ABŞ Müdafiə Nazirliyi illərlə məxfi saxlanılan UNO (naməlum uçan obyektlər) sənədlərinin bir hissəsini ictimaiyyətə açıqlayıb.
Turkustan.az xəbər verir ki, materiallar Pentaqonun rəsmi saytında yayımlanıb.
Açıqlanan arxivdə dünyanın müxtəlif bölgələrində müşahidə edilən naməlum uçan obyektlərlə bağlı 160-dan çox fayl yer alıb.
Sənədlər arasında ABŞ hərbçiləri tərəfindən 2024-cü ildə Yaponiya üzərində lentə alınmış, Amerika futbol topuna bənzər obyektin görüntüləri də var.
Digər kadrlarda isə 1972-ci ildə “Apollon-17” missiyasının eniş modulu tərəfindən Ay üzərində qeydə alınmış sirli işıqlar əks olunub. Bundan əlavə, Pentaqon 2025-ci ildə Afrika, 2023-cü ildə isə Yunanıstan üzərində qeydə alınmış UNO uçuşlarına dair videogörüntüləri və son 80 ildə toplanmış digər materialları da yayımlayıb.
ABŞ-ın müdafiə naziri Pit Heqset məsələ ilə bağlı bildirib ki, bu məxfi fayllar uzun illər ərzində danışılan əsaslı fərziyyələri gücləndirib və artıq Amerika xalqının onları öz gözləri ilə görməsinin vaxtıdır. /Globalinfo.az/