Dəməşqə hücum, Trampdan XƏBƏRDARLIQ: İsrail və Türkiyə üz-üzə gəlir? - ŞƏRH


Son günlər İsrailin Suriyaya hücumları intensivləşib. İsrail ordusu Dəməşqə, o cümlədən Prezident Sarayına, Müdafiə Nazirliyinə və Baş Qərargaha birbaşa hava zərbələri endirib.

Birləşmiş Ştatlar Senatının üzvü Marko Rubio bu gün verdiyi açıqlamada bildirib ki, ABŞ İsrailin Suriyaya yönəltdiyi hücumlardan ciddi şəkildə narahatdır. Onun sözlərinə görə, Vaşinqton İsrailə bu hücumları dayandırmaqla bağlı açıq mesaj verib.

Maraqlıdır görəsən, ABŞ-ın bu tələbi ilə İsrail Suriyaya hücumlarını tamamilə dayandıracaqmı? Suriyaya görə İsrail-Türkiyə qarşıdurması mümkündürmü? Turkustan.az olaraq bu suallarımızı politoloq Əli Zülfüqaroğluna ünvanladıq.

Xalq cəbhəsi

Əli Zülfüqaroğlu

İsrail Suriyanın keçid hökumətinin legitimliyinin beynəlxalq aləmdə getdikcə daha çox tanınmasından narahatdır. Bu səbəbdən maksimum çalışır ki, Suriya ilə İsrail arasındakı gərginlik davam etsin və bu ölkənin genişlənmə planlarına hər hansı maneə yaranmasın.

İsrail hesab edir ki, Türkiyə ilə Suriya arasında münasibətlərin inkişafı gələcəkdə hərbi ittifaqın formalaşması perspektivini yaradır. İsrail bunu özü üçün ciddi təhlükə hesab edir. Çünki Türkiyə İsrailin Suriyadakı işğal siyasətinə göz yummayacaq. Eyni zamanda, Suriya rəhbərliyi ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edir və bu məsələ ilə bağlı hər hansı güzəştə getmək niyyətində deyil.

İsrail narahatdır ki, əgər Türkiyə ordusu Suriyada möhkəmlənərsə, o zaman İsrailin genişlənmə siyasəti bloklana bilər və bu da ölkənin xarici siyasətində uğursuzluqlara gətirib çıxarar. Bu kontekstdə Birləşmiş Ştatlarla Türkiyə arasında Suriya ilə bağlı hər hansı razılaşma İsrail hökumətini ciddi şəkildə narahat edir. Suriyanın keçid hökumətinin başçısı Şaranın müxtəlif ölkələrə etdiyi rəsmi səfərlər, onun beynəlxalq aləmdə legitim lider kimi qəbul edilməyə başlandığını göstərir.

Əgər Suriyanın yeni hökuməti güclənərsə və digər dövlətlərlə diplomatik münasibətlər qurmağa davam edərsə, bu, ölkənin hərbi potensialının artmasına şərait yardacaq. Xüsusilə də, Türkiyənin bu sahədə böyük potensiala sahib olduğu nəzərə alınmalıdır.

Digər tərəfdən, Netanyahu hökuməti ölkə daxilində çox ciddi bir mərhələyə qədəm qoyur. Bu hökumətin parçalanma ehtimalı getdikcə artır. Baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamları və Qəzzaya qarşı uğursuz hərbi əməliyyatları onun nüfuzuna ciddi zərbə vurub. İsrailin İrana qarşı son hücumu da qalib lider imici yaratmaq məqsədi daşıyırdı. Lakin bu cəhdin də nəticəsiz qaldığı görünür. İsrail daxilində Netanyahunun siyasətinə qarşı etirazlar getdikcə artır.

Netanyahu paralel şəkildə həm daxili, həm də xarici siyasətdə öz planlarını həyata keçirməyə çalışır. Ona görə də bu hücumların Yaxın Şərqdə yeni və ciddi gərginliklərə yol aça biləcəyi ehtimalı yüksəkdir.

Görünən odur ki, Türkiyə bu proseslərə səssiz qalmayacaq. İlk mərhələdə diplomatik yollarla, o cümlədən ABŞ-la danışıqlar vasitəsilə vəziyyəti tənzimləməyə çalışacaq. Əgər bu cəhdlər nəticəsiz qalarsa, Türkiyə ilə İsrail arasında hərbi toqquşma riski meydana çıxacaq. Belə bir hal baş verərsə, İsrail fəlakətlə üz-üzə qala bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ