq dayandırmaq niyyətində deyil.

Məqalədə qeyd olunur ki, Qəzza zolağında başlayan əməliyyatlar daha sonra Livan və İran ilə qarşıdurmaların genişlənməsi ilə davam edib.

Netanyahu mayın 3-də yayımladığı videomüraciətdə qarşıdakı on il ərzində müdafiə büdcəsinin 350 milyard şekel (təxminən 121 milyard dollar) artırılacağını və ölkənin silah sənayesinin genişləndiriləcəyini açıqlayıb.

İsrail Mərkəzi Bankının hesablamalarına görə, 2023-cü ilin oktyabrından bəri aparılan hərbi əməliyyatların ümumi dəyəri artıq 350 milyard şekelə çatıb. Maliyyə Nazirliyi isə İrana qarşı son hücumların hərbi və mülki xərclərinin təxminən 35 milyard şekel — yəni 12 milyard dollar olduğunu bildirib.

Beləliklə, müxtəlif hesablamalara əsasən, İsrailin son illərdə davam etdirdiyi hərbi əməliyyatların ölkə iqtisadiyyatına vurduğu ümumi zərər 133 milyard dolları ötüb.

Təhlildə vurğulanır ki, Netanyahunun ölkəni uzunmüddətli “müharibə hazırlığı” vəziyyətində saxlamaq strategiyası iqtisadi yükü daha da artırır və İsrailin resursları bu siyasəti davam etdirməkdə çətinlik çəkir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ