Melaniya Ukrayna münaqişəsində neytral mövqedədir.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampın Ukrayna münaqişəsinə neytral yanaşdığını bildirib.
“O, çox neytraldır. O, insanların ölməsini istəmir və bunun tezliklə dayanmasını arzulayır”, – Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ağ Evin rəhbəri əlavə edib ki, onun mövqeyi həyat yoldaşının fikri ilə üst-üstə düşür: “Bəziləri deyir ki, siz bir tərəfin tərəfindəsiniz. Amma mən insanların ölməsini istəməyənlərin tərəfindəyəm”.
Bundan əvvəl Britaniyanın The Times nəşri Melaniya Trampın ərinin Ukraynaya silah tədarükünü bərpa etmək qərarına təsir göstərdiyini yazmışdı. İyulun 14-də Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcək. Prosesə NATO-nun rəhbərlik edəcəyi qeyd olunub.
CNN telekanalı isə mənbələrə istinadən bildirib ki, ABŞ Ukraynaya “Patriot” sistemlərindən əlavə, yaxın mənzilli raketlər və haubitsalar üçün sursatları da göndərmək üçün əvvəlcə bu silahları NATO ölkələrinə ötürə bilər.
Aytən Yaşar/ Turkustan.az