ABŞ-ın iyunun 22-də İranın nüvə obyektlərinə hücumları Tehranda ölkənin gələcəyi və Ali rəhbər Əli Xameneinin hakimiyyətdə qalıb-qalmaması ilə bağlı açıq müzakirələri daha da gücləndirib.
Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “The Atlantic” məlumatları mənbələrə istinadla yazıb.
ABŞ-ın müdaxiləsindən bir neçə gün əvvəl müzakirələrdə iştirak edən iki mənbə bildirib ki, bir qrup iranlı iş adamı, siyasi-hərbi və yüksək rütbəli din xadimləri İranı Xameneisiz idarə etmək planı hazırlamağa başlayıblar.
“Plan istər 86 yaşlı liderin ölümü, istərsə də vəzifəsindən kənarlaşdırılması ehtimalı ilə hazırlanır”, – mənbə qeyd edib.
İran Konstitusiyasına görə, 88 din xadimindən ibarət olan Ekspertlər Şurası Əli Xameneini vəzifədən kənarlaşdırmaq üçün səs verməlidir, amma indiki şəraitdə belə bir səsvermənin təşkili mümkün deyil. İran mənbələrinin dediklərinə görə, lider qeyri-rəsmi şəkildə də kənarlaşdırıla bilər, məsələn, ətrafı ona təzyiq edərək və ya hakimiyyəti müvəqqəti əvəzləyiciyə təhvil verməyə inandırılaraq.
Nəşrin iddiasına görə, plan müəllifləri bir neçə yüksək vəzifəli məmurdan ibarət rəhbərlik komitəsinin liderləri hakimiyyəti ələ keçirmək və İsrailin hücumlarını dayandırmaq üçün ABŞ ilə razılaşma əldə etmək barədə anlaşıb.
Təfərrüatlar arasında müzakirələrdə iştirak etməyən keçmiş prezident Həsən Ruhaninin rəhbərlik komitəsində əsas rola malik olması və bəzi müvafiq hərbi rəsmilərin böyük dövlətlərdən olan həmkarları ilə müntəzəm təmas qurması, İranın kursu və hakimiyyətin tərkibinin dəyişdirilməsi üçün dəstək axtarması kimi məsələlər də var.
Danışıqlarda iştirak edən şəxslərdən biri “Atlantic”ə söyləyib: “Onlar avropalılarla İranın gələcəyi ilə bağlı danışırlar. Hamı bilir ki, Xameneinin vaxtı bitib. Vəzifəsində qalsa belə, real gücü olmayacaq”.