"Böyük Britaniya beş il ərzində bunkerlər tikməklə və hava hücumundan müdafiəyə sərmayə qoymaqla Rusiya ilə müharibəyə hazırlaşmalıdır".
Turkustan.az xəbər verir ki, bunu Böyük Britaniya ordusunun keçmiş komandanı general Patrik Sanders deyib.
Onun fikrincə, Britaniya 2030-cu ilə qədər Rusiya ilə müharibənin real ehtimal olduğunu qəbul etməlidir:
“Rusiya Ukraynada hərbi əməliyyatları dayandırarsa, bir neçə ay ərzində ona dəstəyə görə cavabdeh olacağımız bir NATO üzvünə məhdud hücum etmək imkanı olacaq və bu, 2030-cu ilə qədər baş verəcək”.
General mülki şəxslər üçün bomba sığınacaqlarının, hərbçilər üçün isə yeraltı komandanlıq mərkəzlərinin hücuma hazırlanmasının vacibliyini vurğulayıb və Finlandiyanı Britaniyanın nəzərdən keçirməli olduğunu nümunə kimi göstərib.
Rusiya lideri Vladimir Putinin hücum siyahısında növbəti ölkənin hansı olduğu sualına Sanders belə cavab verib ki, Britaniya Ukraynadakı müharibənin ilk günlərində beynəlxalq ictimaiyyətin reaksiyasını səfərbər etdiyi üçün Kremlin bir nömrəli düşməninə çevrilməyə yaxındır.
General Berlinə qədər genişmiqyaslı cəbhənin açılacağına inanmasa da, Moskvanın keçmiş SSRİ məkanına nəzarəti geri qaytarmağa çalışacağına inanır.
Sanders qeyd edib ki, hücumlara məruz qala biləcək ərazilərdən biri də Rusiyanın Şimali Atlantikaya çıxışına zəmanət verən Norveçin Şpitsbergen adasıdır.
Britaniyalı generalın sözlərinə görə, növbəti açıq hədəflər üç Baltikyanı ölkə, o cümlədən Estoniyanın əsasən rusdilli Narva şəhəridir: "Belə bir işğalçı hücum baş verərsə, Estoniyada yerləşən ingilis döyüş qrupu ilk gündən döyüşlərə cəlb olunacaq".
Sanders həmçinin bəzi Danimarka və İsveç adalarının, eləcə də Suvalki dəhlizinin zəifliyi barədə xəbərdarlıq edib:
"Bu hissəni tutsalar, Kalininqraddan rusiyayönlü mövqe tutan Belarusa əlaqə yarada, üç Baltikyanı dövlətin bütün quru sərhədlərini tamamilə təcrid edib kəsə biləcəklər"./teleqraf