Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
VII Yazı
Sultan Xəlil
Sultan Uzun Həsən Ağqoyunluların ən böyük və ən parlaq bir hökmdarı idi.Azərbaycanın hüdudlarını genişləndirdi və yaxşı idarə etdi. Uğurlu Məhəmməd, Maqsud bəy, Zeynal bəy, Xəlil bəy, Sultan Yaqub,Yusif Mirzə və Məsih Mirzə adlı yeddi oğlu var idi. Uzun Həsən öləndən sonra böyük oğlu Xəlil yerinə oturdu. O, ləyaqətsiz bir gənc idi və sultan olan kimi qardaşı Maqsudu günahsız öldürdü. Dövlət işlərinə qarışmağa imkan verməmək üçün anası Səlcuqşah Bəyimi qardaşı Yaqub bəyi birlikdə Diyarbəkirə yolladı.
Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin valisi idi.Sultan Xəlil Uzun Həsən ilə Kür Məhəmmədin qızı Səlcuqşah Bəyimin evliliyindən olan ilk oğlu idi.”Kitabi-Diyarbəkriyyə” əsərinin müəllifinin yazdığına görə o,1442-ci ilin yaz fəslinin əvvəllərində anadan olmuşdu.
1458-ci ildə Uzun Həsən gürcülərə qarşı ilk hücumunda ələ keçirdiyi Kemax və Qarahisar vilayətlərini böyük oğlu Sultan Xəlil və Uğurlu Məhəmmədə vermişdi. Burada Uzun Həsənin məqsədi özünə soy yaratmaq idi.
Mənbələrin verdiyi bir digər məlumata görə Sultan Xəlil Söhrab ibn Şeyx Həsənin qızı ilə evləndirilmişdi.
1461-ci ildə Əyyubilərin Ağqoyunlu-Əyyubi sülhünü pozması nəticəsində Sultan Xəlil Xələfin paytaxtı Həsənkeyf üzərinə hücuma keçdi. O, 7 ay müddətində şəhəri mühasirəyə aldı. Nəticədə 1462-ci ilin iyun ayında qala ələ keçirildi, Əyyubi bəylərinin bir çoxu qətlə yetirildi və bütün ərazi Sultan Xəlilin mülkünə daxil edildi.
Uzun Həsən xəstələdikdən sonra taxt uğrunda vərəsəlik problemləri başlamış, Ağqoyunlu sarayında qruplaşmalar meydana gəlmişdi. Sarayda ən güclü qruplaşma Uzun Həsənin ilk xanımı Səcuqşah Bəyimin ətrafında toplanmışdı. O Sultan Xəlilin taxta çıxması üçün mübarizəyə başlamışdı.Onun qarşısımda isə Uzun Həsənin digər xanımları Dövlətşah Bəyim ilə Despinə Xatun dayanmışdı.Bu xanımlar digər taxt namizədləri Uğurlu Məhəmməd və Maqsud Mirzənin anaları idi.
Uzun Həsən 1476-cı ilin qış aylarında Sultan Xəlili vəliəhd təyin edib Gürcüstan üzərinə hərbi səfərə hazırlaşdı. Bu səfər zamanı baş vermiş çətinliklər, soyuq hava şəraiti Uzun Həsənin xəstələnməsinə gətirib çıxardı. Bu xəbəri eşidən Səlcuqşah Bəyim tez bir zamanda oğlu Sultan Xəlili Şirazdan Təbrizə, Ağqoyunlu sarayına çağırdı.
Sultan Xəlilin vəliəhd təyin edilməsi barədə məlumatlar müxtəlifdir. Həsən bəy Rumlu bu barədə yazır: Bu sətirlərin müəllifi bəzi adamlardan belə eşitmişdir ki, Uğurlu Məhəmmədin başını Həsən padşahın yanına gətirdikləri zaman Həsən padşah xəstə idi.Onun xətrinə çox ağır gəldi və dedi ki, “əgər bu xəstəlikdən xilas olsam, onu qətl edənlərdən intiqam alacam”. Səlcuqşah Bəyim xanım bu sözdən qorxub onu boğdurdu. Amma “Tarixi-aləmara”da yazılıb ki, Həsən padşah xəstəlik vaxtında o zaman Şirazda vali olan ən yetkin oğlu Sultan Xəlili çağırmış və səltənət işini ona həvalə etmişdi.O zaman onun oğullarından beş şahzadə həyatda idi: Sultan Xəlil, Maqsud bəy,Yaqub bəy,Yusif bəy və Məsih Mirzə.
Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin daxili zəifliyi dərhal üzə çıxdı.Sultan Xəlilin qısa hakimiyyəti 6 aydan az çəkdi.Hakimiyyəti ələ keçirmiş Sultan Xəlil qardaşlarına qarşı qarşı mübarizəyə girişdi. Hakimiyyətə gəldikdən sonra Diyarbəkiri qardaşı Sultan Yaquba verdi və Süleyman bəy Bicanoğlunu onun lələsi təyin etdi.
Sultan Xəlil taxta çıxar-çıxmaz 20 yaşlı qardaşı Maqsud Mirzəni edam etdirdi.Bu hadisə Ağqoyunlu sülaləsi daxilində ilk qardaş qətli hesab edilir.
Sultan Xəlil ən güclü rəqibi qardaşı Yaqubu və Yusifi, anası Səlcuqşah Bəyimi,Süleyman bəy və Bayandur bəyi,Sultan Yaqubun müəllimi Qazi İsa ibn Şükrüllah Savəçi ilə birlikdə Diyarbəkirə göndərməklə öz hakimiyyəti üçün təhlükəni aradan qaldırmaq niyyətində idi.
Onun hakimiyyətinə ilk müxaliflik Cahangirilərdən baş verdi.1478-ci ilin may ayında Sultan Xəlilin Savədəki hakimi Murad ibn Cahangir Bayanduri və bəzi əmirlər Təbriz hakimiyyətinə qarşı üsyan qaldırdı.Tərəflər ilk dəfə Sultaniyyə ətrafında bir ərazidə qarşı-qarşıya gəlmiş, Mənsur bəy Pornək rəhbərliyində Ağqoyunlu qoşunu məğlub edilmişdi. Ordusunun məğlub olması xəbərini eşidən Sultan Xəlil özü döyüş meydanına atıldı. O çoxlu ordu ilə Miyanəyə yola düşdü.Sultan Xəlilin gəlişini eşidən Murad bəy isə müqavimət göstərməyi lazım bilməyərək Azərbaycanın Savə şəhərini tərk edərək yaxınlıqdakı Firuzkuh qalasına qaçdı.
Sultan Xəlil, Osman bəy Miranşahini o pis yolun yolçusunu dəf etmək üçün göndərdi. Osman bəyin o hüduda gəlişindən sonra o qalanın hakimi olan rəzil Hüseyn Kiya onun qoşunlarının qorxusundan Murad bəyi və onun yanında olan bir neçə əmiri tutaraq Osman bəyə təhvil verdi. Sözügedən ilin rəbiüləvvəl ayının 14-də (15.06.1478) onların boynunu vurub başlarını Sultan Xəlilin məclisinə apardılar. Muradsız sultan, Muradın muradına çata bilməməsini özünün muradına hasil olmasının səbəbi bilib, tam arxayınlıqla oturmuşdu ki, İbrahim bəy Cahangirinin müxalifliyi haqqında xəbər gəldi.
İbrahim bəy bu zaman Kuhbənandan və Sircan ətrafından qoşun toplayıb Babək şəhərinə yönəlmişdi.O ilk əvvəl Şirazı ələ keçirmək məqsədilə Sircana üz tutdu.Burada Şiraz əmirinə məktub yazaraq bildirdi ki, bu hücumun səbəbi taxılın baha olmasıdır.Əmir bu məktubu oxuyub onun istəyi üzrə taxıl göndərdi. Lakin o bundan sonra yenidən Şiraza hücum etmək qərarına gəldi. Lakin çox keçmədən Şiraz əmiri tərəfindən məğlubiyyətə uğradılıb qaçmağa üz tutdu.Sultan Xəlil onun qaçdığını xəbər tutub,ona qəsd etmək üçün ətrafdan və yan-yörədən qoşunlar göndərdi və onlar onu qəflətən tutaraq əsir götürdülər.Sultan Xəlil onun edam edilməsini əmr etsə də, bu zaman Sultan Yaqub və Süleyman bəyin Diyarbəkir əmiri və böyük bir ordu ilə yaxınlaşdığını eşitdi.Beləliklə İbrahim bəy cəzalandırılmadı.
Sultan Xəlil dövründə Ağqoyunlu-Osmanlı münasibətlərinə toxunmuş türk tarixçiləri yazırlar ki, Uzun Həsənin ölümündən sonra onun yerinə keçmiş oğlu Sultan Xəlil dostluğu yenidən qurmaq məqsədilə Qazi Əlaəddin Beyhəqini İstanbula göndərmiş və hər iki dövlət arasında dostluq əlaqələri yaradılmışdı.Bu faktı mənbələr də təsdiq edir.Fəzlullah ibn Ruzbihan Xunci qeyd edir ki, Sultan Xəlil Sultan II Mehmedə padşahın ölüm xəbərini çatdırmaq və dostluğu bərpa etmək məqsədi ilə özünün divan başçısı olan Qazi Əlaəddin Beyhəqini İstanbula göndərmişdi.Həsən bəy Rumlu da Sultan Xəlilin Osmanlı dövləti ilə münasibətləri yaxşılaşdırmaq məqsədilə oraya elçi heyəti göndərdiyini yazır.Məhəmməd Nəşrinin verdiyi məlumatlara əsaslanan Yılmaz Öztuna Ağqoyunlularla-Osmanlılar arasında dostluq münasibətləri yaradılması səbəblərini səciyyələndirərək belə bir nəticəyə gəlir ki, Uzun Həsən ölərkən vəsiyyət etdi ki, özündən sonra nəslindən padşah olanlar heç zaman “Osmanlılarla müharibə etməsinlər”.
Qərbdə qardaşı Sultan Yaqubun başlatdığı mərkəzi dövlət hakimiyyətinə qarşı üsyan Sultan Xəlil hakimiyyəti üçün təhlükə yaradırdı.Onun təşkilatçısı doğma anası Səlcuqşah Bəyim, Qazi İsa, Bayandur və Süleyman bəy, güc mərkəzinin Azərbaycan, Əcəm-İraqı və Fars ərazisindəki Ağqoyunlu boylarına keçməsi ilə ikinci plana keçən Şərqi Anadolunun narazı Ağqoyunlu Türkman hərbi elitasını təhrik edirdilər.Sultan Yaqubun ordusu Bayramlu, Çaxurlu, Çəpni, Duharlu, Mosullu və Pornəkin daxil olduğu Ağqoyunlu tayfalarının bir hissəsindən təşkil olunmuşdu.Sultan Xəlilə qarşı hərəkatda Anadolu tayfalarından İsfəndiyarilər, Karamanlılar və Zülqədərlər də iştirak edirdi.
Sultan Yaqub rəhbərliyindəki hərbi birliklər nə qədər güclü olsalar da Sultan Xəlilin sayca çox və peşəkar qoşunu qarşısında üstünlük yarada bilməmişdi.Buna baxmayaraq Sultan Yaqub rəhbərliyindəki qüvvələrlə hərəkətə başladı.Rumlu yazır ki, Səlcuqşah Bəyim oğlunun müxaliflik fəaliyyətindən xəbər tutduqda onu bu fikrindən daşındırıb, digər doğma oğlu Sultan Xəlilin hüzuruna elçi göndərərək itaət, tabelik və üzr istəməsini məsləhət gördü.Sözü gedən xəbərləri çatdırmaq üçün Hacı bəy Mosullunu Sultan Xəlilin sarayına göndərdilər.Elçinin göndərilməsindən sonra Vəfa Bakavul Təbrizdən Sultan Yaqubun yanına gələrək ona səhv xəbərlər çatdırdı.Onun verdiyi məlumata görə guya Sultan Xəlil Murad bəyin qoşunları qarşısında ağır məğlubiyyətə uğradılmışdır. Bu xəbəri eşidən Sultan Yaqub dərhal qoşunlarını toplayaraq Təbrizə doğru hərəkətə başladı. O, Fərat sahilinə çatdıqda xəbər tutdu ki, Murad bəy sultanın qarşısından qaçaraq, Firuzkuha sığınıb. Bu xəbərdən sarsılan Sultan Yaqub yaxınlarını toplayaraq məşvərət etdi və hərəkətə davam etməyə qərar verdi.Bir neçə gündən sonra xəbəər gəldi ki, Sultan Xəlil Sultan Yaqubun müxalifliyindən xəbər tutub və o da Təbrizə doğru sürətli yürüşə başlayıb.Sultan Yaqub bu xəbəri eşitdikdən sonra Süleyman bəy, Ömər bəy Cağirlü, İsgəndər bəy və Piltən kimi bəzi əmirlərlə, beş min əsgəri qabaqcadan yola saldı.Süleyman bəy ona verilmiş qoşunla Sarısudan təcili surətdə yoxa çıxıb,Sökmənabad yolundan keçərək Xoy çayı sahilinə yetişdi.Onun ardınca Sultan Yaqub Sökmənabada gəldi.15 iyul 1478-ci ildə tərəflər Təbriz yaxınlığında Xoy körpüsü adlanan yerdə qarşı-qarşıya gəldilər. Orduların düzülüşü barədə ətraflı məlumat “Əhsən ət-Təvarix” əsərində öz əksini tapır: “O gün, sözügedən ilin rəbiüləvvəl ayının 14-də (15.06.1478) iki tərəf savaş niyyəti və ad –san təlaşı ilə bir-birinin qarşısına döyüş səfi çəkdilər.Yaqub padşahın sağ cinahı Süleyman bəy Bicanoğlu, Bayram bəy Bayramlu,İsgəndər bəy Piltənin,Mahmud bəyin və digər əmirlərin və igidlərin vücudu ilə qüvvətləndi. Onun sol cinahı, Bayandur bəyin, Həsən Ağa Çələbioğlunun və Maqsud bəyin şücaət meydanına çevrildi.Məngəlayda Ömər bəy Cağirlü,Mənsur bəy Çəgəni, Yusif bəy, Xurşid bəy və Cəmşid bəyin övladları kinli igidlərdən ibarət qələbəlik bir dəstə ilə qərar tutdular.O tərəfdən Sultan Xəlil də mərkəzi və cinahları tərtib edib sultanlıq döyüşünə üz qoydu”.
Başlanğıcda savaş Sultan Xəlilin lehinə gedirdi, lakin Sultan Yaqubun Bayadur rəhbərliyindəki sol qanadının ani intihar hücumu Sultan Xəlilin birliklərinin əsas gövdəsi ilə əlaqəsini kəsdi.Onun qüvvələri mühasirəyə alınaraq dağıdıldı. Əsgərlərin təlaş içində qaçması üsyançıların qarşısında paytaxta gedən yolu açdı. Bayandur və Süleyman bəy qalib Sultan Yaqubu Təbrizə doğru irəlilətdilər və gənc namizədləri Sultan Yaqubu Uzun Həsənin taxtına oturtdular.Baş verən savaşda Sultan Xəlil öldürüldü.Qardaşı Sultan Yaqubun əmri ilə tikə-tikə edildi.
Sultan Xəlil Ağqoyunlu dövlətinin II Sultanı 6 yanvar 1478-15 iyun 1478 olmuşdu.O, təcrübəsiz olduğundan məmləkəti yanlış idarə etdi və dövlət adamlarını özündən uzaqlaşdırdı.Əmizadəsi Murad bəy Sultaniyyənti zəbt etdisə də Sultan Xəlilin onun qarşısına ordu göndərdiyi xəbəri aldığından, Firuzkuh qalasına qaçdı.Lakin burada tutulub padşaha təslim ediləndən sonra qətl edildi.
Ağqoyunlu dövlət əmirləri Diyarbəkirdə vali olan Sultan Yaqubu qardaşı Sultan Xəlil üzərinə təhrik etdilər.İki qardaş arasında baş verən dəhşətli bir müharibədə Sultan Xəlil qətl edilərək, Azərbaycanda hakimiyyətinə son verildi.
Mənbələrdə Sultan Xəlilin adı çəkilməyən xanımdan iki övladı olması barədə məlumatlar var. Onlar aşağıdakılardır:
Əli Mirzə (Əbül Məali Əli Mirzə)
Əlvənd Mirzə
Ardı var