İŞIQLI ATALI
Yazıda ədəbiyyatın insani missiyası, ədəbiyyat və zaman, ədəbiyyatın əbədiyyət borcu və qayğısı, ədəbiyyatın mənəvi problemləri, ədəbi tənqidin missiyası, yazıçının özüylə üz-üzə qalması gərəkliyi məsələləri təhlil edilir.
Ədəbiyyatın insani missiyası. Sənətdən İnsaniliyin təsdiqini, habelə gözəl sənət yaradanların yazdıqlarına uyğun yaşamalarını ummaq insani olduğu dərəcədə də ümumən qaçılmaz gərəkli tələbdir. Məhz belədə sənətin insaniliyə uyğunluğundan danışmaq olar.
Sənət əbədilik özüllü olduğu dərəcədə insanilik yönlüdür. İnsanilkdən ötə, daha gərəkli yaradıcılıq xətti yoxdur, ola bilməz. Bu səbəbdən də “Sənət sənət üçündür” ölçüsü (əslində şüarı) insanlığın tələbinə mahiyyətcə cavab vermir, çünki zamanı aşmır. Baxmayaraq ki, peşəkarlığa əsaslanan sənət zahirən zamanı aşan görünür, görünə bilir. Yalnız insanlığa uyğun olan sənətin əbədilik imkanı olur.
Ədəbiyyatımızda Dədə Qorqudluq olayının (dastan örnəyində), Nizamiliyin, Füzuliliyin, Nəsimiliyin və b. kimi örnəklərin əbədilik imkanı yaradıcılığın ulusal (xəlqi) ölçünü (səviyyəni) təsdiq etməsi ilə şərtlənir. Ulusal olan mahiyyətcə bəşəridir, deməli, zamanı aşandır. Minillərdir ki, ədəbiyyat insanın həyata, dünyaya, təbiətə, özünə münasibətini ifadə edir. Burada təbii ki, yalnız “əks etdirir” anlayışını demək, mahiyyətcə ədəbiyyatın rolunu kiçiltmək olardı. Ona görə ki, ədəbiyyat təkcə əks etdirmir. Əslində əks etdirmək onun ilkin və ibtidai görəvidir. Əsil ədəbiyyat zamanüstü hadisə olub, həmişə gerçəkliyi ötür, bu səbəbdən də ifadə edir. Ədəbi əsərin yaşarılığı həm də yaradıcının ruhunun nə dərəcədə güclü olması ilə bağlıdır. Zəif özünüifadənin məhsulu zamanı ötə bilmədiyindən gerçəkliyə bağlı qalır, sabaha yol ala bilmir. Ədəbi əsərin sabahlı olması yaradıcının şəxsi məziyyətləri ilə sıx şəkildə bağlıdır. Yəni əsərin əbədi olması həm də yaradıcının ləyaqətli ömür yaradıcılığı ilə bağlıdır.
Əslində tarix boyunca sevilən ədəbi əsərlər yaradıcısının az ya çox dərəcədə zamanı ötməsi ilə bağlıdır. Gözəl ədəbiyyat örnəyi yaratmaq yaradıcının ləyaqətli ömür yiyəsi olması ilə tən sayılmalıdır. Yüksək ölçülü yaradıcı peşəkarlığı yaradıcı ömrünü mahiyyətcə təsdiq etməlidir. Ədəbiyyatın heç zaman vaz keçilməyən insani missiyası var. Zamana ilişib qalan ədəbiyyatın yetişdirdiyi soyun (nəslin) fərdləri gerçəkliyi aşa bilmədiyindən özünə yarımçıq bələd olur, faciəviliyi təsdiq olunur. Zaman ölçülü inancların, şəxslərin davranışlarının ədəbiyyat vasitəsilə müqəddəsləşdirilməsi ədəbiyyatın insani missiyasının ardıcıl yerinə yetirilməməsi deməkdir. Ədəbiyyat ardıcıl olaraq zamanı, mühiti, şəraiti ötən insanın vəsfedicisi olmalıdır. Bunsuz onun sabahı yoxdur. Ədəbiyyatın başlıca qayğısı mahiyyətcə insanı özümlüyünə - ilahi, insani imkanlarına yetirmək olmalıdır. Əslində ədəbiyyatın əbədiyyətə layiq olmaq, onu təsdiq etmək borcu var. İnsaniliyi vəsf etməyən, yaradıcısının şəxsində insanlığa yetməyən, bununla da insanlığa yetirməyən - sabah ölçüsüylə ədəbiyyat deyil.
Ədəbiyyatın insani missiyası yalnız gerçəkliyi əks etdirmək olsaydı, zamanında yaradılan örnəklər elə oradaca ilişib qalardı, əbədiyyət üfüqlərinə yetə bilməzdi. O deməkdir ki, ədəbiyyatın işi əks etdirmək deyil, İnsaniliyi təsdiq etməkdir. İnam (Asif) Ata yazır: “Ədəbiyyat hadisələri Mənaya yüksəldir, Mahiyyətə qaldırır. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; bunu elə daim təkrar edirlər və unudurlar ki, şərait, mühit, zaman – siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, ancaq ədəbiyyatı zaman yetirmir”.
Buradan da ədəbiyyatın məqsədi məsələsi daha konkret şəkildə gündəmə gəlir. Ümumiyətlə, sözügedən məsələlərə tamamilə fərqli, bənzərsiz yaradıcı yanaşmaya Atanın yaradıcılığında ayrıca rast gəlirik. Onun fikrincə, ədəbiyyatın məqsədi həyat hadisələrini mənalandırmaq, onun Mütləq – Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətini aşkara çıxarmaqdır.
Yuxarıda Azərbaycan ədəbiyyatının timsalında təqdim etdiyimiz örnəklərin yaradıcıları mahiyyətcə zamandan, şəraitdən, mühitdən üstün irs ortaya qoymuşlar. Deməli, ədəbiyyat zamana, şəraitə, mühitə qarşı döyüşür, insaniliyi təsdiq edir.
İnsani yönlü ədəbiyyat ulusal düşüncənin yetkin ifadəçisi, yaradıcının şəxsində ərdəmli daşıyıcıdır.
Ədəbiyyatın zamana, şəraitə, mühitə qarşı döyüşməsi – onun dünyaya qarşı olmasıdır. Müəyyən bir zaman, şərait, mühit öz əhvalının, çağına uyğun düşüncəsinin qoruyucusu olur, onun əbədiyyətsayağı obrazını ağıllarda, ömürlərdə əbədiləşdirməyə çalışır. Ancaq əsil ədəbiyyat bu gedişata qarşı çıxır, yəni zamançı, mühitçi, şəraitçi əhvallara qarşı olur.
Ədəbiyyatın əks etdirmədən ötə olan ifadəçiliyi – dünyanın ağılda, yaradıcı düşüncədə mahiyyətcə yenidən yaradılmasıdır. İnam (Asif) Ata bu məqamı özünəməxsus biçimdə belə ifadə edir: “Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və s”.
“Ədəbiyyat – dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur”. Atanın bu qənaətini necə anlamalı?
Dünyanın, həyatın, insanın mənası, mahiyyəti gerçəkliküstü olaydır. Ədəbiyyat bu anlamı özünəməxsus şəkildə - bədii təsvir və ifadə vasitələri ilə çatdırır. Şübhəsiz, yaradıcının mövzuya baxışı gərəkli rol oynayır. Atanın fikrincə, bu gedişdə ədəbiyyatın yaxşı mənada vasitə olması onun dəyərini qətiyyən aşağı salmır. Dünyanın, Həyatın, İnsanın mənası birdir – Mütləqilik. Mütləqilik – Əzəlilik, Əbədilik, Sonsuzluq, Kamillik deməkdir.
Ədəbiyyatın mənəvi problemləri
Ruhsallıq mahiyyətcə mənəvilik deməkdir. Mənəvilik – ulusal olaydır.
Ulusal dəyər – ulusun ruhundan yaranır.
Başqasının yaratdığı ulusaldırsa, bəşəriliyə uyğundursa, bəhrələnmək olar. Azərbaycanın dəyərləri bəşəriliyə tam uyğundur, çünki insaniliyi təsdiq edir. Ədəbiyyat mənəvi qayğıların ifadəçisi olduğuna görə əvəzsiz rola malikdir.
Hələ 31 il öncə Asif Ata deyirdi: “Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır”.
Bəs ölçünü necə müəyyən etməli? İndi çoxunun klassikaya qayıdışı hərfi hərfinə anladığı kimimi qayıtmaq? Ya bu prosesdə ədəbi yaradıcılığın yeni, bənzərsiz özünüifadə çalarını, xəttini yaratmaq? Əlbəttə, çətin məsələdir. Əslində Atanın sunduğu (təqdim etdiyi) ideya ipuclarını aydınca göstərir. Di gəl ki, Füzuliliyə, Nəsimiliyə qayıdış şübhəsiz, onları hərfi hərfinə təkrar etmək kimi anlaşılmamalıdır. Yaradıcılıq bənzərsizlik olayıdır, başqasını təkrarlamamaqdır. Deməli, Atanın “Ədəbi ideyalar vaxtıdır” fikri burada mahiyyət ölçüsündə çözüm, çıxış yolu tapmaq üçün gözəl imkanlardan biridir.
Poeziyada yeni deyim tərzi, ifadə imkanlarının çoxçalarlığı, əruzla hecanın birliyi (əruzdakı əzəmətlə hecadakı zərifliyi birləşdirmək), nəsrdə məna ölçüsündə yığcamlıq, mövzu ilə biçimin bənzərsiz uyumunu, ifadəsini tapmaq...
Gələcəkdə ədəbiyyatda yaradıcı janrlardakı yığcamlıq eyni zamanda mahiyyətin daha da gözəl ifadə olunması gərəkliyiini, qaçılmazlığını yaradacaq. Ədəbiyyatın ulusumuzun qayğılarına daha da yaxşı yaramaq imkanlarını gerçəkləşdirmək yaradıcılardan sözün əsil mənasında hünər istəyir.
Buradaca vurğulamaq gərəkdir ki, İnam Atanın yaratdığı Mütləqə İnam dünyabaxışı habelə sənətin bütün sahələri, eləcə də ədəbiyyat üçün geniş imkanlar verir.
Ədəbi tənqidin missiyası. Ədəbi tənqidin işi gerçəkliyi – zamanı, şəraiti, mühiti ötməkdə ədəbiyyatçıya ideya (əməl) ölçüsündə yardımçı olmaqdır. Ədəbi tənqid özü yaradıcı bir janrdır. Bu janrın örnəkləri poeziyanın, nəsrin örnəkləri kimi oxunaqlı ola bilər. Ata bunun gözəl örnəklərini yaradıb. Sabahımızda bu yönün ömürləşəcəyi qaçılmazdır.
“Özüylə üz-üzə qalma” nədir? Bu, mahiyyətcə özünü içdən (daxilən) yetirmək, pis duyğulardan təmizləmək deməkdir. Bu gün sənətin demək olar, özünü tam aşkarladığı, ardıcıl olaraq yeni-yeni özünüifadə imkanlarını (burada: örnəklərini) ortaya qoyduğu bir vaxtda əslində insanın – yaradıcının bunlardan gerçək yaşamda əskik olduğu aydınca görünür, çatışmazlığı (insani xəsarəti) bilinir.
Konkret olaraq əsil sənət nə istəyir? Dünyanın, həyatın (yaşamın) insanlığa uyğun olmasını. Ancaq bu istək nə dərəcədə gerçəkləşir? Bunu istəyənlər gerçəkliyin insanlığa uyğun olması üçün içdən dəyişiblərmi? Zahiri (görüntülü) əsasda sənət bayrağının arxasında daldalanıb, zamançı yaşayıb da gerçəkliküstü ideallara, bənzərsiz yaşam tərzinə çağırmaq nə dərəcədə uyğundur? Deməli, sənət gerçəkliyi yaradıcının şəxsində, onun ömrünün ifadəsində aşmalıdır. Gerçəkliyi aşmayan sənət yiyəsinin yaratdıqları bu səbəbdən də canlı yaşama çevrilmir. Başqa yöndən də sənətdə ifadə olunan tələblər gerçəklikdən uca göründüyündən onun sadəcə, ifadəsi belə, adamlara çox sirli, əsrarəngiz görünür, ona yetmək əlçatmaz sayılır.
Çıxış yolu insanın özünü yaratdığı dərəcədə oyunsuz, sadə biçimdə, ancaq ruhlu (insani) sənət yaratmasındadır.
İdeal insanlara əlçatmaz göründüyü dərəcədə də əlçatan olmalıdır. Həyatın (yaşamın) hər cür gedişatdan üstün, insanın ruhunun diktəsiylə yazılan, yeri gəldikdə pozularaq daha yaxşısının yazıla biləcəyi, mümkün olduğu ağıllarda oturuşmalıdır. “İnsanın daxilində Mütləqilik gəzdirən, şəraitdən, mühitdən, zamandan üstün ruhsal - mənəvi varlıq olduğu, bu səbəbdən də özündəki Mütləqə, Mahiyyətə yetə biləcəyinə, yetmək imkanında olacağına” (İnam Ata) inanılmalıdır.
Özünəinam adi məsələ deyil, bu, insanın içiylə, iç imkanlarıyla uğraşdığı, aşkarladığı, ülviləşdirdiyi bir mənəvi gedişdir (prosesdir). İnsan taleyinin yiyəsidir, yiyəsi olmalıdır, o, bunu bacara bilər. Ədəbiyyat insanı bu yöndə kökləməyi bacarmalıdır. Bunsuz ümumiyyətlə, sənətin sabahı yoxdur.
Təbii ki, bəşər sənətin bütün sahələrində indiyə kimi bənzərsiz yaradıcılarını yetirib. Ancaq yalnız bundan sonra yeni dönəmdə - bəşərin inkişafında özünüifadə sarıdan daha yetkin, bənzərsiz insanların kamilliyinin ifadəsi olaraq şəxsi örnəklər yaranacaq. Bu özünüifadələr yığcam, şöhrət çaları olmadan, adi qeyri-adiliyin ifadəsi kimi görünəcək, bilinəcək. Sənətkarın məqsədi cəmiyyətdən, zamandan şöhrət, varidat barı yığmaq olmamalıdır, içindəki insanı cəmiyyətə özünəməxsus sunmaq olmalıdır ki, həyat (yaşam) insanlıq üstə yeni-yeni imkanlar qazansın.
Qorxunun Cəsarətlə, Həsədin Heyrətlə, Köləliyin Vüqarla, Xəbisliyin Saflıqla, Cahilliyin Doğruluqla, Vəhşilyin İnsanlıqla, Hərisliyin Ləyaqətlə, Zalımlığın Mərhəmətlə əvəzlənməsi mexaniki proses olmayıb, içdən gələn insani tələbata köklənməli, insanın instinktlər üzərində qələbəsinin, özünütəsdiq ölçüsündə ifadəsi olduğunu göstərməlidir.
Bundan sonrakı dönəmdə insanın yalnız içinə aydın bələdliyi əsasında var olması mümkün olacaq. Özünə, insanlıq imkanına yetməyənlər, yetə bilməyənlər faciəviliyi qıraqda - alın yazısında, istehsal münasibətlərində yox, özlərində axtarmalı olacaqlar.
Həyat insanı tam, axıra kimi yaratmır. İnsanın özünü yaratmaq imkanının gerçəkləşməsi – onun gerçəkliyi ötməsi ilə təndir.
Fikrimizcə, ədəbiyyatın əbədiyyət borcu və qayğısı budur: insanı bu əsasda kökləməyi bacarmalıdır.