XX əsrin birinci yarısında Güney Azərbaycanda siyasi-fəlsəfi ideyalar


Faiq Ələkbərli,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının
fəlsəfi dikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

I Yazı

XX əsrin birinci yarısında yaşayıb yaratmış Güney Azərbaycan Türk mütəfəkkirlərinin fəlsəfi və sosial-siyasi dünyagörüşləri daha çox üç istiqamətdə: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya­lar; 2) Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar; 3) İslam fəlsəfəsi və islamçılıq ideyaları üzrə inkişaf etmişdir. Əlbəttə, bu bir nisbi böl­güdür, çünki həmin ideyaların hər biri az və ya çox dərəcədə bütün mütəfəkkirlərə öz təsirini göstərmişdir. Sadəcə, burada söhbət başlıca meyillərdən və müəyyən dərəcədə fərqli baxışlardan gedir.

Güney Azərbaycan Türk mütəfəkkirləri arasında sosial-fəlsəfi ideyaların sintezindən çıxış edənlər Şeyx Məhəmməd Xiyabani, Tağı Rüfət, Seyid Cəfər Pişəvəri, Firudin İbrahimi, Məhəmməd Biriya və başqaları olmuş­lar. Onların dünyagörüşlərinə görə, hazırki dönəmdə ən yaxşı variant sosial-demokrat (qismən də liberal demokrat) prinsiplərin­dən mümkün olduğu qədər yararlan­maq, həmin ideyaları milli özünəməxsuluqlarla bütünləş­dirmək idi. Bu baxımdan onlar türkçülük və islamçılıq ideyalarına çox da meyil göstərməmiş, milliliyi daha çox azərbaycançılıq (Azərbaycan milləti, Azərbaycan dili) kimi, islamçılığı da dünyəvilik prinsipləri çərçivəsində qəbul etmişlər.

Bir sözlə onlar bir tərəfdən, XX əsrdə dünyaca məşhur sosial-demokratiyanın, liberal demo­kratiyanın bir çox prinsiplərini qəbul edib onu həyata keçirməyə çalışdıqları halda, digər tərəfdən həmin ideyalarla milli-dini ideylar arasında oxşar tərfələri tapmaq idi. Bu anlamda onları əsasən sosial-demokratiya, müəyyən qədər də liberal-demokratiya cərəyanlarının tərəfdarı olmaqla yanaşı, milli-demokratlar kimi də qəbul etmək olar. Onlardan Şeyx Məhəmməd Xiyabani, Əli Müsyö Təbrizi, Heydərxan Əmioğlu, Səid Səlmasi, Tağı Rüfət, Seyid Cəfər Pişəvəri, Firudin İbrahimi, Məhəmməd Biriya və başqalarını xüsusilə qeyd etmək lazımdır.

Güney Azərbaycan milli liberalizmin təşəkkülü Şeyx Məhəmməd Xiyabaninin adı ilə bağlıdır. O, gənc yaşlarından sosial-demokrat, liberal-demokrat ideyalarına meyil göstərmiş, məşrutə hərəkatında yaxından iştirak etmişdir. Xiyabani Sovet Rusiyası qurulduqdan (1917) müəyyən bir müddət sonra, yəni onların zaman-zaman əsil simalarını gör­məklə bolşevik sosial-demokratiyasını tənqid etmiş, daha çox milli-demokratik və liberal-demokratik ideyalardan çıxış etmişdir. Bütün hallarda Xiyabani milli-mənəvi dəyərlərlə sosial-demokrat, liberal-demokrat ideyaların uzlaşdırlmasında yana olmuşdur.

1917-ci ildən etibarən “Təcəddüd” (“Yeniləşmə”) qəzetində azadlıq, bərabərlik və ədalət ideyalarını təbliğ edən Xiyabani hesab edirdi ki, müsəlmanlar müasir dünyada yeni mədəniyyət yaratmaq, heç olmazsa istər-istəməz meydana gələcək bir mədəniyyətin yaranmasında fəal iştirak etməlidirlər. Onun “Yeniləşmə” fəlsəfəsinə görə, yeni bir mədəniyyətin yaranmasıında hər kəsin öz layiqli borcunu yerinə yetirmək üçün iki əsas işdə səy göstərməsi zəruridir: bunlardan biri ağıl və təfəkkür, digəri isə səbat və həmrəylikdir. Əslində buradakı “Təcəddüd” (“Yeniləşmə”) fəlsəfəsi Avropadakı liberalizmlə bir çox cəhətlərinə görə üst-üstə düşsə də, milli özünəməxsusluğu ilə fərqlənirdi. Bunu nəzərdə tutaraq Xiyabani yazırdı ki, İslam dünyasında “Təcəddüd” məsləki siyasi dildə çox vaxt “liberalizm” kəlməsi kimi istifadə olunsa da, ancaq bu, Avropa liberalizmini təqlid etmək anlamına gəlməməlidir[1, s. 117].

Deməli, Xiyabani bir tərəfdən Avropa mədəniyyətinin, Avropa fəlsəfəsinin müsbət tərəflərini görür, onun öyrənilməsinin vacibliyini dərk edir, ancaq digər tərəfdən milli-dini mədəniyyətə əsaslanmaqla yeniləşməni vacib hesab etmişdir. Bu da, o anlama gəlir ki, Xiyabani bütün hallarda yeniləşmənin milli-dini dəyərlər əsasında olmasının daha doğru olacağına inanmışdır. Hər halda, Xiyabaninin dövründə yaşamış bir çox çağdaşları həddən artıq, ifrat şəkildə Avropa ya da Qərb mədəniyyətinə üz tutmaqla öz cəmiyyətlərinə xeyirdən daha çox zərər vermişlər. Bizcə, Xiyabaninin Avropa mədəniyyətinə bu cür yanaşması tamamilə doğru olmaqla yanaşı, eyni zamanda onun “Təcəddüd” fəlsəfəsi – milli liberalizm dövrün məntiqinə də xeyli dərəcədə uyğun olmuşdur.

Bizcə, Xiyabaninin bir müdrik filosof kimi düşüncələrində Qərbin fəlsəfəsi ilə üst-üstə düşən gələcəyə real bir inamla yanaşı, həm də həmin inamı gerçəkləşdirə biləcək milli-dini dəyərlərə əsaslanan məntiqli bir təfəkkür var idi. Bu baxımdan “Təcəddüd” fəlsəfəsində artıq son əsrlərdə Şərqin, o cümlədən İslam Şərqinin üzərinə çökmüş “qorxu” anlayışına yer yoxdur, bunun əvəzində cəsarətlilik, inamlılıq ön plandadır. Başqa sözlə, bu yeniləşmə fəlsəfəsində həm bu günə, həm də gələcəyə münasibətdə qorxunu dəf edib, ancaq cəsarəti tutmaq vacibdir. Xiyabaniyə görə, qorxuya yenilmiş insanın, ya da xalqın gələcəyi və gələcəklə bağlı ümidləri də ola bilməz. Doğrudan da, son əsrlərdə İslam Şərqi cəmiyyətlərinin əsas problemi də məhz sxolastik ehkamlarla hökm sürən din qorxusu olmuşdu [1, s.131].

Bizcə də, bir millətin, ya da xalqın çöküşünün, özünə inamsızlığın əsasında “qorxu” instinkti dayanır. Daha doğrusu, artıq “qorxu” hər hansı cəmiyyətin şüuruna hökmran kəslincə, zamanla da bir stereotip halına gələrək instinkt halına çevrilir. Artıq həmin cəmiyyətdə ən kiçicik bir islahat, yeniləşmə istəyi belə, çox böyük bir təhlükə hesab edilir. Belə olduğu təqdirdə də, həmin cəmiyyətlər onu idarə edənlərin, yaxud da xarici qüvvəllərin asanlıqla istismarına çevrilirlər. Bu anlamda Xiyabani çox doğru yazırdı ki, qorxu insanlar kimi, xalqların da qul olmasının başlıca səbəblərindən biridir. Üstəlik, qorxu təkcə siyasi köləliyə səbəb olmur, eyni zamanda ziyanverici və fəlakətli hadisələrin meydana gəlməsinə də kömək edir. Xiyabani yazırdı: “Beləliklə, qorxaq adam hədə, zor qarşısında özünü itirir, çaşır və hüququndan belə əl çəkir, ən müqəddəs varlığından məhrum olur, habelə bu iyrənc qorxunun uğursuz təsiri nəticəsində qorxağın bədənindəki müqavimət qüvvələri də azalaraq hər cür xəstəliklərin hücumuna, yoluxmasına imkan yaranır. Mikroblar gündən günə canlanır, güclənir və qorxağın sağlamlığının məhv və həlak olmasına səbəb olur” [1, s.131].

Deməli, ayrı ayrı fərdlərin içini bürüyən qorxu, daha sonra müyyən sosial qrupları və sonunda da bütövlükdə cəmiyyəti bürüyür. Şübhəsiz, cəmiyyətin içini bürüyən “qorxu” hissi fəlakət olmasa da, ancaq fəlakətin xəbərçisidir. Bu anlamda Xiyabani də çox doğru yazırdı ki, ayrı-ayrı fərdləri sarıyan qorxu bilavasitə fəlakətin səbəbi olmasa da, fəlakətdən törənən nəticələrin daha da gərginləşməsində çox böyük rol oynayır [1, s.131-132]. Bu, o anlama gəlir ki, “qorxu” insana iki: 1) mənəvi, 2) maddi tərəflərdən təsir göstərməklə onun dirəniş gücünü də qırır. Başqa sözlə, insan həm mənəvi anlamda, həm də fiziki anlamda “qorxu”nun əsiri olaraq yeniləşməyə meyilli olmur. Ayrı-ayrı fərdlərin içində hökm sürən “qorxu” bütövlükdə cəmiyyətin də yeniləşməsinin qarşısını alır. Bununla da mənəvi və maddi anlamda “qorxu”ya əsir düşən cəmiyyət nəinki yeniləşməyə meyil edir, üstəlik də gerilik içində tənəzzülə uğramağa davam edir. Şübhəsiz, “qorxu”nu dəf etməyin əsas çarəsi isə “cəsarət”liklə bağlıdır və yalnız onun sayəsində cəmiyyət yeniləşməyə qadir olur. Xiyabani də iddia edirdi ki, qorxu inkişaf, təkamül və yeniliyin qabağını alan ən böyük mane, bəşəriyyətin düşmənidirsə, cəsarət isə tam əksinə insanlıq üçün var olmaq deməkdir: “Qorxu deyilən bu uğursuz hiss bəşəriyyətin şərəf, heysiyyət, mənlik və mərdlik kimi nəcib hislərini təhlükəyə salır. “Qorxu” olan yerdə insan qabiliyyət və məziyyətdən məhrum olur. İnsan adını daşımaq və insaniyyət şərəfinə malik olmaq istəyən şəxs qorxmamalıdır. “Qorxmamaq”, bu bəşəriyyət aləmində mövcud olan şərəf və heysiyyəti qorumaq üçün bir vasitədir. Lakin təkcə qorxmamaq kifayət etməz, bundan əlavə cəsarətli, qoçaq və ürəkli də olmaq lazımdır. Qorxunun əskinə olaraq cəsarət ancaq ağıl və igidlik silahı ilə silahlanmış və uzaqgörənlik hissi ilə aşılanmış cəsarət, çoşqun və fədakar bir qoçaqlıq millətlərə nicat verə bilər” [1, s.132].

Xiyabani yazırdı ki, qorxu milliyyət, azadlıq və bəşəriyyətin əsaslarını pozduğu halda, cəsarətlilik, igidlik həmin əsasları möhkəmləndirir, sarsılmaz edir, qoruyur. Xiyabaniyə görə, qorxu kimi cəsarətlilik ya da igidlik də iki cürdür: maddi igidlik və mənəvi igidlik. O, yazırdı: “Maddi igidlik təhlükə və xəbər qarşısında soyuqqanlıqdan ibarətdir ki, onun ən yüksək dərəcəsi “ölümə qarşı” etinasız olmaqdır. Çünki ən böyük təhlükə ölümdür və heç kim ölümlə iki dəfə qarşı-qarşıya gəlməyəcəkdir. Maddi igidlik elə bir həqiqətdir ki, onu mənimsəmək mümkündür... Qorxaq bir əsgər müharibə meydanında on dəfə qəhrəmanlıq göstərsə, cəsarətlənə bilər. Qorxmaz əsgər isə daha cəsarətli olar. Maddi igidliyi təmrin etmək (yəni ölümə alışdırmaq) bədənimizi sükunət və mətanətə, daimi aramlığa öyrədər” [1, s.132-133]. Deməli, qorxuya qarşı ən ciddi mübarizə cəsarətlilik, igidliklə əlaqəli olub, onu dəf etməyin əsas çarəsi də bununla bağlıdır. Bunu yaxşı anlayan Xiyabani mənəvi və maddi qorxuya qarşı da, mənəvi və maddi cəsarətliliyi irəli sürürdü. Xiyabaniyə görə, mənəvi igidlk isə insanın öz ehtiraslarına hakim olmaq və onları özünə tabe edə bilməyindən ibarətdir. Başqa sözlə, ehtirasına, hissiyyatına, ümumiyyətlə nəfsinə qapılmayan insan cəsarətli və igid adamdır. Bu o anlama da gəlir ki, mənəvi qorxunu dəf etməyin ən əsas çarəsi də, nəfsinə güc gəlib onu yenməkdir [1, s.133].


MANŞET XƏBƏRLƏRİ